Naxçıvanda İnsan Hüquqları Gününə həsr olunmuş bilik yarışı keçirilib - FOTOLAR

A- A A+

18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı təşkil edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Qeyd olunub ki, görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırıb. Bu sahəyə qayğının ifadəsi kimi, ölkə başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur və muxtar respublikada da bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova çıxış edərək bildirib ki, muxtar respublikada insan hüquq və azadlıqları daim diqqət mərkəzində saxlanılır, muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Ölkə başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamı insan hüquqlarına verilən diqqətin bariz təzahürüdür.

Müvəkkil qeyd edib ki, bilik yarışmasının əsas məqsədi insan hüquq və azadlıqlarının əsas mənbəyi olan Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycanın dövlət və hüquq tarixində mühüm hadisə olan Naxçıvanın muxtariyyətinin tarixi və hüquqi aspektlərinin hərtərəfli və davamlı öyrənilməsinin təşviq edilməsi, gənclərin hüquq sahəsinə olan maraqlarının artırılması, insan hüquq və azadlıqlarının təbliği, gənclərin bu istiqamətdə stimullaşdırılması və istedadlı gənc­lərin aşkar edilməsindən ibarətdir.

Muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından bəhs edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Anar Babayev bildirib ki, son illər gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi, onların cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin olunması məqsədilə muxtar respublikada Gənclər Mərkəzi, elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək gənclərin istifadəsinə verilib.

İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışmasına start verilib.

Yarışda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, həmçinin Naxçıvan Dövlət Texniki, Naxçıvan Tibb və Naxçıvan Musiqi kolleclərinin tələbələri iştirak ediblər. İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektlərinə dair suallar üzrə biliklərini sınayıblar.

İki saata yaxın davam edən bilik yarışında ali təhsil müəssisələri tələbələri arasında “Naxçıvan” Universitetinin “Aran” komandası birinci, Naxçıvan Müəllimlər İnstitutunun “Mübariz” komandası ikinci, Naxçıvan Dövlət Universitetinin “Buta” komandası isə üçüncü yerə layiq görülüblər.

Orta ixtisas təhsili müəssisələri tələbələri arasında isə Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası birinci, Naxçıvan Tibb Kollecinin “Şəfa” komandası ikinci, Naxçıvan Musiqi Kollecinin “Melodiya” komandası üçüncü yeri tutublar.

Sonda qalib gəlmiş və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəxri fərmanları və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun diplomları ilə təltif olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: