Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.
Bu barədə məlumatı NUHÇIXAN -a Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Rahil Tahirli verib.
Onun sözlərinə görə, Narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Davut Korkmazın idarə etdiyi 27 V 7249 dövlət nömrə nişanlı DAFmarkalı yük maşınına X-ray tipli rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.
Gömrükçülər tərəfindən 27 V 7250 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 108 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İsfahan şəhərində adığını, Naxçıvan üzərindən Türkiyəyə keçirməklə Qaziantep şəhərində adı istintaqa məlum olan şəxsə təhvil verəcəyini deyib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.