“Həqiqi və ləzzətli əhli-qələm” Əliqulu Qəmküsar

A- A A+

Azərbaycan ictimai fikri, ədəbiyyat tarixi, mədəni inkişafı və teatrın geniş vüsət almasından bəhs edərkən mütləq bir görkəmli simanın da adını çəkməyə ehtiyac var. Bu əvəzsiz və görkəmli şəxsiyyət özünün misilsiz xidmətlərilə Azərbaycan mədəni inkişafına yeni rəvac verən Əliqulu Nəcəfov-Qəmküsar idi.  

Əliqulu Qəmküsar kimi geniş şöhrət qazanmış məşhur satirik şair, publisist, mədəniyyət xadimi Əliqulu Məşədi Ələsgər oğlu Nəcəfov 1880-ci ildə Naxçıvanda anadan olub. Mənsub olduğu ailə mühitində, şairin tədqiqatçılarından olan akademik İsa Həbibbəylinin də yazdığı kimi, “atası Məşədi Əlsəgər Nəcəfovun “Səba”, əmisi Məmmədhüseyn Nəcəfzadənin “Fani”, ana babası Məşədi Əsədin “Məddah” təxəllüsü ilə ictimai ruhlu şeirlər yazması onun böyük ədəbiyyata hazırlanmasında ciddi rol oynaya bilmişdi”. Yaxın qohumları Nəsrulla və Fərəculla Şeyxovların da ictimai mühitdə hörmətli adam olmaları, mətbuat və mədəniyyətə açıq fikirli münasibətləri Qəmküsarın savadlı və fəal bir vətəndaş olaraq inkişafında əhəmiyyətli rol oynamışdı. Xüsusilə də, dövrün mötəbər ziyalısı, ədəbi mühitin ağsaqqalı və görkəmli pedaqoq-müəllimi olan Məhəmməd Tağı Sidqinin məşhur “Tərbiyə” məktəbində aldığı yeni üsullu, dünyəvi təhsil onun gələcəyə hazırlanmasında mühüm iz qoymuşdu. O, ailə mühiti və ictimai tərbiyənin fəal daşıyıcısı kimi həm ədəbiyyatçı, mətbuat adamı, mədəniyyət mücahidi olmasından başqa, həmçinin fəal ictimai xadim də olmuşdu. Dövrün mühüm istiqlal mücahidlərindən olan Səttarxanın başçılıq etdiyi inqilabi hərəkatda fəal iştirakçılardan biri də Əliqulu Qəmküsar idi (1906-1911). Haqlı olaraq tədqiqatçı-alim İslam Ağayev Əliqulu Qəmküsarı “Azərbaycan ədəbi-ictimai fikri tarixində satirik şair, publisist, “Molla Nəsrəddin” satira jurnalının redaktorlarından biri, 1906-1911-ci illər İran məşrutə hərəkatının fəak iştirakçısı, Azərbaycan səhnə sənətinin inkişafı tarixində özünəməxsus yeri olan bir şəxs kimi” səciyyələndirir. Lakin onu daha çox şair, publisist və teatr xadimi kimi tanıyırlar.

Əliqulu Qəmküsarın geniş ictimai fikrə çıxmasında o dövrün yeni əsrinin ilk anadilli və mütərəqqi mətbuat orqanı olan “Şərqi-rus” qəzetində məqalələr çap etdirməsi böyük yolçuluğun ilk addımları kimi diqqəti cəlb edir. Naxçıvanlı ziyalıların böyük qardaşı kimi hörmət və ehtirama malik olan Məhəmməd ağa Şahtaxtılının “Şərqi-Rus” qəzeti həm də dövrün mötəbər ziyalılarının bir araya gəlməsi və birgə fəaliyyət göstərmələrinə geniş imkanlar yaratmışdı. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və başqaları üçün məhz adıgedən bu mətbuat orqanı “yavuqlaşma” meydanı  olmuşdu. Məhəmməd ağanın “Şərqi-Rus” qəzetində jurnalist  fəaliyyəti göstərərək peşəkar publisistik bacarıqlara yiyələnən  Əliqulu Qəmküsar da 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması və baş redaktoru həmyerlisi Cəlil Məmmədquluzadəni əvvəllərdən tanıması münasibətilə bu jurnalın redaksiyasına qədəm basmasına qədər “Şərqi-rus” qəzeti ilə yanaşı “Yeni Füyuzat” qəzeti ilə əməkdaşlıq etmişdir. Dövrün görkəmli ziyalılarını bir araya yığmaq, onları dostlaşdırmaq və bir amal uğrunda fəal mübarizəyə istiqamətləndirmək missiyası “Molla Nəsrəddin” jurnalının üzərinə keçdikdən sonra Qəmküsar böyük həvəslə bu jurnalla əməkdaşlıq etmiş və milli ziyalılığın başlıca vasitəsi olan qəzetçilik fəaliyyətini onunla bağlamışdır. Jurnala qoşulan Əliqulu Qəmküsar möhtəşəm qəzetçilik fəaliyyəti göstərərək böyük şöhrət qazandı. Əliqulu Qəmküsar, ümumiyyətlə, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və sair mətbuat orqanlarında da fəaliyyət göstərib. Amma Qəmküsarın ən sıx əməkdaşlıq etdiyi mətbuat orqanı, söz yox ki, onu şöhrətləndirən “Molla Nəsrəddin” jurnalı idi. 1908-ci ildən bu məşhur jurnalın əməkdaşlarından olan Ə. Qəmküsar jurnalın baş redaktoru və yaxın silahdaşı Mirzə Cəlilin də xatırladığı kimi, “Xadimi-millət”, “O taylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy” və başqa imzalarla yazmışdır. Ə. Qəmküsar bu jurnalın ikinci redaktoru kimi də çıxış etmiş, uğurlarına yeni səhifələr yazmışdır. 1913-cü ildə Mirzə Cəlilin təklifi ilə Qəmküsar jurnalın ikinci redaktoru olmuş və bu fəaliyyət jurnala canlanma və fəallıq qazandırmışdır.  Təsadüfi deyildi ki, ədəbi dövrün başçısı, “Mollanəsrəddinçi” hərəkatın sərkərdəsi kimi böyük şöhrət qazanan Cəlil Məmmədquluzadə yaxın dostu və silahdaşı Əliqulu Qəmküsarın ölümündən sonra haqqında yazdığı “Əliqulu Nəcəfov” və “Əliqulu Qəmküsar” kimi məqalələrində onun ədəbi istedadı, yeri və çəkisindən ehtiramla danışmışdır. Cəlil Məmmədquluzadə böyük təvazökarlıq və ehtiramla yazırdı: ““Molla Nəsrəddin” tək bircə nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Görkəmli publisist, ədib, “Molla Nəsrəddin” jurnalı və bu jurnalın adı ilə müəyyənləşən yeni ədəbi məktəbin banisi Cəlil Məmmədquluzadə fikrinə davam edərək yazırdı ki: “Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur. ...Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəni öz köməyindən məhrum qoydu”. Böyük ustad və yeni ədəbi məktəbin başçısı C. Məmmədquluzadə bununla da görkəmli mollanəsrəddinçi şair, böyük satira ustası, publisist, ictimai xadim Əliqulu Qəmküsarın ədəbi çəkisini ifadə etmişdir.

Dövrün bir çox mötəbər ziyalı-mətbuatçıları kimi publisistika sahəsində ilk “məşqi” (C. Məmmədquluzadə) Məhəmməd ağa Şahtaxtılının nəşr etdirdiyi “Şərqi-rus” qəzetindən başlayan Əliqulu Qəmküsarın:

Dinəndə yandı dilim,

Dinməyəndə dil yandı.

Nə dərdi gizlədə bildim,

Nə aşikar eylədim –

misraları ilə başlayan ilk mətbu şeiri də burada çap edilmişdi. Bu ilk mətbu şeiri ilə xalqını sevən bir ziyalı olaraq “dərdlərini aşikar eyləmək” həvəsini ifadə edən qüdrətli şair həm də qəlbindəki tək istək və həvəsinin xalqının inkişafı və xoşbəxtliyi olduğunu intişar etmişdir. Təsadüfi deyil ki, xalqının dərdləri ilə yazmaq həvəsi tapan şair “xalqının milli dərd-qəminin ifadəçısı olaraq özünə Qəmküsar ədəbi təxəllüsünü seçmışdir” (İ. Ağayev).  Burada marağı cəlb edən digər əhəmiyyətli bir məsələ də Əliqulu Qəmküsarın yuxarıda bəhs olunan ilk mətbu şeirinin məzmun və mənaca görkəmli publisist, ideya, fikir adamı, romantizm ədəbi cəbhəsinin başçısı Əli bəy Hüseynzadənin:

Ucundadır dilimin

Həqiqətin böyüyü,

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi.

Görürmüsən cühəla

Nə etdilər vətənə,

Nə qoydular uyuya,

Nə qoydular oyana -

misralari ilə başlayan “Hali-vətən” məşhur şeiri ilə uyğunluq təşkil etməsidir. Qətiyyən böyük ədiblərin yaradıcılıq təbi və sənətkarlığına kölgə salmadan və yaxud hansısa ədibin kimdən daha çox təsirlənmək məsələsini qabartmadan sadəcə maraqlı olması etibarilə müqayisə aparmağı lazım bilirik. Məlumdur ki, Ə. Qəmküsar məlum şeirini ilk mətbu əsəri olaraq 1904-cü ildə əməkdaşlıq etdiyi “Şərqi-rus” qəzetinin 28 dekabr tarixli 260-cı nömrəsində dərc etdirib.  Şeirdəki məzmun da bir tərəfdən ədibin yaradıcılıq məzmunu və motivlərini müəyyənləşdirən kredo olduğu kimi, təxəllüsündəki şəxsiyyətinin məzmununu ifadə etməyə imkan verən Qəmküsar təxəllüsünü də tamamlayır. Şeir texniki baxımdan kəm-kəsirli, bədii cəhətdən nöqsanlı olduğu kimi ilk mətbu əsər nümunəsi  olmasını da aydınca ifadə edir. Ancaq məlum olduğu kimi, böyük ideya adamı, türkçülüyün atası hesab olunan Əli bəy Hüseynzadənin də “Hali-vətən” ( bir az fərqli redaktədə “Yurd qayğusu”) adlı şeiri də vardır və bu şeir Azərbaycan mətbuatında 1913-cü ildə dərc olunmuşdu. Amma tədqiqatlar göstərir ki, bu şeir hələ Azərbaycan mətbuatından çox-çox əvvəl ““Hali-vətən” adı ilə Misirdə “Türk” qəzetinin 1904-cü il 24 noyabr tarixli 56-cı sayında dərc olunmuşdu” (Azər Turan).  Əslində bu yaxınlığı bir tərəfdən Əliqulu Qəmküsar kimi gənc ədəbiyyat adamının bir ziyalı, nurlu şəxsiyyət kimi sevdiyi, hətta şəxsinə şeirlər həsr etdiyi Əli bəy Hüseynzadə kimi qocaman bir ideya adamından təsirlənməsi və ona uyğun bədii fikir ifadə etməsi faktı kimi qiymətləndirmək olar, digər tərəfdən də eyni dövrü yaşayan, qəlbi vətən, xalq sevgisi ilə dolu iki ədibin eyni yaradıcılıq motivindən qələmə aldıqlarını düşünmək də.

Əliqulu Qəmküsar Azərbaycan ədəbiyyatında daha çox satirik şair və publisist ədib kimi məşhurlaşıb. Hər iki halda Ə. Qəmküsarın bu şöhrətə çatmasında ədəbiyyat və mətbuat tariximizdə Cəlil Məmmədquluzadə kimi şöhrətli, peşəkar, qüdrətli bir sənətkar-ədibin və publisistin adı ilə bağlı olan yenitipli satira və “Molla Nəsrəddin” dərgisi rol oynamışdır. Əliqulu Qəmküsarı, o cümlədən Əli Nəzmini, Mirzə Ələkbər Sabiri və başqalarını Cəlil Məmmədquluzadənin “əsl “Molla Nəsrəddin” şairini axtarmaq” cəhdinin nəticəsi hesab etmək olar. Ümumiyyətlə, bir çox tədqiqatçı və ədiblərin də etiraf etdikləri kimi, Azərbaycan ədəbiyyatı və mətbuatında Cəlil Məmmədquluzadənin başlatdığı yeni ədəbi, publisist yolun işığında Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Üzeyir bəy Hacıbəyov, Əliqulu Qəmküsar və digər şöhrətli ədiblər yetişib ortaya çıxmışdılar.

Əliqulu Qəmküsar həm də fədakar teatr xadimi kimi də tanınır. Naxçıvanda teatrın yaranıb kamala yetməsində bu fədakar şəxsiyyətin misilsiz xidmətləri var idi. Hər şeydən əvvəl Əliqulu Qəmküsarın adı çəkiləndə Cəlil Məmmədquluzadənin dünyalarca məşhur “Ölülər” əsərinin baş qəhrəmanlarından olan Şeyx Nəsrullahın ölməz obrazını yaradan bacarıqlı bir aktyor yada düşür. “Ölülər” əsərinin tamaşa həyatına ölməzlik qazandıran amillərdən biri də onun məşhur Şeyx Nəsrullah obrazının ifaçısı Əliqulu Qəmküsar idi. “Ölülər”in Naxçıvanda, Bakıda, Gəncədə və Azərbaycandan kənarda – Aşqabadda, Daşkənddə, Səmərqənddə, Kazanda, Həştərxanda, Vladiqafqazda və Dərbənddə tamaşaya qoyulması Şeyx Nəsrullahın mahir ifaçısı kimi Əliqulu Qəmküsara böyük şöhrət gətirmişdi. Özünün yaradıcı təxəyyülü, böyük satira ustası və mollanəsrəddinçi ədib, bənzərsiz ziyalı olmasından irəli gəlirdi ki, qüdrətli şair obrazını oynadığı tipin bütün psixoloji, mənəvi keyfiyyətlərinə hali idi və xarakterin yaradılmasında da mükəmməl nümunə göstərmişdi. Dövrün görkəmli dramaturqlarından olan Nəcəf bəy Vəzirov “Kaspi” qəzetində dərc olunan məqaləsində Ə. Qəmküsarın “Şeyx Nəsrullah” obrazını yaradarkən sərgilədiyi məharəti nəzərdə tutaraq yazmışdır: “Özümü güc ilə saxladım. Az qalmışdı qışqıram: Əclaf!” O dövrün “Açıq söz” qəzetində də tamaşa barədə bəhs olunaraq deyilirdi: “Belə təsirli səhnələrin nəticəsi idi ki, hər pərdənin arxasında müəllif cənabları alqışlarla səhnəyə çağırılır və təbrik edilirdi”. Ə. Qəmküsarla birlikdə Naxçıvanda “Ölülər”in tamaşaya qoyulmasında iştirak edən İsgəndər rolunun ifaçısı məşhur teatrşünas və rejissor Rza Təhmasib də yazacaqdı ki: “Şeyx Nəsrullah rolunun mən bir çox ifaçılarını görmüşəm. Lakin açıq deməliyəm ki, heç kəs islamiyyəti dərindən bilən, mollaların həyat və psixologiyasına yaxşı bələd olan bu xırda cüssəli adamdan üstün tutula bilməz”. Ümumiyyətlə, Şeyx Nəsrullah rolunun ifasındakı məharətin bənzərsizliyini çoxsaylı simalar görmüş və heyranlıqla təsdiqləmişdilər. Sənətşünas Ə. Qəhrəmənovun yazdığı kimi, “bu alqışların əsası Mirzə Cəlilin qələminin sayəsində idisə, digər tərəfdən Şeyx Nəsrullah rolunu bənzərsiz şəkildə oynayan Əliqulu Qəmküsarın və tamaşanın digər iştirakçılarının müvəffəqiyyəti idi”. Şairin qızı Qəmər Salamzadənin də böyük şairin dilindən deyilənləri xatırladığı kimi, Şeyx Nəsrullah obrazının məharətli ifası elə bir əks-səda yaratmışdı ki, ruhanilərin fitvası ilə Əliqulu Qəmküsar küçədə möhkəmcə döyülüb Bazarçayına atılmışdılar”. Bundan əsla narahat olmayan şair dilə gətirmişdi ki, “mən elə bilirdim ki, məni döymürlər, başımı tumarlayırlar”.

Əliqulu Qəmküsarın, teatrın inkişafındakı xidmətləri misilsiz idi. Onun təşəbbüsü ilə 1917-ci ildə Naxçıvanda yaranan “El güzgüsü” dram cəmiyyəti də bu sahədə böyük işlərə imza atmışdı. Ümumiyyətlə isə, akademik İ. Həbibbəylinin də yazdığı kimi, Ə. Qəmküsar 1910-cu ildə Culfada teatr truppasına rəhbərlik etmiş, M. F. Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasını, Ə. Haqverdiyevin “Bəxtsiz cavan”, “Dağılan tifaq” faciələrini tamaşaya qoymuşdur.  

Böyük satira ustası,  Əliqulu Qəmküsar 1919-cu ilin martın 14-də mübhəm bir hadisə nəticəsində dünyaya gözünü yummuşdu. Hansısa xain bir sifarişin nəticəsində açılan “qorodovoy gülləsi” böyük şair, qüdrətli satirik, məharətli aktyor, ölməz teatr xadimi, xalqına və millətinə bağlı bir şəxsiyyətin ölümünə səbəb olmuşdu. Akademik İsa Həbibbəylinin fikirlərilə desək, bu qüdrətli satirik şairin taleyi də ömürlərini oxşar hadisələrlə başa vurmuş Firudinbəy Köçərli, Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Ərəblinski və başqalarınkı kimi tamamlanmışdı. Amma bir şey dəqiq idi ki, onun ictimai fikirdəki, ədəbi mühitdəki, mədəni səviyyədəki istisnasız nəhəng yeri, xidmətləri və təsiri onu çəkə bilməyənlərin qərəzi ilə qarşılanmışdı. Çünki onun fitri istedadı ilə bərabər fəal, qətiyyətli və kəskin mövqeyi çox qüvvələri narahat etmişdi.

Böyük ədəbiyyatşünas alim A. Zamanovun da dediyi kimi, “Əliqulu Qəmküsar böyük ədəbi irs qoyub getməsə də, xalq səadəti uğrunda fədakar mübarizəsi və təvazökar yaradıcılığı ilə XX əsr ədəbiyyatımızın tarixində müəyyən izlər buraxmışdı. XX əsr Azərbaycan ədəbiyyatının tarixində, xüsusən, “Molla Nəsrəddin” jurnalının nəşri və mübarizəsi tarixində  Əliqulu Qəmküsarın adı həmişə hörmətlə yad ediləcəkdir”.

Mollanəsrəddinçilikdə malik olduğu nüfuz və fəallığına görə idi ki, qocaman yazıçı, “Molla Nəsrəddin”in “Mozalan bəy”i Əbdürrəhim bəy Haqverdiyev Qəmküsar haqqında hörmətlə yazırdı: “Nəcəfzadə qabil, mövzu təbli, dərin iltifatlı və son dərəcədə hafizəli idi ki, uşaqlıqdan o günə kimi oxuduğu cəmi əşar onun hafizəsində idi. Onun ikinci redaktor olması jurnalı (“Molla Nəsrəddin” jurnalı nəzərdə tutulur – R.Q.) daha da ruhlandırdı... Əliqulu Nəsəfzadəyə dəyən güllə “Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi. Ona mən “Molla Nəsrəddin” məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm və cürətlə də bu sözü deyirəm.  Heyf olsun bivaxt əlimizdən gedən rəfiqimizə ki, həmişə qədirşünas dostlarının ürəyində diridir”. Elə nakam şairin yaxın dostu və silahdaşı görkəmli fikir adamı Cəlil Məmmədquluzadənin bu fikirləri də Əliqulu Qəmküsar haqqında təəssüratları bu nikbin, ümidverici ruhla tamamlayır: “Nə qədər ki məcmuəmizin adı söylənilir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında Əliqulu Qəmküsarın – Cüvəllağı bəyin adı həmişə zindəbad alqışları ilə zikr olunacaqdır”.

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: