Sərnişinlərə nümunəvi xidmət göstərilir

A- A A+

Bu gün muxtar respublikamızda əldə olunan dinamik inkişaf digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərib. Həyata keçirilən tədbirlər nəticəsində yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub. Yeni yolların çəkilməsi, müasir xidmət imkanlarına malik avtovağzalların tikilməsi, şəhərdaxili və kəndlərarası marşrutlarda iritutumlu və rahat avtobusların istifadəyə verilməsi xidmətin səviyyəsini xeyli yüksəldib. Sözsüz ki, bu istiqamətdə həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə hesablanıb. Culfa şəhərində müasir tələblərə cavab verən yeni avtovağzalda ilin bütün fəsillərində, xüsusən soyuq qış aylarında sərnişinlərin rahatlığının təmin olunması üçün hər cür şərait yaradılıb. 2009-cu ilin oktyabrında müasir standartlara cavab verən avtovağzal binasının istifadəyə verilməsi sərnişindaşıma xidmətinə yeni töhfədir. Burada hər gün 600-dən çox sərnişinə xidmət göstərilir.

Avtovağzaldan rayonun kəndlərinə, Naxçıvan və Bakı şəhərlərinə qrafik üzrə avtobuslar hərəkət edir. Naxçıvan marşrutunda 11, Yaycı marşrutunda 5, Dizə marşrutunda isə 1 mikroavtobus sərnişinlərə xidmət göstərir. Əlincə çayı boyunca yerləşən kəndlərə 6 mikroavtobus günün müxtəlif saatlarında yola düşür. Culfa şəhərindən gedən sərnişin və tələbələrin vaxtında mənzil başına çatdırılması üçün avtovağzalda mikroavtobusların qrafikində müəyyən dəyişikliklər edilib. Belə ki, Culfadan Naxçıvan şəhərinə birinci avtobus 07:30-da, sonuncu avtobus 16:30-da yola düşür. Yaycı kəndinə isə 08:00-dan avtobuslar işləyir.

Bundan əlavə rayon üzrə 60 taksi əhalinin xidmətindədir. Rayon əhalisinə, o cümlədən, xaricdən gələn turistlərə xidmət günün tələbləri səviyyəsində edilir. Avtovağzalda hər gün növbətçi taksi olur. Onların bir nəfəri isə qadındır. Taksi sürücüləri öz işlərinə məsuliyyətlə yanaşır və sərnişinlərə nümunəvi xidmət göstərirlər. Qış mövsümü ilə əlaqədar olaraq avtobus və taksilərin sazlığı, avtomobillərin istilik sisteminin işlək vəziyyətdə olması yoxlanılır. Çünki marşrut xətlərində işləyən avtobus və mikroavtobusların sərnişinləri mənzil başına rahat çatdırması üçün avtomobillərin sazlığı əsas şərtlərdən biridir. Qış fəsli ilə əlaqədar avtovağzal binası tam şəkildə istiliklə təmin olunub. Görülən işlər onu deməyə əsas verir ki, soyuq qış aylarında rayon əhalisinin marşrutla bağlı heç bir çətinliyi olmayacaq.

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: