Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur

A- A A+

Respublika çaylarının sululuğu əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 metr yüksəklidə qar ehtiyatları, onların temperaturdan asılı olaraq ərimə şiddətliyi və yaz dövründə düşən yağıntılar hesabına formalaşır.

Adətən qış fəslində dağlıq və dağətəyi rayonlarda qar örtüyünün əmələ gəlməsi noyabrın sonu və dekabrın əvvəlində başlayır, mart ayınadək davam edir.

Son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin sayının azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva yanvarın 24-də keçirilən mətbuat konfransında məlumat verib.

"Baxmayaraq ki, 2019-2020-ci illərin qış dövründə dağ və dağətəyi zonalarda qar örtüyünün yaranması ötən ilin noyabr ayının 3-cü ongünlüyündə başlayıb və ayrı-ayrı günlərdə davam edir, təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır. Bunu qonşu Türkiyə və Gürcüstanda Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatlar da təsdiq edir.

Bu ilin yanvar ayının birinci yarısında respublikanın dağlıq ərazilərində yaranan qar örtüyünün orta hündürlüyü 4,7-9,4 santimetr təşkil edib. Ötən il bu rəqəm 6,5-23,3 santimetrə bərabər olub. Yaranan qar örtüyünün hündürlüyü ötən ilin müvafiq dövrünə yaxın olsa da, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində az olub.

2020-cu ilin yanvar ayının birinci yarısında dağlıq və dağətəyi rayonlarda düşən yağıntının miqdarı çoxillik normanın 9-58 faizini təşkil edib".

Umayra Tağıyeva bildirib ki, hazırda çaylarda azsulu dövr müşahidə olunur. Lənkəran-Astara bölgəsinin bəzi çayları istisna olmaqla digər çayların sululuğu keçən il ilə müqayisədə azdır. O cümlədən transsərhəd çaylarda, xüsusən də Qanıx çayında keçən il ilə müqayisədə sululuğun azalması qeydə alınıb.

"Yanvar ayının birinci yarısında Kür çayının Qıraqkəsəmən məntəqəsində sululuq normanın 68, Araz çayının Qıvraq məntəqəsində sululuq normanın 81, Qanıx çayının Əyriçay məntəqəsində isə sululuq normanın 41 faizini təşkil edib.

Hazırda respublika ərazisində ən böyük su anbarı olan Mingəçevir su anbarının səviyyəsi 68,13 metr təşkil edir ki, bu da keçən illə müqayisədə 2,43 metr aşağıdır. Anbarda səviyyənin xeyli aşağı olması onun doldurulmasında mühüm rol oynayan Kür və Qanıx transsərhəd çaylarında son illərdə azsulu illərin müşahidə olunması ilə əlaqədardır", - deyə nazirliyin rəsmisi bildirib.

Umayra Tağıyevanın sözlərinə görə, su ehtiyatlarının hazırki vəziyyəti aktual məsələlərdən biridir: "Əhalinin artımı və iqtisadiyyatın inkişafı şəraitində dünyada su ehtiyatlarından istifadə sürətlə artır və su təminatı pisləşir. İqlim dəyişmələri nəticəsində bu problem daha da kəskinləşir. Hazırda dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və yaxın onilliklərdə bu problemin artacağı proqnozlaşdırılır.

İqlim dəyişmələri ölkəmizdə də özünü göstərir. Araşdırmalara əsasən Azərbaycanda su ehtiyatları gözlənilən iqlim dəyişmələrinin təsirlərinə daha həssasdır.

İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var. Aydındır ki, iqlim dəyişmələri təsirlərinin qarşısını almaq mümkün deyil, lakin onların fəsadlarını nisbətən yumşaltmaq olar. Digər tərəfdən, su itkilərinin miqyası böyükdür.

Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: