Naxçıvanda VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” keçirilib - FOTOLAR
İyunun 14-də Naxçıvan Biznes Mərkəzində VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” keçirilib.
Forum iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib və Biznes Mərkəzi ilə tanış olublar.
NUHÇIXAN xəbər verir ki, forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının iqtisadiyyat şöbəsinin müdiri Rafiq Novruzov iştirakçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adından salamlayaraq forumun fəaliyyətinə uğurlar arzulayıb. Bildirib ki, VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” ölkəmiz üçün çox əlamətdar bir tarixdə – Milli Quruluş Günü ərəfəsində keçirilir. Düz 25 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtması ilə müstəqil Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas edildi. Məhz həmin dövrdən başlayaraq ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqinin əsası qoyuldu. Ulu Öndərin müəllifi olduğu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yeni bir mərhələyə – dinamik və davamlı inkişaf mərhələsinə qədəm qoyub, geniş sahibkarlar təbəqəsi formalaşıb, sosial-iqtisadi inkişafda özəl bölmənin rolu daha da artıb.
“Məhz bu inkişafın nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası dövlətimizin başçısının rəhbəri olduğu “Caspian European Club”un 2017-ci il üçün 18 parametr üzrə tərtib etdiyi investisiya reytinqinin lideri olub” – deyən Rafiq Novruzov qeyd edib ki, muxtar respublikamız bu uğura Prezident İlham Əliyevin göstərdiyi böyük diqqət və qayğı, Ümummilli Liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda Ali Məclis Sədrinin gərgin zəhməti sayəsində nail olub. Artıq 28 ilə yaxındır ki, blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ictimai-siyasi sabitlik və dayanıqlı inkişaf təmin edilib, enerji və ərzaq təhlükəsizliyinə nail olunub.
Forumda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, nailiyyətlər və perspektivlər” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, həyata keçirilən quruculuq tədbirləri, iqtisadi və sosial sahədə əldə olunan nailiyyətlər Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ən qabaqcıl, inkişaf etmiş bölgəsinə çevirib. 1995-ci ildən başlayaraq muxtar respublika iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət məhsul istehsalının artımına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərib, iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam edərək 2017-ci ildə ümumi daxili məhsulun həcmi 2 milyard 701 milyon 663 min manata, onun hər bir nəfərə düşən həcmi isə 5 min 990 manata çatıb.
Vurğulanıb ki, hazırda muxtar respublikada 382 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi məhz iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Davamlı inkişafı təmin edən və iqtisadiyyatın diversifikasiyasını sürətləndirən amillərdən biri də muxtar respublikada yaradılmış əlverişli biznes və investisiya mühitidir. Naxçıvanda fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən kreditlər üzrə tətbiq olunan faiz dərəcələrinin ölkə üzrə ən aşağı səviyyədə olması da özəl sektor üçün əlverişli şərait yaradıb. Muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşunun həcmi 2017-ci ildə 31 milyon 314 min manat təşkil edib. Bu dövr ərzində sahibkarlara 10 milyon manatdan çox kredit verilib ki, bunun 1 milyon 978 min manatı Sahibkarlığa Kömək Fondunun payına düşüb. Eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, dövlətin dəstəyi sahibkarlığın inkişafına təkan verib, orta sahibkar təbəqəsi formalaşıb, ÜDM-də özəl sektorun payı 89 faizə çatıb.
Famil Seyidov muxtar respublika iqtisadiyyatının diversifikasiyasının və dinamik inkişafının xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir etdiyini, 2017-ci ildə xarici ticarət dövriyyəsinin 459 milyon 889 min ABŞ dollarına çatdığını, xarici ticarətdə 386 milyon 751 min ABŞ dolları həcmində müsbət saldo yarandığını bildirib. Qeyd edib ki, bu gün muxtar respublika 50-dən çox xarici ölkə ilə ticarət əlaqələri yaradıb. Naxçıvanda istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları bu gün Türkiyə, Rusiya, Latviya, Ukrayna, Qazaxıstan, Çin, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İran və İraqa ixrac edilir.
“Caspian European Club”un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian European Club”un Azərbaycan regionlarının inkişafında rolu” mövzusundakı çıxışında deyib ki, ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, sahib olduğu karbohidrogen sərvətlərinin qeyri-neft sektoruna yönəldilməsi və dövlətimizin uğurla həyata keçirdiyi regional inkişaf strategiyası Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində mümkün olub. Vurğulanıb ki, 2017-ci ilin göstəricilərinə əsasən, Naxçıvan Muxtar Respublikasının lider olması çox əhəmiyyətli hadisədir və bu, qədim diyarda həyata keçirilən iqtisadi və sosial siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilir. Naxçıvanın ixrac potensialının artması, yerli məhsullar istehsal edən yeni müəssisələrin yaradılması onun investisiya cazibədarlığından xəbər verir. Telman Əliyev forumun əhəmiyyətindən danışaraq, “Caspian European Club”un gələcəkdə də naxçıvanlı sahibkarlarla işgüzar dəstək verəcəyini qeyd edib.
“Naxçıvan Muxtar Respublikasında sahibkarlıq və sənayenin inkişafı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov bildirib ki, Naxçıvanda sahibkarlığa dövlət dəstəyi xüsusən kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib. Dövlətin sahibkara sahib çıxması muxtar respublikada iqtisadiyyatın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına öz töhfəsini verib, iqtisadiyyatın çoxşaxəli inkişafını təmin edib. Bu zaman iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı xüsusilə diqqəti çəkir. Belə ki, muxtar respublikada sənaye məhsulunun həcmi 2017-ci ildə 967 milyon manata, bu sektorda çalışanların sayı isə 16,2 min nəfərə çatıb. Qeyd edilən sahədə inkişaf əsasən özəl investisiya qoyuluşları hesabına olub. Belə ki, hazırda sənaye məhsulu istehsalında özəl bölmənin payı 95,8 faiz təşkil edir. Sənaye sektorunda əsas kapitala yönəldilmiş investisiyalar son on ildə 4,5 dəfə artıb.
Naxçıvan Muxtar Respublikasında investisiya və biznes fəaliyyəti barədə perspektiv planlardan bəhs edən “Caspian European Club”un İdarə Heyətinin üzvü Avni Dəmirçi bildirib ki, bu sahədə əldə olunmuş nailiyyətlərdə bank sektorunun uğurlu fəaliyyətinin mühüm əhəmiyyəti var. O, təmsil etdiyi Türkiyə Ziraat Bankının böyük təcrübəyə malik olduğunu və ölkəmizin digər regionları ilə bərabər yaxın perspektivdə Naxçıvanda da bu sahəyə kredit dəstəyi göstərmək istədiklərini bildirib.
Daha sonra “Nəqşicahan Holdinq” Şirkətlər Qupu MMC-nin direktoru Mübariz Vəliyevin “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı – 2018” turizm üçün yeni perspektivlər”, “Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayevin “İxrac potensialı, perspektiv bazarlar və nailiyyətlər” və “Caspian European Club”un İdarə Heyətinin üzvü Vüqar Eyvazovun “Naxçıvan Muxtar Respublikasında investisiya və biznes fəaliyyəti barədə perspektiv planlar” mövzularında çıxışları dinlənilib.
Çıxışlardan sonra müzakirələr keçirilib. Tədbirdə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında əldə olunmuş nailiyyətlərlə bağlı film nümayiş etdirilib.
Günün ikinci yarısında forum iştirakçıları Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olub, istehsal və xidmət sahələrinə baş çəkiblər.
Qeyd edək ki, forumda Naxçıvanda səfərdə olan Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leukan və naxçıvanlı sahibkarlar iştirak ediblər.