Ötən il muxtar respublikada 5303 uşaq doğulub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradıldığını xatırladaraq bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Nazir səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə  aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. İnfrastruktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili verildiyini, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ən müasir angioqrafiya aparatı quraşdırıldığını bildirib. Həmçinin qeyd olunub ki, muxtar respublikada 2019-cu ildə 5303 uşaq doğulub.

Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılıb. Muxtar respublikada Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika - Müalicə Mərkəzində aparılan “Şorsu” vulkanik palçığı ilə müalicələr, eyni zamanda səhiyyə turizminin inkişafına da stimul verir. Nəticədə muxtar respublikada 2018-ci ildən sanator-kurort müalicələrinə başlanılıb. Ötən il Azərbaycanın digər rayonlarından 447 əlilliyi olan şəxsin müalicə kursu keçməsi təşkil edilib.

Səhiyyə naziri hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirildiyini, Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə kurslarına göndərildiyini, həkim və orta tibb işçilərinin sertifikasiya işinin davam etdirildiyini diqqətə çatdırıb.

Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Ali Məclis Sədrinin Sərəncamları ilə Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad, Culfa və Babək rayonlarında, həmçinin respublika və şəhər əhəmiyyətli tibb müəssisələrində İcbari Tibbi Sığorta Sisteminin tətbiqinə başlanılıb. Rayon mərkəzi xəstəxanaları, Şərur Rayon Uşaq Xəstəxanası, respublika və şəhər əhəmiyyətli müəssisələr publik hüquqi şəxs statusu alıb, işçilərin əmək haqqı 50% artırılıb. Həmin müəssisələrdə icbari tibbi sığortanın və tibbi xidmətin fəaliyyətini təmin etmək üçün cari təmir və yenidənqurma işləri aparılıb, ehtiyac olan avadanlıqlarla təmin edilmiş və sığorta üçün vacib olan nümunəvi tibbi informasiya sistemi - kompüter proqram təminatı yaradılıb.

Nazir hesabat ilində yol verilmiş nöqsan və çatışmazlıqlar  barədə də danışıb, onların aradan qaldırılması üçün konkret tapşırıqlar verib və əmin olduğunu bildirib ki, tibb işçiləri əhalinin sağlamlığı naminə əzmkarlıqla işləyəcək, 2020-ci ildə daha yüksək nəticələrə nail olacaqlar.

Sonra məruzə ətrafında Nazirliyin   Statistika və İnformatika sektorunun müdiri   Kəmalə Həsənova, Naxçıvan Diaqnostik Müalicə Mərkəzinin baş həkimi Nihad Seyidov, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlvin Rzayevin çıxışları dinlənilib və müvafiq qərar qəbul edilib.

 Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: