Bir ana həsrəti... 

A- A A+

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı. Matəminə toplaşmış bir xalq. 30 il bundan əvvəl baş vermiş faciəni unutmadığını, hələ də xatırladığını deməyə gəlmiş insanlar... Susurdu. Acısını sükutunda gizlətmişdi. Kirpikləri bir-birinə qovuşanda anladı acısının dərinliyini, topladığı susqunluğunun əslində gözlərindən axıb töküldüyünü. 2 damla göz yaşı yol aldı gözlərindən aşağı, soyuqdan donmuş yanaqlarını isidərək. Övladının baş daşına söykənmiş, baxışları yerə dikilmiş bir ana... Bəlkə də övladının qoxusunu almaq istəyir onun baş daşından. Mümkündürmü? Sevgisinin, darıxmaq hissinin güc gəldiyi gerçəklik... 

...Başının üstünü kəsən kölgə. Başını yuxarı qaldırdıqda isə qarşılaşdığı mənzərə... Minlərlə insan əlində qərənfil ziyarətə gəlmişdi onun oğlunu, Vətəninin şəhidini. Anlamışdı ki, torpaq altında yatan təkcə onun övladı deyildi. Həmin gün Vətən də bir igid oğlunu tapşırmışdı torpağa. Və hər il olduğu kimi bu il də ziyarətinə gəlmişdi onun. Qürurdan axan göz yaşını sil, şəhid anası. Oğlunun, Vətən övladlarının ölməz ruhuna rəhmət oxumağa toplaşmışıq. Bir damla qanları ilə “şəhidlik” zirvəsinə ucalmış insanları bu uca adla anmağa gəlmişik. Əzmlərini, məğrurluqlarını silahla qıra bilmədikləri insanları qərənfillə ziyarətə gəlmişik!

...Bu, sənin jurnalistindir, şəhidim. Sənin məğrurluğunu, igidliyini, haqq səsini aləmə çatdırmaq istəyən jurnalistin. O, indi şəhidlər xiyabanının astanasında dayanıb bu izdihamı izləyir. Qələbəliyi yarıb sənə yaxınlaşmaq istəyənləri görür. Gözlərini qanın rəngini daşıyan qərənfil qırmızısının sonsuzluğuna dikərək baxır. Bir ana həsrəti, bir bacı özləmi, yarımçıq qalmış bir qadın nəvazişi səsini anlayaraq duymaq, üzünün cizgilərini xatırlamayan 30 yaşlı bir uşağın ata məhəbbəti var bu xiyabanda. Jurnalistin gözləriylə insanlar arasından sanki kimisə axtarırdı. Bəlkə də bir müjdəçi gəzirdi gözləri qələbəliyin arasında. Qələbə sevincini gətirəcək, “Qarabağ alındı!”,-deyəcək müjdəçi. Qeyri ixtiyari əllərini dərgaha qaldırdı. Allahın izniylə töküldü iki dodaq arasından tək cümlə, qovuşdu kirpikləri, dəqiqələrdir asılı qalan iki damla yaş düşdü ovuclarına. “Duamın qəbulu getdikcə tezləşir”,- deyə pıçıldadı. Ruhunuz şad olsun, şəhidlərim! 

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: