Qara qarağat (Ribes nigrum L.) eyniadlı Ribes L. cinsinin növü olub, kol bitkisi kimi hündürlüyü 1-2 m, gövdəsi düzqalxan və budaqlanandır. Aşağı budaqları demək olar ki, həmişə yerə yatır. Gövdəsi tünd-boz və ya qırmızı-qəhvəyi olub, cavan qabığı sarımtıl-boz rənglidir. Qarağat 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, tez inkişaf edən və bol məhsul verən qiymətli çoxillik meyvə bitkisidir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Yarpaqları növbəli, saplaqlı, uzunluğu 10 sm-ə qədər, əsası ürəkşəkilli, yarpaqlarının yuxarı tərəfi hamar, tutqun, aşağısı isə damarlı və tükcüklü olub, üzəri qızılı xallardan ibarətdir. Çiçəkləri 5-12 ədəd, sallanan fırçalı olub, 5-8 sm-ə bərabərdir. Tacı 5 ləçəklidir. May ayında çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir. Meyvəsi yumru və ya oval formalı olub, rəngi yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı və qara rənglərdə olur. Dadı şirin, bir qədər turşməzə, qabığı nazik və incətüklüdür. Hazırda qarağatın bir çox mədəni sortları yetişdirilmişdir. Rənginə görə qara qarağat (ribes nigrum), qırmızı qarağat (ribes rubrum) və ağ qarağat (ribes aureim) olmaqla, 3 növü məlumdur.
Yabanı halda Qərbi Avropada və Qafqazda rast gəlinir. Azərbaycanda qarağatın 2 növü yabanı halda Lənkəran, Şəki, Zaqatala rayonlarının meşələrində yayılıb. Naxçıvanda həyətyanı sahələrdə də kifayət qədər əkilib becərilir.
Çay sahillərində, rütubətli meşələrdə, çəmənliklərdə, qızılağac cəngəlliklərində və pöhrəliklərdə yayılıb.
Meyvələri quru hava şəraitində tam yetişdikdə toplanılır. Dərman kimi yarpaq, çiçək və digər orqanlarının təkrar toplanılması 3-4 ildən bir aparılır. Çardaqda, dəmir örtüklü yerlərdə, nazik döşənəcəklərdə və ya tənzif üzərində qurudulmalıdır. Xammal əvvəlcə 4-5 saat ərzində 35-40 C temperaturda, sonra isə temperaturu tədricən artıraraq 50-60 C-ə çatdırılmaqla qurudulmalıdır. Qarağat meyvəsi təzə halda yeyilir, mürəbbə, kompot, jele, marmelad, konfet və karamel üçün içlik və şərab hazırlamaq üçün istifadə edilir. Qış üçün qarağat qurudur, sirkəyə qoyulur və əzib şəkərlə 1:2 nisbətinə qarışdırılır.
Quru, havası daimi təzələnən, yerlərdə saxlanılmalı və qablaşdırılmalıdır. Saxlanılma müddəti 2 ildir. Maye və sulu ekstraktının tərkibidə çoxlu polivitaminlər olduğundan avitaminozlar zamanı əvəzsiz hesab edilir. Qarağatdan maddələr mübadiləsi pozğunluqlarında və piylənmə zamanı istifadə olunur. Xalq təbabətində isə böyrək və sidik kisəsi xəstəliyində (pielit, sistit) öd və sidikqovucu vasitə kimi işlədilir. Qan azlığında (anemiya) və dəri xəstəliklərində qarağat yemək faydalıdır. Xroniki qəbzlik zamanı yüngül işlətmə vasitəsi kimi də istifadə oluna bilər.
Qara qarağatın tərkibi C, B1, B6, B9, D, E, K, P, A vitaminləri, üzvi turşular (2%) (limon və alma), pektin, karotinoidlər, şəkər (13,5%) (qlükoza, fruktoza), fosfor turşuları, karotin (1%), tanin maddələr, antosionidlər (sianidin, delfinidin) efir yağları, fosfor, dəmir və kalium duzları ilə zəngindir. Qara qarağatın tərkibində C, E vitaminləri, fitonsidlər, efir yağları, maqnezium, marqan, gümüş, qurğuşun, kükürd mikroelementləri vardır. Təzə dərilmiş qarağat giləmeyvəsi əvəzolumaz vitaminlərlə zəngindir. Bu səbəbdən də avitaminozdan, mədə turşuluğunun az olmasından (hiposekresiya), mədə yarasından (xora), bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qara qarağat yemək çox faydalıdır. Qara qarağat hemoqlobinin miqdarını artırmaq qabiliyyətinə malikdir. Bu məqsədlə 1:1:1 nisbətində şəkər tozu, qara qarağat və qarabaşaq ununu qarışdıraraq bişirmək və az-az yemək lazımdır. Qara qarağatdan orqanizmin tonusunu yüksəltmək, mübadilə prosesini yaxşılaşdırmaq, qanı təmizləmək, qan əmələ gətirmək, iltihab əleyhinə, iştahaçıcı məqsədlə qəbul edilir. Bu giləmeyvə böyrəküstü vəzin, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, şəkərli diabet xəstəliyinin əlamətlərini azaldır, limfa düyünlərində olan xəstəlikləri sağaldır, atereskleroz əlamətlərini aradan qaldırır. Qan təzyiqi, arterial təzyiq, radiasiya zəhərlənmələri zamanı qara qarağatdan istifadə etmək olduqca faydalıdır. Qara qarağat yarpaqlarından dəmlənən çay çox ətirli və dadlı olur. Bu çayın tərkibi isə bioloji aktiv maddələr, tanin maddələri, efir yağları, vitaminlər və fitonsidlərlə zəngindir. Yarpaqlarının tərkibində olan C vitaminin miqdarı giləmeyvələrin tərkibində olan C vitaminin miqdarından çoxdur. Bu səbəbdən də yarpaqlarının dəmləməsi iltihab əleyhinə, revmatizm əleyhinə, sidikqovucu və orqanizmi təmizləyici təsirə malikdir. Qastrit, podaqra və ürək-damar xəstələrinin hər gün qara qarağat yarpaqlarından dəmlənmiş çay içmələri onlardakı xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur. Bu dəmləmə soyuqdəymə, bronxit, öskürmə zamanı da sağalmanı sürətləndirir. Qara qarağat dəmləməsi baş ağrıları, yuxu pozğunluqları və nevroloji problemlər zamanı sakitləşdirici təsir göstərir.
Tromboflebit, mədə turşuluğunun çoxluğu (hipersekresiya), mədə və onikibarmaq bağırsaq yarasından (xora) əziyyət çəkənlərə qara qarağatdan istifadə etmək məsləhət görülmür. Bitkinin qara ciyər fəaliyyətini artırmağına baxmayaraq, hepatit xəstələrinə ondan istifadə etmək məsləhət görülmür. Həddindən çox qara qarağat və ya onun yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə etmək isə damar daxilində qanın laxtalanmasına (tromboflebit) səbəb ola bilər.
Ramiz Ələkbərov
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
Biokimyəvi tədqiqatlar laboratoriyasının
rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent