20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

A- A A+

Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azaldığı uğrunda, zülmə-istibdada qarşı mübarizə aparıb. Təbii ki, bu da asan olmayıb, xalqın azadlıq uğrunda mücadiləsi, haqsızlığa qarşı etiraz səsinin qan içərisində boğulmasına cəhdlər edilib. Məhz XX əsrdə rus işğalı nəticəsində istiqlaliyyətimiz süqut etdi, xalqımıza qarşı azadlıq mübarizəsi boğuldu, bir neçə dəfə soyqırım və genosidlər törədildi. 20 yanvar 1990-cı ildə baş verənlər isə xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin, Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar hadisələri eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir.

Biz 20 Yanvar tarixini milli matəm, hüzn günü kimi yox milli  iftixar  hissi ilə yad edirik. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi bu qanlı cinayət xalqı daha sıx birləşdirdi, onun mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.  Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edildi. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Bu il üstündən 30 il keçməsinə baxmayaraq xalqımız azaldığımızın ilk qaranquşları olan 20 Yanvar şəhidlərini ehtiramla yad edir, müstəqilliyimizin ilk çarçılarını fəxrlə anırlar.

O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən irəli gələn cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Ulu öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı. 20 Yanvar hadisələrinə əsl siyasi qiymətin verilməsi, terrorun günahkarlarının aşkara çıxarılmasıyla bağlı işçi qrupunun yaradılması da məhz Ümummilli liderin adıyla bağlıdır. Həmçinin Ulu öndər hadisələrin ertəsi günü həyatını təhlükəyə ataraq Moskvada Daimi Nümayəndəliyə gedərək bu terrora, hərbi təcavüzə qarşı öz etiraz səsini ucaltdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi rəhbərin təşəbbüsü ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı il 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri araşdırıldı, 1994-cü ildə 20 Yanvar faciəsinə hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymət verildi.

20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyirik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq illər keçir. Müstəqil Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində öz yerini tutub və bütün dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir, dönməzdir. 

Muxtar respublikamızda da 20 Yanvar və  ümumiyyətlə, şəhidlərimizin xatirəsi həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən  Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanı əsaslı təmir olunaraq muxtar respublika  sakinlərini ziyarətgahına çevrilib. Xatirə Muzeyində  bu insanlar haqqında  məlumat və şəxsi əşyaları saxlanılır ki,  bu da yeniyetmə və gənclərə bu irsin öyrənilməsi üçün məlumat verir, onların milli vətənpərvərlik hislərinin formalaşmasına  təsir göstərir.

20 Yanvar şəhidlərinin rəşadəti həm də böyük mənəvi təsir qüvvəsinə malikdir. Bu  faciə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır təcavüz və cinayət olmaqla yanaşı, həm də Azərbaycanın milli azadlığı uğrunda xalqımızın qan yaddaşına qəhrəmanlıq təcəssümü kimi həkk edilib. Bu qəhrəmanlıq salnaməsi gənc­lərimizin milli vətənpərvərlik ruhunda formalaşmasında böyük əhəmiyyət kəsb edir. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasa idi, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə polad sipərə döndərməzdilər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz Vətən övladlarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Muxtar respublikamızda da hər il 20 Yanvar hadisələrinin ildönümü dərin ehtiramla qeyd edilir, igid övladlarımızın fədakar­lığı bir daha xatırlanır, onların əziz xatirəsi yad olunur. Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində Vətən şəhidlərinə xatirə kompleksləri ucaldılıb, küçələrə, təhsil ocaqlarına onların adları verilib. Bu gün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı naxçıvanlıların müqəddəs and yerinə, müqəddəs məkanına çevrilib. 

Doğma diyarımızda müharibə veteranlarının, şəhid ailələrinin və əlillərinin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biridir. Muxtar respublikamızda hər il bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. 

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da 20 Yanvar hadisələrinin və zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin gənc nəslə çatdırılması, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir, milli qəhrəmanlarımız və şəhidlərimiz gənclər arasında geniş təbliğ olunur. Orta ümumtəhsil məktəblərində müharibə iştirakçıları ilə vaxtaşırı görüşlər keçirilir. Gənclərin vətənpərvərlik tərbiyəsinə diqqət göstərilir, bu sahədə layihələr icra olunur.

1990-cı il 20 Yanvar qanlı faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Çünki bir millət kimi sınmadığımızın, əyilmədiyimizin, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azadlığımızı və müstəqilliyimizi qanımızla və canımızla əldə etdiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış faciəli tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. 20 Yanvar tarixi qürur və şərəf tariximizdir!

                                                                           Mirməcid  Seyidov

         Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri

         Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: