NUHÇIXAN xəbər verir ki, muxtar respublikada sahibkarlara kömək məqsədilə yaradılan Sahibkarlığın İnkişafı Fondu 2000-ci ildən 1 yanvar 2020-ci il tarixədək 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərib. Fond tərəfindən güzəştli kreditlərin verilməsi 2019-cu ildə də davam etdirilib.
2019-cu ildə 117 layihə üzrə 10 milyon 715 min manatdan artıq dövlət maliyyə dəstəyi göstərilib. Ötən il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasını, ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün 87 ailə təsərrüfatına 820 min manat həcmində güzəştli kreditlər verilib. Verilən kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər aparılıb, kreditlərin ödəmə müddətləri və iqtisadi səmərəliliyi araşdırılıb, sahibkarlıq subyektləri ilə kreditlərin vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə və qanunvericiliyin tələblərinin izahı işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 7 avqust tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb, güzəştli kreditlərin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib, nəzarət mexanizmi təkmilləşdirilib.
İqtisadiyyatın mühüm istiqamətlərindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaradıb. Ötən ildə fond tərəfindən maliyyələşdirilən layihələrdən heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, yabanı növ bitkilərin tədarükü, qablaşdırılması, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılmasına dövlət maliyyə dəstəyi göstərilib.
Röyal Kərimov