Dərman limonotu növünün faydalı xüsusiyyətləri

A- A A+

Qlobal ərzaq təhlükəsizliyi bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olub, insanları rahat həyat şəraiti və qida məhsulları ilə təmin etməkdir. Belə məsələlərin aktuallığı elmi-tədqiqat işlərinin sürətlə genişlənməsini və bunun üçün böyük elmi araşdırmalar aparılmasını tələb edir. Məhz bu baxımdan insanlar ərzaq məhsullarına, ekoloji təmiz içməli suya, ümumiyyətlə minimal yaşayış şəraitinə tələbatını ödəmək üçün təbii mənbələrdən və elmi-texniki tərəqqinin bəhrəsindən istifadə etməsi məcburiyyətindədir. Əczaçılıq sənayesində dərman bitkilərindən alınan maddələr, kimyəvi yolla sintez edilən maddələrdən üstündür. Bir çox növlərin müasir vəziyyətini tədqiq etmək, baş verən ekoloji və antropogen transformasiyaları müəyyənləşdirmək və çatışmazlıqları aradan qaldırmaq, istər nəzəri və istərsə də təcrübi baxımdan mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası florasında da yayılan dərman bitkilərinin biomorfoloji, ekoloji, yayılma qanunauyğunluqları, kimyəvi tərkibi, müalicə istiqamətlərinin və istifadə perspektivlərinin aktuallığını nəzərə alaraq, daha geniş şəkildə öyrənməyə ehtiyac vardır.

Belə bitkilərin toplanılması, qurudulması, elmi və xalq təbabətində istifadə imkanları haqqında məlumat verməyi lazım bilirik. Məhz belə bitkilərdən biri də Dərman limonotu, ballınanə və ya badrinc (Melissa offisinalis) bitkisidir. Bu növ Limonotu cinsinin (Melissa L.) Avrasiya, Mərkəzi və Cənubi Avropa, Şimali Afrika, Qafqaz, Ön və Orta Asiya, Balkan ölkələri, İran, Ukrayna və Azərbaycanda eləcə də adventiv halda Amerikada yayılan 2-3 növündən biridir. Əksər rayonlarda (xüsusən meşəli ərazilərdə) arandan, orta dağ qurşağınadək meşə və kolluqlarda, rütubətli yarğanlarda, bəzən bağ və bostanlarda yalnız bir Dərman limonotu (Melissa offisinalis) növünə rast gəlinir. Çoxillik, yumşaq tüklərlə örtülü, yerüstü hissələri kəskin limon iyinə malik olan ot bitkisidir. Yarpaqları iri, oval və kənarı qırışıqlıdır. Yuxarı yarpaqların qoltuğunda yerləşən kasacığı zəngşəkilli və ağımtıl olmaqla, meyvəsi fındıqcadır. Qiymətli dərman, qida, ədviyyat, vitaminli, balverən və dekorativ bitkidir. Çoxillik ot bitkisi olub, hündürlüyü 30-120 sm-ə bərabərdir. Yarpaqları qarşı-qarşıya saplaqlı olmaqla, çəpərəbənzər kənarlıdır. Kasacığı ikidodaqlı, çiçək tacı 1,5-2 dəfə kasacıqdan uzun, ağımtıl, çəhrayı və ya açıq-bənövşəyi rənglidir. Meyvələri yumurtavari, açıq-qonur və ya boz rəngli olub, uzunluğu 1,8-2 mm-ə bərabərdir.

Mədəni halda Krım, Qafqaz (Azərbaycanda) və Orta Asiyada plantasiya şəklində əkilir. Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Gənzə kəndi və Şahbuz rayon Badamlı kəndi ərazisində rast gəlinir. Mədəni halda isə Naxçıvan Muxtar Respublikasının əksər həyətyanı sahələrində ədviyyə və dərman bitkisi kimi becərilir. Ekoloji şəraitinə görə meşələrdə, yarğanlarda, kölgəli dərələrdə və aşağı dağ qurşaqlarında yayılır.

Dərman limonotunun xirdalanmış yarpaqları sedativ və spazmolitik xassəyə malikdir. Bu bitkidən hazırlanan Kasmin preparatı antikouqlyant və antiaqreqant təsirə malikdir. Üz səpkilərində işlədilən Lomaherpan məlhəmi virusəleyhinə təsirlidir. Bədrəncin tərkibində efir yağı olan kombinəedilmiş “Dormiplant”, “Novo-Passit”, “Persen”, “Nervoflukus”, “Qastrovit”, “Enerqotonik”, “Altaleks” dərman preparatları hazırlanır ki, bunlar ən çox sinir xəstəliklərində istifadə edilir.

Limonotu bitkisinin dəmləməsi sedativ dərman kimi nevroz, hipertenziya, halsızlıq, vegetativ-damar distoniyası, ürəyin işemik xəstəliyi, taxikardiya, meteorizm, dermatit, qastrit, xolesistit, pielonefrit, piylənmə və yüksək cinsi həssaslıq zamanı həssaslığı azaltmaq üçün istifadə edilir. Bundan başqa, bağırsaq sancısında, xolesistit, böyrəkdaşı, sidikyolu xəstəliklərində, stenokardiya və klimakterik sindromlarda işlədilir. Dəri xəstəlikləri zamanı antibakterial, antivirus, furunkulyoz, herpesə qarşı yaxşı təsir edir. Bədrənc bitkisi kombinəedilmiş şəkildə ektrakt, dəmləməsi sedativ, spazmolitik, ağrıkəsici, hipotenziv təsirlidir. Çiçəkləyənə qədər cavan yarpaqları kəsilərkən şirəsindən kulinariyada, yarpağındakı limon iyli efir yağına görə parfümeriyada (ətriyyat sənayesində) istifadə edilir. Spazmolitik dərman kimi mədə-bağırsağı tənzim edir. Xüsusən, meteorizmi nizama salır. Xalq təbabətində yarpaq, gövdə və çiçəkləri taxikardiya, hipertoniya xəstəliyi, bronxial astma, nevralgiya, miqrendə sakitləşdirici kimi, xolesistit, ateroskleroz, öddaşı xəstəliyi və laktasiyanı gücləndirmək üçün istifadə edilir.

 

                                                                      Ramiz Ələkbərov

                                                                      Aydın Qənbərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: