Saltaq kəndinin qış qayğıları - FOTOLAR

A- A A+

Rayonumuzun Əlincə çayı boyunca yerləşən kəndləri ilin bütün fəsillərində gözəl olur. Elimizin, obamızın baş ucalığı, şöhrət tacı olan bu kəndlərimiz zəngin təbiəti, saf və təmiz havası ilə adamı valeh edir. Belə səfalı kəndləri­mizdən biri də Saltaqdır.

Böyük çillənin ortalarında yolumuzu Saltaq kəndinə saldıq. Kəndə yaxınlaşdıqca Əlincə çayından əsən sərin meh, dağların təmiz havası qəlbimizə dolur, ürəyimizə sərinlik və fərəh çiləyirdi. Rayon mərkəzindən 33 kilometr məsafədə yerləşən Saltaq kəndinin ümumi ərazisi 2368 hektardır.

Saltaq sözü “sal” və “tağ”, “bağ”, “daş” kəlmələrindən götürülüb. Bu sözün etimologiyasında Saltaq "Saldaş" sözündəndir. Oxuduğum kitablardan bir də onu bilirəm ki, Saltaq sözü qədim zamanlarda Azərbaycanda yaşamış Saxa tayfasının adı ilə bağlıdır. Bir sıra qədim mənbələrdə bu yurd yeri Saldaş və Saltaxt kimi qeydə alınmışdır.

Saltaq kəndinin sakinləri qədim zamanlardan əməksevər olublar, zəhmətdən qorxmayıblar. Geniş əraziləri, münbit torpaqları olan kənddə daha çox əkinçiliklə və heyvandarlıqla məşğul olublar.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi ilk illərdən  gəlirli sahə olan üzümçülük bu kənddə də inkişaf etdirilməyə başlandı. Məhz həmin dövrlərdən başlayaraq əhalinin yaşayış səviyyəsi  yüksəldi, kəndin görkəmi də dəyişdi.

Bu gün Saltağın bərəkətli torpaqlarında taxıl becərilir, üzümçülük inkişaf etdirilir, heyvandarlıq və arıçılıq gəlirli sahə kimi genişləndirilir. Kəndin münbit torpaqlarında tərəvəzçilik, kartofçuluq üçün də geniş imkanlar var.

Kənddə 236 hektar sahədə payızlıq taxıl əkini aparılıb ki, bunun 181 hektarı buğda, 55 hektarı isə arpadır. Əkin sahələrinin hamısında şırım üsulundan istifadə edilib.

Muxtar respublikamızın bütün bölgələrinə, kənd yaşayış məntəqələrinə göstərilən diqqət və qayğıdan bu kəndə də pay düşüb. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xeyir-duası ilə kənddə üç mərtəbəli, müasir standartlara cavab verən, gözəl memarlıq üslubuna malik olan 352 yerlik məktəb binası istifadəyə verilib. Məktəb 38 kompüter dəsti, 4 elektron lövhə ilə təchiz olunub. Məktəbdə bu gün dərslərin normal keçirilməsi üçün hər cür şərait yaradılıb.

Kənddə 2016-cı ildə həyata vəsiqə alan quruculuq nişanəsi təkcə məktəb binası deyil. Həmin il kənd mərkəzi və xidmət mərkəzi də tikilərək kənd sakinlərinin ixtiyarına verilib. Kənddaxili yollara asfalt verilib, dağların qoynundan kəndə borularla kaptaj üsulu ilə çeşmələrin gözyaşı gətirilib, kənd əhalisinin içməli suya tələbatı təmin edilib. İndi Saltağın hər məhəlləsindən dumduru, gözyaşı kimi su axır.

Rayonumuzun digər kəndləri kimi bu obanın da sakinləri zəhmətlə yaşayır, qeyrətlə ömür sürürlər. Buralar bir gözəllik guşəsidir, könül xoşluğu, göz aydınlığıdır. Qaldıqca qalmaq, baxdıqca baxmaq istəyirsən bu gözəlliyə...     

Ədalət Cəfəroğlu

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: