Culfa rayonun Yaycı kəndində hüquqi maarifləndirmə tədbiri təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə Yaycı  kəndində vətəndaşların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun böyük müstəntiqi II dərəcəli hüquqşünas Afət Kərimli “Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək və icra intizamının təmin edilməsi, bunun pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları” ilə bağlı ətraflı  məlumat verib.

Bildirilib ki, işin keyfiyyətinə müsbət təsir etmək məqsədilə tətbiq edilən müəssisədaxili intizam qaydaları Əmək Məcəlləsinə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.

Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

İşəgötürən, işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa; aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv etmək tədbirləri nəzərdə tutulub.

Daha sonra rayon prokurorluğunun müstəntiqi İbrahim Hüseynov “Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri” mövzusunda çıxış edərək ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən torpaq islahatlarından, yeni torpaq münasibətləri və qanunvericilik bazasının formalaşmasından danışıb. Vətəndaşların diqqətinə çatdırılıb ki, ölkəmizdə torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Ona görə də zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma əməli hesab olunur. Bu zaman həmin şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan istifadə etməyə başlamış olur. Bütün bunlar cinayət qanunvericiliyinə əsasən, məsuliyyətə səbəb olur.

Hər bir torpaq mülkiyyətçisi yaradılan şəraitdən düzgün bəhrələnməli, ölkəmizin tükənməz sərvəti olan torpaqlardan məqsədyönlü istifadə edərək həm öz güzəranını yaxşılaşdırmalı, həm də iqtisadi inkişafa öz töhfəsini verməlidir. Unutmamalıyıq ki, torpaqlardan təyinatına uyğun istifadə gələcək nəsillərin rahat yaşayışı üçün vacib şərtdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: