Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Yuhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. Hazırda xəstəlik hadisələrinin artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika ərazisində koronavirus infeksiyasının yayılma ehtimalı olmasa da, onun geostrateji mövqeyi, həmsərhəd olan ölkələrə gediş-gəlişlər zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Bu məqsədilə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.
Ərazi GEM-lərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə dezinfeksiya işlərinə start verilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən icra olunan bu tədbir ilk növbədə əhalinin sıx məskunlaşdığı yerləri əhatə edir. İlk tədbirlər Naxçıvan şəhər avtovağzalında, dəmiryol vağzalında, “Cahan” ticarət mərkəzində həyata keçirilib.
Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında gömrük və səhiyyə mütəxəssislərinin qarşılıqlı fəaliyyəti təmin olunub. Gömrük məntəqələrində, hava limanında monitorda muxtar respublikaya gələnlərin vizual tibbi müşahidəsi, hərarətinin ölçülməsi təşkil edilib. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.