Sağlamlığı qoruyan qidalar haqqında

A- A A+

Dünya alimləri tərəfindən 1000-dən çox qida məhsulları üzərində elmi araşdırmalar aparılmış və nəticədə orqanizm üçün ən faydalı və önəmli məhsullar seçilib.

Bu qida məhsulları aşagıdakılardır:

Dərman zəncirotu yarpağı - A və C vitaminləri, eləcə də kalsium baxımından zəngindir. Xərçəngin müalicəsində kifayət qədər etibarlı olan dərman bitkilərindən biri hesab olunur. Kseroftalmiya (toyuq korluğu), sümük xəstəlikləri və iştahsızlıq zamanı təyin edilir. Təbabətdə dərman zəncirotunun qurudulmuş kökləri iştahsızlığı, qəbizliyi aradan qaldırır və ödqovucu təsir göstərir. Köklərindən alınan qatı cövhərdən həb hazırlanır. Bu bitki dəridə olan çillərə qarşı faydalı vasitədir. 4 çay qaşığı zəncirotu kökü 1,5 stəkan suda 15 dəqiqə ərzində bişirilir. Hazırlanmış həlim soyudulur və filtrdən keçirilərək mütəmadi olaraq dəriyə çəkilir.

KətanToxumunun tərkibində liflərin çox olması ilə bərabər, protein, linolein turşusu və digər vitaminlərlə də zəngindir. Qədimdə Fironlar tez-tez kətan toxumları istifadə edirdilər, yunanlar onu çörəyə əlavə edirdilər. Kətan toxumları omeqa-3 turşusunun ən əhəmiyyətli mənbələridir. İki xörək qaşığı kətan toxumu istifadəsi gün ərzində omeqa-3-ə olan təlabatın 140%-ni verir. Kətan toxumu linolein turşusu ilə zəngindir ki, xərçəng ilə mübarizədə qəbulu zamanı açar olan iki omeqa-3 turşusuna çevrilir. Bu çevrilmənin baş verməsi üçün az miqdarda omeqa-6 istifadə etmək lazımdır, çünki omeqa-3-ü istehsal edən enzimlər omeqa-6-nı da istehsal edir və hər iki tip yağ turşuları bu enzimlərə görə rəqabət aparırlar. Kətan toxumları omeqa-3 ilə yanaşı çoxlu miqdarda fitoestrogenlərə də malikdir. Bu maddələr xərçəngin inkişafında iştirak edən bəzi cinsiyyət hormonlarının xüsusən estrogenlərin səviyyəsini modullaşdırır (normallşdırır). Onlar qanda olan estrogenlərin aktivliyini tənzimləyir və onların artıqlığının sağlamlığa zərərli təsirini aradan qaldırırlar. Tərkibindəki liqnanlar hormondan asılı şişlərin profilaktikasında böyük rol oynayırlar. Liqnanlar antioksidant maddələrdir. Hər gün 30 q kətan toxumu istifadə edən prostat xərçəngi xəstələrində şişin inkişafına 30-40% ləngidici təsir edir, belə ki, onun ölçüsünü kiçildir.

Balqabaq toxumu - Dəmir və manqanla olduqca zəngindir. Bağırsaq helmintlərinə qarşı dahi təbib İbn Sina istifadə edirdi. Qurdqovucu dərman və ya dərman bitkilərindən fərqli olaraq helmintlərə qarşı seçicilik xüsusiyyətinə malik deyildir. Yəni bütün növ bağırsaq qurdlarını qovur.  

Şəkər çuğunduru - Tərəvəzlərə parlaq rənglər verən maddələr baxımından zəngin olduğu üçün güclü antioksidant və qanyaradıcı xüsusiyyətə malikdir. Həm tək, həm də digər bitkilərlə birlikdə istifadə edilir. Ən azı 2 ay müddətində istifadə edilməlidir. Limfositləri artırdığından immuniteti gücləndirir. Xalq təbabətində qırmızı çuğundurun köklərini soyuq su ilə yuduqdan sonra xırda doğrayıb sıxaraq şirəsini çıxarırlar. Alınan təzə şirədən babasil xəstəliyində gündə 3 dəfə, hər dəfə 2-3 stəkan içilir. Azərbaycanda xalq təbabətində qırmızı çuğundurun köklərindən alınan təzə şirəni balla qarışdırıb vərəm xəstəliyinə qarşı içirlər. Abşeronda yerli əhali qədimdən qırmızı çuğundurun köklərindən aldıqları təzə şirədən hipertoniya xəstəliyinin müalicəsində istifadə edirlər. Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində də çox faydalıdır. Qan artıran bitkidir. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün olduqca faydalıdır. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha xeyirlidir. Çuğundurun yarpağının suyu və özü bəlğəmgətiricidir. Badam yağı ilə məlhəmi şişləri yumşaldır. Xardal ilə çuğundur yemək yel xəstəliyi (revmatizm) üçün faydalıdır.

Şəkər çuğunduru yarpağı - Şəkər çuğunduru bitkisinin yarpağı kalsium, dəmir, K və B qrupu vitaminlərlə zəngindir. Ürəkdə taxikardiya (ürəyin normadan çox vurması) və ekstrasistoliya (ürək vurğularının pozğunluğu) zamanı istifadə edilir.

Cəfəri - Ədviyyat olaraq istifadə edilən cəfəri bor, flüor və kalsium ilə zəngin olduğundan oynaq, sümük, sinir xəstəlikləri, qanın təmizlənməsi və diş xəstəliklərində (parodontoz) istifadə edilir. Cəfəri kök və yarpaq növlərinə ayrılır. Yarpaq cəfəri kök əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə və 35 mq% C vitamini vardır. Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu qədərdir. Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, həmçinin B1 və B2 vitaminləri vardır. Cəfəri toxumunda 2,7%, kökündə 0,05%, yarpağında isə 0,3% efir yağı olur. Azərbaycanda məhsuldar cəfəri sortu yetişdirilir.

Kərəviz – Yarpaqları həm qurudulmuş və həm də təzə halda istifadə edilir. Mineral və amin turşularının əsas mənbəyidir. Böyrək və öd daşlarının (nefrolitiaz) parçalanmasında və yeni yaranan daşların formalaşmasının qarşısının alınmasında əvəzsiz sayılır. Kərəviz damardakı “tıxacları” açır, qəlbi təravətləndirir, hafizəni gücləndirir və insanı əsəb, cüzam, ekzema və stressdən qoruyur.

Bulaqotu - Su kənarlarında yetişən bu bitki mineral maddələrlə (yodla) zəngindir. Zob (treotoksikoz) zamanı olduqca faydalıdır.

Mandarin - Karotinoid və A vitamini ilə olduqca zəngindir. İmmunitetin möhkəmləndirilməsində və gözdə “toyuq korluğu” zamanı istifadə edilir. Meyvəsinin lətində 7,6-8,3% şəkər, 0,7-1,1% üzvi turşu, 100 qr meyvəsində 35 mq C vitamini vardır. Meyvəsindən yeyinti sənayesində geniş istifadə olunur. Əsas qlükozidi-tanjeritindir. Sitrus meyvələrinin tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin maddələri də əsasən qabıq hissədə toplanır. Sitrus meyvələrinin tərkibində C, P, B1, B2, PP vitamini və karotin vardır. Portağalın qabığında 490 mq% P vitamini olur. Azotlu maddələrin miqdarı 1%-ə qədər təşkil edir.

Yaşıl noxud- Bu bitkidə çoxlu miqdarda dəmir, fosfor, maqnezium, sink, mis və lifli maddələr vardır. Qanazlığı, sümüyün qan dövranı ilə təchizinin pozulması (osteoxondroz) və yaddaşın möhkəmləndirilməsində istifadə edilir.

Yaşıl soğan - Fosfor, mis, maqneziumla zəngin olan yaşıl soğan K vitaminin əsas mənbəyidir. Qanın laxtalanmasında, immunitetin möhkəmləndirilməsində, yaddaşın gücləndirilməsində istifadə edilir. Təbii antibiotik (fitonsid) sayılır.

Qırmızı kələm – Subtropik ölkələrdə yetişdirilən bu bitki vitaminlərlə zəngindir. Mədə-bağırsaq və qanazlığında (anemiya) faydalıdır.

Badam - Tərkibində olan vitaminlər ürək, sinir və beyin fəaliyyəti üçün faydalıdır. Tərkibində B17 vitamini vardır ki, bu da antixərçəng vitamini hesab olunur. Badam omeqa 3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsini aradan qaldıırır. Həftədə ən azı 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha az rast gəlinir. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam dad və iybilmə qabiliyyətini artırır.

İspanaq - A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, karotinoidlər fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. Qanyaradıcı xüsusiyyətə malikdir İmmuniteti möhkəmləndirir, ürək fəaliyyətini yaxşılaşdırır, qavrama və mənimsəmə çətinliklərini aradan qaldırır və gözün optik qüvvəsini artırır. İspanağın xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir. Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiq, iflic və görmə pozuqluqlarına yaxşı təsir edir. Həzmi asanlaşdırır, sidikqovucu təsir edir və babasil xəstəliyində yaxşı effektlidir. Yara və yanıqların regenerasiyasını sürətləndirir, diş çürümələrinin qarşısını alır. Qanda xolesterinin miqdarını azaldır.

Qırmızı bibər - A, C, E vitaminləri ilə olduqca zəngindir. Görməni, iştahı yaxşılaşdırır, maddələr mübadiləsini gücləndirir, iltihabın asan sorulmasına kömək edir.

Reyhan - Ürəyi qorumaqda ən faydalı bitki sayılan reyhan göbələk (antiviral) və bakteriyalara qarşı (antibakterial) olduqca fəal təsirlidir. Xalq təbabətində əsəb sisteminin tənzimlənməsində müalicə məqsədilə istifadə edilir. Bitkidən daxili xəstəliklərin müalicəsində də istifadə olunur. Ağızdakı də iyini aradan götürmək üçün beş dəqiqə ərzində reyhan yarpaqlarını çeynəmək lazımdır. Bitkinin yarpaq və zoğunda 0,02-0,08% efir yağı, vitaminlər və aşılayıcı, qatranlı maddələr də vardır. Naxçıvan MR Babək rayonunun təsərrüfatlarda əkilib becərilir.

Acı bibər - Karotin, riboflavin, bir çox vitaminlərlərdən və zəngin antioksidantlardan ibarətdir. İmmuniteti möhkəmləndirir, qanı durulaşdırır və hüceyrələri cavanlaşdırır. Acı bibər bağırsaq hərəkətlərini (peristaltika) artıraraq həzmi sürətləndirir, mədədəki turşuluq və qazı aradan qaldırır. Antifungal xüsusiyyətləri olan acı bibər göbələk problemlərində də təsirlidir. Bundan başqa, tənəffüs yolu infeksiyaların aradan qaldırılmasında da əhəmiyyətlidir. Əsrlərdir ki, acı bibərdən alternativ tibbdə istifadə edilir. Yerli xalqlar onunla müalicə üsullarına əsas əhəmiyyət verirlər. Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və iz buraxmadan yaxşılaşmasını təmin edir. Acı bibərə allergik reaksiyalar zamanı da müraciət edilir. Baş ağrısı, soyuqdəymə kimi hallarda istifadə edilir. Bundan başqa, ağrıkəsici xüsusiyyəti də olduğundan diş ağrıları, ilan sancmaları və miqrendə təsiri böyükdür.

Brokoli – Tərkibi çoxlu vitaminlərdən təşkil olunmuşdur. Avitaminozlar zamanı istifadə edilir. Yüksək qidalılığa malikdir.

 

 

Ramiz Ələkbərov

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun

Biokimyəvi tədqiqatlar laboratoriyasının

rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: