Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Babək rayonunun Zeynəddin kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq rayonda bu istiqamətdə görülmüş işlərdən danışıb.
Tədbirdə Babək rayon prokurorunun köməkçisi Elməddin Bağırov "Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri" mövzusunda çıxış edib. Bildirilib ki, torpaqlardan istifadə ilə bağlı muxtar respublikada dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, vətəndaşların torpağa münasibəti hələ də lazımi səviyyədə deyil. Belə ki, bəzi vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Bəzən vətəndaşlar qanunvericiliyi ya bilərəkdən pozur, ya da onlar torpaqlardan istifadə, tikinti aparılması qaydaları, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Nurlan Fətəliyev torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin məqsəd və vəzifələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, muxtar respublikamızda bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadənin təmin edilməsi diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi monitorinqlər aparılır. Lakin, həyata keçirilən tədbirlərə baxmayaraq vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Xidmətin mütəxəssisləri tərəfindən aparılan monitorinqlər zamanı Zeynəddin kəndində də torpaqlardan qanunsuz istifadə halları aşkar edilərək aradan qaldırılıb.
Sonra torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verilib.