Siyasət, dövlətçilik sənəti incəsənətə bənzər. İncəsənətdə olduğu kimi, siyasət sahəsində də çox zəhmət çəkməklə, xüsusi məktəblər qurtarmaqla dahilik zirvəsinə qalxmaq mümkün deyil. Bunun üçün həm də fitri istedad, xüsusi qabiliyyət lazımdır. İncəsənət aləminin Motsart, Bethoven, elə bizim Üzeyir bəy kimi dahiləri öz ölməz əsərlərini fitri istedadları sayəsində yaratmışlar. Siyasət dünyasının Bismark, Lloyd Corc, Atatürk, Ruzvelt və Çorçill kimi nəhəng simaları da bütün digər xüsusiyyətləri ilə yanaşı, həm də fitri istedadları, xüsusi qabiliyyətləri ilə fərqlənmişlər. Adı zəmanəmizin dövlətçilik və siyasət tarixinə əbədi yazılan, bu sahədə Allah vergisinə malik olan “dünya siyasətinin patriarxlarından biri”, “siyasət qrossmeysteri”, “dahi siyasətçi”, “siyasət nəhəngi” epitetləri ilə adlandırılan dövlət xadimlərindən biri də Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəlmiş Heydər Əliyevdir.
Tarix boyu bir çox insanlar hakimiyyətə can atmış və bəzi hallarda da buna nail olmuşlar. Lakin hakimiyyətə gələnlərin heç də hamısı ondan ölkənin və xalqın mənafeyinə uyğun, düzgün istifadə edə bilməmişlər. Məhz bunları nəzərdə tutaraq böyük fransız mütəfəkkiri Pol Anri Holbox yazırdı: “Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermiş olsun”.
Təbiət və tarixsə öz varlığında bu kimi keyfiyyətlərin üzvi bir vəhdət halında birləşdiyi fenomenal şəxsiyyətləri nadir hallarda yetirir. Müasir dünya siyasətinin patriarxlarından olan Heydər Əliyev kimi. Məhz bu keyfiyyətlərin sayəsindədir ki, o, hakimiyyətini səlahiyyətlərinin gücü ilə yox, şəxsiyyətinin qüdrəti ilə həyata keçirir, qarşısındakını zəkası və uzaqgörənliyi ilə əfsunlayırdı.
Tarixdə şəxsiyyətlərin böyük və inkaredilməz rolu vardır. Bunu böyük tarixi şəxsiyyətlər dəfələrlə qeyd etmişlər. Böyük Plutarx yazırdı: “Azadlıq bərabərdir xalq, üstəgəl şəxsiyyət. Şəxsiyyətsiz azadlıq xəyaldır”. Bismark isə deyirdi: “Şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizəsi ağlasığmazdır. Xalq öncə şəxsiyyətin ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır”.
Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqdan ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Uca Yaradanın ona bəxş etdiyi vergidir. O, nəinki “Azərbaycanı və ya Amerikanı, bütün dünyanı idarə edə bilən dövlət xadimi, “zəmanəmizin görkəmli liderlərindən biri” olmuşdur. Onun siyasəti, dahiliyi, böyüklüyü, cəsarəti, qətiyyəti, uzaqgörənliyi, əzəməti, qüruru həmişə xalqımıza mənəvi dayaq olmuş, ona beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, “dünya xalqlarının məhəbbət və hörmətini qazandırmışdır”. O, “XX əsrin görkəmli liderlərindən biri kimi tutduğu bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı rəhbər kimi göstərmişdir”. Böyük Nəsirəddin Tusi yazırdı ki, “hökmranlıq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə onu müalicə edə bilsin. Çünki hökmdar ölkənin həkimi yerində olmalıdır”. Sokrat isə qeyd edirdi ki, “dövlətə təcrübəli, səriştəli adamlar başçılıq etməlidirlər. Gəmini müəyyən biliyə, təcrübəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti də o qəbildən olan adamlar idarə etməlidirlər”. Ulu öndərin özü isə bununla əlaqədar olaraq göstəriridi ki, “idarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz.
Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, eləcə də 90-cı illərdə və XXI əsrin əvvəllərində özünü görkəmli dövlət xadimi, fenomenal qabiliyyətə və yüksək intellektə malik olan bir insan, uca şəxsiyyət, bütün sahələrə dərindən bələd olan rəhbər, uzaqgörən siyasi xadim kimi göstərmişdi. Dünyanın az-az dövlət xadimlərinə müyəssər olan keyfiyyətlər bu qüdrətli dövlət xadimində tamamilə cəmlənmişdi. Təsadüfi deyildir ki, Heydər Əliyev fenomeni hələ həmin illərdə dünya ictimai-siyasi fikrinin diqqət mərkəzində idi. Dünyanın çoxsaylı siyasətçilərindən, dövlət xadimlərindən Heydər Əliyevin fərqi onda idi ki, o, bütün istiqamətlərdə düşünmək qabiliyyətinə və peşəkarcasına fikir söyləmək imkanlarına malik idi. Dünya siyasətçiləri arasında bu cür “dünyəvi düşüncə tərzi”nə malik olan siyasətçilər çox azdır. Elə bu səbəbdəndir ki, ən böyük siyasət korifeyləri bu dahi şəxsiyyətə böyük hörmət hissi ilə yanaşmış, ona qibtə ilə baxmış, ilk söhbətlərindən və tanışlıqlarından onu özlərinə dost hesab etmişlər: “Sizə həqiqətən qibtə edirəm”, “Mən Sizi müəllimim hesab edirəm”, “Mənim üçün xüsusilə böyük məmnunluqdur ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünya şöhrətli şəxsiyyətlər tərəfindən idarə olunur” və sair.
...Qüdrətli siyasət və dövlət adamı olan ulu öndər Heydər Əliyev Azərbaycanımızın ən çətin anlarında xilaskarlıq missiyasını öz üzərinə götürmüş və dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Ötən əsrin 90-cı illərində də belə olmuşdur. Hakimiyyət iddiası ilə zor gücünə hakimiyyətə gələn səriştəsiz “bəylər” ölkəni acınacaqlı vəziyyətə salmış, siyasi, iqtisadi, hərbi böhranla üz-üzə qoymuş, vətəndaş müharibəsinə rəvac vermiş, qardaş qanı tökülməsinə səbəb olmuş, bundan istifadə edən məkrli düşmənlərimiz isə torpaqlarımızın bir hissəsini işğal etmiş, yüz minlərlə vətəndaşımız və soydaşımızı qaçqın və köçkün həyatına düçar etmişdir. Ölkə əhalisinin tam əksəriyyəti nicat yolunu ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində görmüşdür.
Faciələrin miqyasına, münaqişələrin mürəkkəbliyinə görə 1993-cü il Azərbaycan dövləti üçün ən ağır dövr idi. Baş verən hadisələr xalqımızın tarixində böyük faciə idi. Ən böyük faciə isə belə adamların hakimiyyətdə olması, lakin dövlətçilikdən baş çıxarmaması idi. Ölkədə özbaşınalıq, lidersizlik və dəhşətli bir hərc-mərclik hökm sürməkdə idi. Bu hadisələr bir daha göstərdi ki, müdriklər duran yerdə hakimiyyəti nadanlara vermək özü də cinayətdir. Bu, hakimiyyət kürsüsü xatirinə bir ölkəni, bir milləti fəlakətə sürükləməyə bərabərdir.
Heydər Əliyev bütün ömrünü siyasi işdə, vəzifə pillələrində keçirmiş, Sovetlər Birliyi kimi dünyanın nəhəng imperiyasının rəhbərlərindən biri olmuşdu. Odur ki, onun Bakıya dəvət olunması artıq zərurətə çevrilmişdi. Əslində, məqsəd Azərbaycan dövlətçiliyini xilas etmək yükünü onun çiyinlərinə qoymaqdan ibarət idi. Dünənə qədər ulu öndərin hətta kölgəsini belə “qılınclayanlar” indi onun kölgəsinə sığınmağa məcbur idilər. Təbii ki, bütün bunlar Heydər Əliyevə bəlli idi və o, qiyamçılarla, ölkənin yaxın, uzaq düşmənləri ilə özünəməxsus bir üsulla mübarizəyə atıldı.
Tarixi reallıq onu təsdiq edir ki, Heydər Əliyevin hakimiyyətə gəlişini nə sabiq prezident və onun komandası, nə sabiq spiker və onun komandası, nə sabiq baş nazir və onun komandası, nə o dövrdə hökm sahibi olan sabiq daxili işlər naziri və onun “boz qurd”ları, nə də yalnız şəxsi mənafelərə qulluq edən deputatlar həll edirdilər. Bu taleyüklü məsələni xalq həll edirdi. Xalq isə deyirdi: “Heydər baba, qurtar Azərbaycanı bu bəladan!”
Heydər Əliyev şəxsiyyətinə hər hansı problemin həlli zamanı onlarca variantı saf-çürük edərək, ən düzgün nəticəni çıxarması xarakterikdir. O səbəbdəndir ki, bu dahi şəxsiyyət əvvəlcə Gəncəyə gedib oradakı vəziyyətlə yerində tanış olduqdan sonra vətəndaş qarşıdurmasını böyük məharətlə və uzaqgörənliklə aradan qaldırdı. Sonra isə müdrikcəsinə və siyasi ustalıqla o vaxt Azərbaycanda mövcud olan başıpozuq silahlı dəstələrin tərksilah edilməsinə nail oldu. Müstəqilliyimiz üçün çox təhlükəli olan separatçılıq meyillərini aradan qaldırdı və Cənub bölgəsini ayırmaq istəyənləri zərərsizləşdirdi. Ulu öndər zəngin idarəetmə və dövlətçilik təcrübəsinə arxalanaraq, hər şeydən əvvəl, ölkədə özbaşınalığa son qoydu, haqq-ədalətin bərpasına, xalqın öləziyən ruhunun özünə qayıtmasına, müharibədə atəşkəsə nail oldu, tarixi şansımız olan müstəqilliyimizi qorudu. Müstəqilliyimizi əldən almaq üçün iki dəfə daxili və xarici qüvvələr (1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında) cəhd göstərdilər. Cəhdlərin hər ikisi Heydər Əliyevin polad iradəsi ilə qarşılaşdı və qarşısı alındı. Ulu öndərin Vətənimizdə son bir neçə yüz il ərzində eşidilməmiş sərt bəyanatı səsləndi: “Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”.
Azərbaycana düşmən kəsilən qüvvələr Heydər Əliyevlə zor müstəvisində danışmağın faydasız olduğunu anlayaraq, yumşaq taktika seçməyə məcbur oldular. Dövlət başçımız Azərbaycanın müstəqilliyini qəbul etmək istəməyənlərə: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır”, şüarını təkrar-təkrar söylədi. Özünün uğurlu siyasəti ilə vətəndaş müharibəsinin qarşısını aldı, dünya dövlətlərinin haqq işimizi dəstəkləməsinə nail oldu.
Ulu öndərin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoydu. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Prezident Heydər Əliyevin qədirbilən xalqımız və tariximiz qarşısında ən böyük xidməti bundan ibarətdir ki, o böyük düha torpaqlarımıza yiyələnmək üçün ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanı parçalayıb yox etmək təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir.
Əgər 1993-cü il iyunun 15-də xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik şəxsiyyəti, təcrübəli və qətiyyətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq öz xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır: “...1993-cü ildə Azərbaycanda yaşanan böhran, əslində, gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi artıq bir dəfə – 1920-ci ildə yaşamışdıq. O vaxt da cəmi iki il ərzində Azərbaycan müstəqil respublika kimi yaşaya bildi, ondan sonra süqut etdi. 1993-cü ildə eyni vəziyyət təkrarlana bilərdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bunun qarşısı alındı, böhrana son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi və ölkə inkişaf etməyə başladı. 1993-2003-cü illər bizim hamımızın yaxşı xatirindədir: sabitlik və inkişaf illəri, Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərinin möhkəmlənməsi illəri, neft müqaviləsinin imzalanması illəri. Bu gün Azərbaycanın uğurlu inkişafında o vaxt Heydər Əliyev tərəfindən atılmış addımlar müstəsna rol oynayır”.
1993-cü ilin 15 iyununda gənc və kövrək, ancaq gerçək müstəqillik tariximizin əsası qoyulmuşdur. Bu baxımdan 15 iyun 1993-cü il Azərbaycan tarixində böyük tarixə bərabər gün kimi səciyyələndirilməlidir. Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi. Həmin tarixi qərarda deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanı məhv olmaqdan xilas etdi, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanılmasına real zəmin yaratdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu barədə danışarkən demişdir: “...Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə QAYIDIŞINDA tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskarlıq missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
Ümummilli lider Heydər Əliyevin gərgin işi, zəhməti nəticəsində Azərbaycan dövləti müxtəlif beynəlxalq təşkilatlara üzv oldu, dünyanın aparıcı dövlətləri, eləcə də qonşu dövlətlərlə diplomatik əlaqələri genişləndirdi, onlarla əməkdaşlıq etməyə başladı. Dünyada Azərbaycanın rolu və nüfuzu artdı, ölkəmiz beynəlxalq münasibətlərdə söz sahibinə çevrildi. Demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan bölgədə iqtisadi tərəqqiyə imkan verən addımlar atdı. Demokratik şəkildə keçirilən parlament və prezident seçkiləri, hüquqi və iqtisadi islahatlar Azərbaycanın müstəqillik və demokratiya yolunda inamla irəlilədiyini bir daha təsdiq etdi. “Əsrin müqaviləsi” imzalandı, cəbhədə atəşkəs əldə olundu, Milli Ordu quruculuğuna xüsusi diqqət yetirildi. İlk milli Konstitusiyamız qəbul edildi, əsaslı məhkəmə-hüquq islahatları aparıldı. Ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, sosial-iqtisadi inkişaf üçün əsaslı islahatlara başlandı, qanunçuluq möhkəmləndirildi. Dövlət quruculuğu tədbirləri genişləndirildi. Beləliklə, ulu öndərin qətiyyətli fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmləndirildi və rəvan inkişaf yoluna çıxarıldı. Bu yolda da çox böyük uğurlar əldə edildi.
Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla və yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının qloballaşan dünyanın tələblərinə uyğun yeni keyfiyyətdə davam etdirdiyi siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verib. Ulu öndər tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Respublikamız dünyanın inkişaf etmiş dövlətlərindən birinə, Cənubi Qafqazın isə lider dövlətinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın çox geniş quruculuq və abadlıq işlərinin aparılması, ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən irimiqyaslı layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi və tranzit ölkəyə çevrilməsi Vətənimizin beynəlxalq aləmdə rolunun artmasına, nüfuzunun yüksəlməsinə səbəb olmuşdur. Bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Qədirbilən xalqımız bu günü hər zaman əziz tutur, onu hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Çünki ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan düşdüyü çətin və böhranlı vəziyyətdən, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuşdur. Milli Qurtuluş Günü Azərbaycanın gələcək inkişafı üçün zəmin yaratmışdır. Ölkə Prezidenti İlham Əliyevin sözləri ilə desək “müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır”.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
Digər xəbərlər