Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

A- A A+

Gələcək nəsillərimiz müstəqilliyin bugünkü  şirinliyini dadsalar da, tariximizi, təlatümlü keçmişimizi unutmamalıdırlar. Biz öz övladlarımıza bunu elə aşılamalıyıq ki, gələcəklərini öz tarixi keçmişləri üzərində qurmağı bacarsınlar.

Unutmaq olarmı heç, müstəqilliyimizin əldə olunmasında canından keçən əziz şəhidlərimizi? Çünki onlar öz qanları ilə azadlıq, müstəqillik naminə gələcəyimizin şanlı səhifəsini yazıblar.  

Əslində 20 Yanvar faciəsinin bir qış gecəsində xaincəsinə  baş verməsi həm də Sovet İttifaqının Azərbaycan xalqının əzmi qarşısında aciz qaldığını göstərdi.

Həmin gün də xalq küçələrə çıxıb müstəmləkə boyunduruğundan azad olmaq üçün öz haqqını tələb edirdi. Lakin sovet hakimiyyətinin qatil rəhbərləri öz acizliklərini ört basdır etmək üçün tabeliyində olan orduya quldurlar kimi gecə saatlarında Bakıya hücum etmək əmri verdilər. O gecə şəhər günahsız insanların qanına boyanmışdı! O yanvar gecəsi  Bakıya qar yox, qan yağırdı! Neçə-neçə igid, qadın, qoca, uşaq o gecə azadlıq uğrunda şəhid oldu.

...Bakı bu təlatümləri çox görmüşdü, amma o gecənin faciəsi həm də sapı  özümüzdən olan baltaların səriştəsiz siyasətinin ucbatından baş verdi. O gecə xalq öz azadlığı, müstəqilliyi uğrunda tökülən qanlarıyla qarışıb birlik olmuşdu! O gecə 146 nəfərin  qəddarcasına ölümü, yüzlərlə insanın yaralanması və qanunsuz həbsi ilə də tarixə düşdü.

Sabahı gün hər kəsi bir sual düşündürürdü: bir millət olaraq biz bu əzablara düçar olmaq məcburiyyətində idikmi?! Cavab isə aydın idi. Axı  azadlığa, müstəqilliyə, bizim də bir millət, bir xalq kimi rahat yaşamağa haqqımız var idi! Təəssüf ki, azadlıq qurbansız olmur! Amma bundan sonra nə etməli, əsas bu məsələ hər kəsi düşündürürdü. Bu sualın cavabı da elə Moskvadan bir mesaj kimi gəldi. Bu dəfə xalqda  gələcəyə ümidi yenə də xalqın böyük oğlu, ulu öndəri Heydər Əliyev öz qətiyyətli hərəkəti ilə  verdi. O, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu faciənin səbəbkarlarının tapılaraq cəzalandırılmasını tələb etdi. Bununla da xalqın nəzərləri bu qətiyyətli liderə çevrildi. Heydər Əliyev şəxsiyyəti və xalqı Azərbaycanın birliyi uğrunda mübarizədə birləşdirə bildi. Bundan sonra isə Heydər Əliyev xalqa, xalq isə özünün dahi liderinə güvənərək Azərbaycan yolunda  birlikdə addımladı. Dünya boyda Azərbaycan, Azərbaycan boyda güclü bir dövlət müstəqilliyə nail oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər  Heydər Əliyevin xüsusi Fərmanı ilə 1994-cü ilin yanvarında  1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

...2019-cu il dekabrın 13-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Dövlət rəhbəri tərəfindən belə qərarların verilməsi dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə tariximizə verilən dəyərin və hörmətin bariz nümunəsidir.

20 Yanvar faciəsi nə qədər acı olsa da, xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb, bugünkü müstəqilliyimizin və birliyimizin  başlanğıc qığılcımı oldu.

Müstəqilliyimizi bizə bəxş etmək üçün azadlıq alovunda boğularaq canlarından keçən şəhidlərimiz önündə baş əyib, onlara Allahdan rəhmət diləyirik!

Ülviyyə Hacıyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: