Şərur rayonunda yeni təcrübə bağı salınacaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda yerli meyvə sortlarından ibarət bağ salınacaq. Şərur rayon Dərvişlər kəndində keçirilən “Elmi yeniliklərin kənd təsərrüfatında tətbiqinin əhəmiyyəti” mövzusunda səyyari müşavirədə belə deyilib. Müşavirədə bitkiçilik sahəsində tətbiq olunan aqrotexniki tədbirlər, yeni becərmə texnologiyaları, zərərvericilərə qarşı kimyəvi dərmanlar və digər yeniliklər barədə məlumat verilib. Vurğulanıb ki, düzgün tətbiq edilən yeniliklər vahid sahədən ildə iki dəfə məhsul götürməyə imkan verə bilər. Bunun üçün rayonda münbit iqlim, coğrafiya və şərait var. Müşavirədə kənd təsərrüfatı məhsulları istehsalının Şərur rayon iqtisadiyyatındakı rolundan da söz açılıb.
Mütəxəssislər torpağa düzgün qulluq edilməsi, onun vaxtında gübrələnməsi ilə bağlı məsləhətlərini veriblər.
O da diqqətə çatdırıb ki, hazırda rayonda qarğıdalı bitkisi sortlarının mikroelement tərkibli gübrələrlə qidalanmasının məhsuldarlığa təsiri ilə bağlı elmi tədqiqat işləri aparılır. Həmçinin kolleksiya meyvə bağının salınması nəzərdə tutulub. Burda həmçinin toxum bankının yaradılması üçün bitki sortları da əkilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, əkinlərə baxış olub.
Mədinə Rəhimli