Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Culfa rayonunda Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı tədbir keçirilib.
Tədbirdə Culfa Rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri Qurban Hacıyev bildirib ki, sahibkarlığın inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlər iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olub.
Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas istiqamətləri və hədəfləri ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və nağdsız ödənişlərin genişləndirilməsi, sahibkarların inzibatçılıq yükünün azaldılması üzrə aspektləri əhatə edir.
Nəzərə çatdırıb ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə müəyyən məbləğlərdə maliyyə sanksiyası tətbiq ediləcək.
Tədbirin sonunda vətəndaşları və sahibkarları maraqlandıran suallar cavablandırılıb.