Qədim yurd yerlərimiz: Yaycı

A- A A+

Şərur rayonunun dağlıq ərazisində Aşağı Yaycı və Yuxarı Yaycı adında iki qədim yaşayış məskəni var. “Azərbaycan toponimləri. Ensiklopedik  lüğət”ində göstərildiyi kimi, Aşağı Yaycı məntəqəsini 1928-ci ildə keçmiş Yaycı (indiki Yuxarı Yaycı) kəndindən çıxmış bir qrup ailə salıb. Toponim özündə qədim türkmənşəli yaycı tayfasının adını yaşadır. Bu tayfa, mənbələrdə qeyd olunduğu kimi, hələ qədimdən, əsasən Naxçıvan və indiki Ermənistan ərazisində yaşayıb. XIX əsrdə Cənubi Qafqazda ümumilikdə 8 Yaycı kəndi olub. Hazırda ikisi Şərur, biri Culfa rayonunda olmaqla Naxçıvan Muxtar Respublikasında üç Yaycı kəndi var. Qeyd edək ki, İğdır (Türkiyə) ərazisində də Yaycı adlı yaşayış məntəqəsi də hal-hazırda mövcuddur.

Türklərin tarixində özünəməxsus yeri olan Xivə xanı, tarixçi, şair Əbülqazi Bahadır xan (1603-1663) “Şəcərəyi tərakimə”  əsərində  yazırdı ki, Qara Qazi bəyin dörd oğlu var idi. Birinci Ögücik Alp... Ögücikin altı oğlu olub. Hamısı  əkiz idi. Belə ki, üç dəfə bir-birinin arxasından əkiz olub adları budur: Berdi, Buka bir əkiz, Avşar,  Kusar bir əkiz. Yaycı, Dingli bir əkiz.  Yaycı oğulları bu zamanda Amu suyunun yaxasında Qara Kul yaxınlığında məskənləşiblər. Bu dövrdə də onlara Yaycı deyirlər.

Əbülqazi Bahadır  xanın məlumatından aydın olur ki, Yaycı etnonimi öz adını nəsil adı kimi şəxs adından alıb.

Təxminən belə bir mülahizə ilə araşdırıcı Məmməd Elli də çıxış edib. O, mətbuatda vaxtilə dərc etdirdiyi “Yaycı və Yəyci kənd adları” adlı məqaləsində yazır ki, qədim Altay türkləri qadir Tanrını Yayuçı xanın adıyla tanımışlar. Güman ki, Yaycı və Yəyci yer adları Yayuçı xanın adıyla  bağlı olaraq yaranmışdır: Yayuçı-Yaycı... Yayuçı tanrı adı türk mənşəlidir. Yayuçı – “Yayu Kişi” deməkdir.

M. Ellinin fikrinə görə, “yayu” sözü “yaymaq” feilindən düzəldilmişdir və bu sözü indiki morfoloji anlayışda “yayan” şəklində götürmək olar: Yayu Kişi – Yayan Kişi.

Alimlərdən Firudin Rzayev də Yaycı sözünün etimologiyasına dair fikir söyləyib. O qeyd edir ki, bu sözü yay-çı kimi qəbul etsək, müasir dilimizin “hazırlayan” və ya “yay düzəltməklə məşğul olan” anlamı üzərində dayanmalıyıq... Qədim  türk şamanlarda – qamlarda irəlini görmək üçün icra olunan ayinlərdə yaydan müqəddəs bir əşya kimi istifadə olunurdu və bu işlə məşğul olanlara, yəni irəlini görənlərə, olacağı xəbər verənlərə “yaycı” deyirdilər.

Türkiyəli alim Nihat Çətinkaya İğdırdakı Yaycı kənd adının etimologiyasına toxunaraq  “İğdır tarixi” adlı əsərində yazır ki, yaz vaxtı heyvanlarla yaylağa köçən, yayılan, yaylaqçı türklərə “yaycı” deyilib. İğdırın Yaycı kənd adı da yaylaqçı ənənəsinə bağlı olan əhalisinə görə, əvvəllər oymak adı olmuş və daha sonra bu “yacı/yaycılu” oymağı oturaq həyata keçdiyi yerə də həmin oymağın adı verilib.

Göründüyü kimi, yaycı sözünün etnonim  kimi formalaşmasına dair fikirlər müxtəlifdir. Mahmud Kaşğarlı özünün məşhur “Divanü lüğat-it- türk”  (1072-1074) əsərində hazırkı vəziyyətdə bizim üçün maraqlı olan bir fikir irəli sürüb. O, iyirmi iki oğuz boyu haqqında məlumat verdikdən sonra qeyd edir ki, bu saydığım bölüklər kökdür. Bu kökdən bir takım oymaklar (boylar, tayfalar – A.İ.) çıxmışdır. Bu bölüklərin adları onları qurmuş olan əski dədələrinin adlarından alınmışdır. Artıq, fikir müxtəlifliyinə o qədər də yer qalmır. Mahmud Kaşqarlının (Mahmud Kaşğarinin) və Əbülqazi Bahadır xanın da qeyd etdiyi kimi bir çox qədim türk boy, tayfa, nəsil, tirə adları həmin tayfa, nəsil, tirə başçılarının adından törəmişdir ki, onlardan biri də yaycı tayfasıdır.

Elmi qaynaqlarda bir daha qeyd olunduğu kimi, Yaycılar mənşəcə oğuz tayfalarından hesab olunurlar. Onların bir qismi XII-XIII əsrlərdə Azərbaycana gəlmiş, əsasən, Naxçıvan ərazisində yaşamışlar. Yaycı kənd adları eyniadlı tayfa adından yarandığı üçün etnooykonimdir.

 

                                                Akif İmanlı

Naxçıvan Müəllimlər İnstitutunun professoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: