18 yaşına çatmamış şəxs ölkəni tək necə tərk edə bilər?

A- A A+

Son illər Azərbaycanın dünyaya inteqrasiya olunması,  vətəndaşların istənilən xarici ölkəyə sərbəst şəkildə gedib-gəlməsi, turizm, səhiyyə məqsədilə bu cür səfərləri etməsi adi hal alıb. Bu səfərlərdə təbii ki, valideynlərlə birlikdə onların övladları da iştirak edir. Amma bəzən belə bir sual ortaya çıxır, ailədə uşağın valideynlərindən biri ilə xarici ölkəyə getməsi üçün hər ikisinin razılığı olmalıdırmı və valideynlər boşanmışsa bu hal necə tənzimlənir?

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qanunvericiliyə əsasən, 18 yaşına çatmamış şəxs ölkəni tək tərk etdikdə hər iki valideynin, valideynlərdən biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq olunmuş razılığı tələb olunur.

Bu tələb valideynlər boşandıqda da tətbiq olunur, yəni ki, ərlə arvad boşansa da onlar uşağın valideyni olaraq qaldıqları üçün yetkinlik yaşına çatmayan şəxs ölkəni tərk etdikdə valideynlərin razılığı tələb olunur.

Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Bu hal həmçinin, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur. Həmin Qanunun 2-ci maddəsinə görə, 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı olduqda yol verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: