“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi başa çatması münasibətilə Duzdağ otelinin tədbirlər zalında bağlanış mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Ramilə Seyidova bildirib ki, muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qeyd olunub ki, bu ilin müvafiq dövründə muxtar respublikada 6 min 667 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Diqqətə çatdırılıb ki, hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatları kimi dövlət qeydiyyatına alınan  940 təsərrüfatdan 67-si qadınlar tərəfindən idarə olunur. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı, lavaş istehsalı və digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər.

Ramilə Seyidova qeyd edib ki, muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə əlaqədar həyata keçirilən  genişmiqyaslı  tədbirlərin davamı olaraq ötən il ərzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi icra olunub. Layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin inkişaf proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə  Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində həyata keçirilib. Layihə Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində icra olunub. 12 ay ərzində davam edən layihə çərçivəsində “Gələcəyini Planlaşdır” adlı Maliyyə Savadlılığı üzrə 7 təlim keçirilib. Həmçinin müvafiq layihə çərçivəsində “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 4 təlim keçirilib. Qrant layihənin sonunda 63 qadına 43 min 700 manat məbləğində sərmayə kapitalı verilib. Bunun da 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik sahəsi ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib. Verilən sərmayə kapitalının dəyərində 39 baş xırdabuynuzlu, 27 baş iribuynuzlu, 10 hind toyuğu, 10 arı ailəsi, kosmetik vasitələr, dekorativ tətbiqi sənətlə məşğul olmaq üçün istifadə edilən məmulatlar, toxuculuq alətləri və sairə alınıb, qadınların əl işi hazırlamaları üçün emalatxana təmiri ilə əlaqədar vəsait verilib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Cəlal Əliyev qeyd edib ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi muxtar respublikada uğurla həyata keçirilib.  Layihə çərçivəsində yaradıcılığa və ya istehsala meylli 300-dən çox sahibkar və ya startapçı qadınlar keçirilən təlimlərə cəlb olunub.

Cəlal Əliyev muxtar respublikada “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin uğurla həyata keçirilməsinə yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 

BMT-nin İnkişaf Proqramının layihə meneceri Vüsal Behbudov  qadınların sosial və iqtisadi səlahiyyətlərinin artırılmasında onların maliyyə müstəqilliyinin vacibliyini ön plana çəkib, gələcəkdə də Naxçıvanda bu sahə üzrə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və Assosiasiyanın layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihənin əhəmiyyətindən, qadınların sahibkarlıq fəaliyyətindəki rolundan bəhs ediblər.

Sonra layihə çərçivəsində sərmayə kapitalı əldə edən Aygün Bayramova muxtar respublikada qadın sahibkarlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

Təlimlərdə fərqlənən qadınlara hədiyyələr və təlimçi sertifikatları verilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə layihənin muxtar respublikada uğurla həyata keçirilməsində göstərdiyi köməkliyə görə təşəkkürnamə təqdim olunub.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Dünənimizdən bugünə:İqtisadiyyatımız və qadınlar” filmi nümayiş olunub.

Sonda layihə çərçivəsində sərmayə kapitalı əldə edən qadınların əl işlərindən ibarət sərgiyə baxış olub.                                        

Mədinə Rəhimli

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: