Şanlı Yanvarın şəhid məktəbliləri

A- A A+

30 il bundan öncə azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımız həmin illərdə Azərbaycan xalqını dünyanın ən mübariz xalqı seçdilər. Bu cəsarət mülkünü tikənlərin arasında az yaşlı məktəblilər də var idi-13 yaşlı Larisa Məmmədova və İlqar İbrahimov.

Onlar hələ ölümün nə olduğunu bilmirdilər. Yəqin ki, o zamankı sovet imperiyası da imkan verməzdi məktəblərdə şəhidlik zirvəsinin nə olduğunu təbliğ etməyə. Onlar heç şəhidliyin belə nə olduğunu yaxşı dərk etmirdilər. Amma onlar o zirvəyə yüksəldi. Günlərini dostları ilə, rəfiqələri ilə keçirən balacaları xalqın azadlıq yanğısı, ürəklərində olan vətən eşqi həmin o faciə və qəhrəmanlıq dolu gecəyə çəkib apardı. “Azadlıq verilmir, alınır” deyərək üsyan edən xalq Koroğlu nərəsi, Cavanşir qeyrəti, Babək qəzəbilə meydanlara axışırdı.  Uşaqlar, qadınlar, qocalar hər kəs ölüm hökmü qoltuğunda, birlik şüarı ilə azadlıq istəyirdilər. Həmin gün xalqın azadlıq eşqi, vətən sevdası sovet tanklarının yağdırdığı ucuz ölümü belə heç edirdi.

Həmin o şanlı zəfər gecəsində 13 yaşlı İlqar dostları Zakir, Nəriman  və Pərvizlə sinəsini düşmənin tanklarına sipər edən igid oğullarımıza isinmək üçün oduncaq aparırdılar. Bu balaca qəhrəmanların əllərində oyuncaq tank və avtomatlar var idi. İlqarın, Nərimanın gücü bu oyuncaqlarda deyildi, balaca ürəklərindəki alışıb-yanan Vətən qeyrətində idi. Həmin an yolda düşmənin zirehli texnikası ilə rastlaşan bu balacalar düşmənin gülləsinə tuş gəlir. Ağır yara aldığından balaca İlqarı xilas etmək mümkün olmur. Əlindəki tankı da elə sovet tankları altında məhv olur.

İlqar İbrahimov Yasamal rayonundakı 167 saylı məktəbin 7-ci sinfində oxuyurdu. Deyirlər ki, ən çox ədəbiyyat fənnini sevirmiş. Poeziyanın da vurğunu imiş. Kim bilir, yaşasaydı bəlkə də tanınmış ədəbiyyatçı, yaxud şair olacaqdı. Yox əslində o, tanınmış insanlardan biri oldu. O ən yüksək zirvəni fəth etdi...

O gecə həyatına son qoyulan uşaqlardan biri də Larisa oldu. O Larisa ki, onun kiçik ürəyini azadlıq atəşi yandırırdı. Larisa Məmmədova və atası Fərman Məmmədov da həmin gecə amansız düşmən gülləsinə tuş gəldilər. Atasını ölümündən xilas etsələr də, Larisanı ölümün pəncəsindən almaq mümkün olmadı.

O gecədə həlak olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi və firavan həyatı üçün yol açdılar. O körpələr bizim azadlıq qaranquşlarımız oldu. Onlar şəhadətə yol açdılar. Bu yolu açanların sırasında 13 yaşlı Larisa və İlqar, 14 yaşlı Nəriman, 16 yaşlı Veranın ruhu bu gün uca göylərdən Azərbaycana boylanır. O Azərbaycan ki, indi müstəqildir, azaddır, bütün beynəlxalq tribunalarda öz haqq səsini dünyaya çatdıra bilir. Qəhrəman övladlarının qanı ilə suvarılan Torpağına, azadlıq yolunda axan şəhid qanı ilə yuyulan Bayrağına, firavan xalqına sahib çıxmaq haqqını qazandırdı bizə ŞANLI YANVAR.

Ulu öndər Heydər Əliyev demişdir: "20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir".

Azərbaycan xalqı bu zirvəyə qalxmağı bacardı. Onun 13 yaşlı övladları da sübut etdilər ki, xalqın azadlığı, gələcəyi üçün göz qırpmadan canlarını qurban verərlər. Beləcə onlar 13 yaşında taxta çıxan Şah İsmayılında ruhunu şad etdilər. Bəlkə də elə müstəqil Azərbaycanın himnini ilk əzbərləyən onu anlayan Azərbaycanın azadlıq carçıları-bu gəncləri oldu. 13 yaşlı uşaqlar sübut etdi ki, Şanlı Vətən, sənin yolunda, səndən ötrü can verməyə də hazırız, qan tökməyə də qadiriz!!! Sinəsini o gecənin tanklarına, tüfənglərinə sipər edənlər bizə əslində görə bilmədiyimiz böyüklüyümüzü göstərdilər.

                                                                                   Mətin Abbaslı

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: