Yeməklərimiz və adətlərimiz: Şilə

A- A A+

- Zəhra xala, ay Zəhra xala!

-Ay bala, gəlin görüm, nə deyirsiz?

-Salaməleykim, Zəhra xala... Sabah Xəzəngül xalanın qızı Aygülün şiləsidi. Anam deyir, ailəlikcə gəlsinlər...

-Sağ ol, gözəl qızım. Allah mübarək eləsin! O şilədən sizə də qismət olsun.

15-16 yaşlarında iki gənc qız siyahıdakı Zəhra xalanın adının üstündən xətt çəkib, deyə-gülə kəndin  Çaybasar məhəlləsinə tərəf yola davam etdilər. Hələ çağrılası adam çox idi...

İlk baxışda burada qəribə heç nə yoxdu. Bu, qız övladına toy edən birinin qohum-qardaşını toya dəvət etmə qaydasıdı. Amma indiki gənclik bunlardan xəbərsizdi. Hətta, onlara gülməli də gələ bilər. Indi dəbdəbə ilə toy mərasimləri keçirənlər, bahalı dəvətnamələrlə qonaqların toya dəvət olunmasını görənlər nə bilsin ki, ev-ev gəzib toya adam çağırmaq nədir..? Hələ şilə nə deməkdi? Demirəm, bəlkə nənələrindən belə bir adətin olduğunu yəqin ki, eşidənlər olar. Həmçinin şilə barədə səthi məlumatları da ola bilər. İllər keçdikcə, köhnə adətlər yeniləri ilə əvəz olunub. Elə götürək, muxtar respublikanın bəzi bölgələrində vaxtilə kənd toylarında verilən şilə mərasimini. Bu adla keçirilən mərasimə ən çox Babək rayonunun Cəhri kəndində rast gəlinib. Çox maraqlı adətlərimiz olub.

Əvvəlcə, gəlin görək, şilə sözünün mənası nədir? El arasında  qırmızı rəngin cəlbedici, açıq növünə “şilə qırmızı” deyərlər. Amma şilənin geniş anlamda adı dadlı bir yeməkdən götürülüb. Bu yeməyin nədən və neçə hazırlanması sizə də maraqlı gələ bilər. Demək, yağlı qoyun əti tikələrə ayrılır, yuyulur, qazana salınır, üzərinə qaynar su əlavə edilir. Ət pörtlənir, zövqə  görə duz səpilir. Qaynadıqdan sonra kəfi yığılır, işgənəsi süzülür və yağda soğanla qovrulur. Azca tomat vurulub, öz suyu da əlavə olunmaqla, qaynadılır.. Ət bir az bişəndən sonra içərisinə lümə (yəni yumru) düyü əlavə edilir. Külfət üçün bişirilən şilənin içərisinə ələyəz pencəri də vurulur.  Ət bişib, düyü luğab (yəni şirə) salana qədər qaynayır. Yeməyin suyu təmiz çəkilir ki, süfrəyə verəndə lavaşla tikələyib yemək mümkün olsun. Şilə yeməyi indi bişirdiyimiz qovurmalı, sulu düyü aşının bir az bərk formasıdır. Buna bəzən düyü şiləsi də deyirlər. Çox dadlı olur. İndi çox bişirməsələr də bir vaxtlar kənd toylarında verilən məşhur yemək olub. Nənəmin mənə danışdığı bu yemək “Naxçıvan mətbəxi” kitabında yer alıb.

İndi şadlıq saraylarında, toy mağarlarında dəbdəbə ilə keçirilən qız toyu mərasimini vaxtı ilə şilə mərasimi əvəz edirdi. Evlərdə, ancaq qadınların iştirakı ilə keçirilən bu mərasim çox sadə olurdu. Təxminən XX əsrin 50-ci illərindən söhbət gedir. Nənəm deyərdi ki, kasıbçılıq dövrü idi. Toylar o qədər də dəbdəbəli deyildi. Qab çatmadığı üçün  iki nəfərə bir nimçədə, sehində şilə aşı verilərdi. Onu da deyim ki, əvvəllər külfəti çox olan ailələrdə də iki-üç nəfər bir qabda yemək yeyərdi. Həm qabın azlığı, həm də külfətin çoxluğu bunu tələb edirdi. Toy yeməyi az olsa da, üç gün, üç gecə toy çalınar, yallı gedilər, pəhləvanlar güləşərdi.   

Toy evində bişirilən bu yeməyin şilə adlandırılması isə, qənaətimizcə, elə qırmızı rəngin adı ilə bağlıdır. Şilə qırmızı ilə şilə aşı bir biri ilə bağlı olan ifadələrdir. Həmin gün toyu olan qız şilə qırmızı paltar geyinər, yaylıq örtərdi. Bu adət bəzi bölgələrdə indi də qalmaqdadı. Yeməyin adının  buradan götürülməsi təbiidir. Şiləyə dəvət olunanlar toyu olanın bir növ qırmızı, şad gününə çağrılırdı. Sonralar toylarda şilə yeməyi verilmədi. Onu ləpəli bozbaş, daha sonra kartoflu bozbaş (souz), plov və digər yeməklər əvəz etsə də, keçən əsrin 90-cı illərinə kimi qız toyları Şilə adlanırdı.

Unudulmuş milli yeməklərimizi və onlarla bağlı adətlərimizi gələcək yazılarımızda yenə xatırlayacağıq.

                                                                                             

Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: