NUHÇIXAN “Günün şeiri” rubrikasında 26 il ermənilərin nəzarətində qalan Şərur rayonunun Günnüt kəndinin azad olunması münasibəti ilə şair İbrahim Yusifoğlunun bu günlərdə qələmə aldığı “Günnütüm” şeirini təqdim edir.
Salam, Oğuz eli, Vətən torpağı,
Salam, Dədə Qorqud gəzən Günnütüm.
Düşmən caynağında qalan çağları,
Halı qəlbimizi üzən Günnütüm.
Sən türk torpağısan, türk dillisən sən,
Babam Xətainin sevdiyi yersən,
“Koroğlu” zağalı tarixsən, sirsən-
Həm dağlı, təpəli, düzən Günnütüm.
Ömrün şən nəğməli gənclik illəri,
Dərdik qoynundakı əlvan gülləri.
“Başbulaq” başında atıb dərd-səri-
Süfrəyə bal, qaymaq düzən Günnütüm.
Gəlmişik, sarılaq bu gün boynuna,
Gəlmişik, son qoyaq namərd oynuna,
Kövrəlmə, yaxşı bax coşan qoynuna,
Nəvələr əl tutub süzən Günnütüm.
Əsgər oğulların “Qızılqaya”da,
Baxırlar Arpaya, Arpaçaya da,
Düşmən gizlənsə də hində, tayada,
Dinərsə olacaq süzən, Günnütüm.
Küskün taleyinlə barışacaqsan,
Doğma el-obana qarışacaqsan,
Cocuq-Mərcanlıyla yarışacaqsan-
Milli naxışlarla bəzən, Günnütüm.
...Salam, Naxçıvanın əzəl torpağı,
Salam, Xan çinarın solmaz yarpağı,
Ən uca zirvəndə Vətən bayrağı-
Düşməni köksündən əzən Günnütüm,
Qeyrəti dillərdə gəzən Günnütüm.