Melioratorlar ötən ili uğurla başa vurublar - FOTOLAR

A- A A+

Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu il ərzində əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə suvarılan sahələrin genişləndirilməsini təmin etmək və şoranlaşmanın qarşısını almaq məqsədilə ardıcıl tədbirlər görülüb. Ötən il mütərəqqi suvarma üsullarının tətbiqi, yeraltı suvarma şəbəkələrinin qurulması, torpaqların su təminatının yaxşılaşdırılması davam etdirilib, arxlarda, kollektor və drenaj kanallarında lildən təmizləmə və təmir işləri yerinə yetirilib.

Hesabat dövrü ərzində Heydər Əliyev, Sirab və Uzunoba su anbarları daxil olmaqla, ümumilikdə, sututarlara 119 milyon kubmetr su ehtiyatı yığılıb. İl ərzində su istifadəçilərinə 83 milyon kubmetr su verilib, bunun müqabilində təkrar suvarma nəzərə alınmaqla  74 min 501 hektar torpaq sahəsi suvarılıb.

Ötən il 16  kilometr  kanal,  52 kilometr  ara arx, 6 kilometr kollektor lildən təmizlənib, 68 kilometr yeni suvarma boru xətti çəkilib, 293 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Həmçinin, torpaqları sel sularından qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay vadilərində, Qahab və Sirab selovlarında 12 kilometr istiqamətləndirici bənd tikilib.

Bundan başqa, Kəngərli rayonunun Yurdçu kəndində 176 hektar, Şahbuz rayonunun Türkeş kəndində 343 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Görülən işlərin davamı olaraq ötən ilin dekabr ayından etibarən Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 700 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.

Babək rayonunda əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün ötən il 2,2 kilometr içməli su xətti çəkilib, 6 kilometr içməli su xəttində, 210 metr kaptajda təmir-bərpa işləri yerinə yetirilib.

2019-cu ildə əkilən yaşıllıq zolaqlarına suvarma suyunun verilməsini yaxşılaşdırmaq və damcı üsulu ilə suvarılmanı təmin etmək üçün 12 kilometr suvarma xətti çəkilib.

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: