Ötən il muxtar respublikada 126 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda xidmətin rəisi Bəxtiyar İsmayılov bildirib ki, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər müəssisələrin yerli məhsullarla təmin edilməsinə, alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılmasına diqqət artırılıb.

Məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların keyfiyyət göstəricilərinin yoxlanıldığı və müvafiq məhsulların sertifikatlaşdırıldığı da qeyd olunub. Məktəbli yarmarkalarında satışa çıxarılan dərs ləvazimatlarının, məktəbli formalarının, çantalarının və digər məhsulların keyfiyyətinə nəzarət üzrə monitorinqlərin aparıldığı da bildirilib.

Bəxtiyar İsmayılov 2019-cu il ərzində müvafiq komissiya tərəfindən 134 təsərrüfat subyektində 1040 nəfərin tibbi müayinələri ilə bağlı monitorinqlər aparıldığına diqqət çəkib, sahibkarlarla işgüzar görüşdə yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarətin artırıldığını bildirib.

İclasda 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər də təhlil olunub. Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə bu sahədə iş planı hazırlanıb və buna uyğun olaraq işlər həyata keçirilib. Ötən il ümumilikdə 3274 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 126 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər texniki tənzimləmə və standartlaşdırma, qida təhlükəsizliyi, sertifikatlaşdırma, patent və metrologiya sahələrinin işi barədə ətraflı məlumat veriblər.

Sonda 2020-ci ilə dair iş planı təsdiq olunub və qərar qəbul edilib.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: