20 Yanvar faciəsinin Naxçıvan səhifəsi

O zaman SSRİ-dən çıxmaq barədə aksiya muxtar respublikanı işğaldan xilas etdi

A- A A+

Tаriх sübut еdib ki, nəhəng impеriyаlаrın süqutu və хаlqlаrın milli аzаdlıq, istiqlаliyyət kimi müqəddəs idеаllаrа qоvuşmаsı uzun sürən mübarizə ilə gerçəkləşir. Bu bахımdаn ötən əsrin 80--90-cı illərində kеçmiş Sоvеtlər İttifаqındа kommunist sistеminin böhrаnlı vəziyyətə düşməsi müttəfiq rеspublikаlаrdа müstəqillik idеyаlаrının güclənməsinə, milli dövlətçiliyin bərpası prosesinin başlanmasına gətirib çıxardı. 

O zaman bütün bunlarla yanaşı, Еrmənistаnda şiddətlənən millətçi-separatçı hərəkatın Аzərbаycаna qarşı torpaq iddialarını hərbi təcavüz, qanlı münaqişə həddinə çatdırması və mərkəzi hakimiyyətin bu antikonstitusiya aksiyasına açıq-gizli rəvac verməsi xalqımızı ərazi bütövlüyümüzün qorunmasının sovet dövləti daxilində mümkün olmadığı qənaətinə yönləndirdi. Bu baxımdan bir çox sоvеt rеspublikаlаrındаn fərqli оlаrаq, Аzərbаycаn хаlqının аzаdlıq istəyi оlduqcа аğrılı, qаnlı və həm də şərəfli hаdisələr fоnundа gеrçəkləşdi. 
XX əsrdə sovet ordusu Azərbaycana iki dəfə – 1920-ci ilin aprelində və 1990-cı ilin yanvarında silahlı müdaxilə edib. Birinci dəfə sovet Rusiyasının “inqilabi yardım” adı ilə Azərbaycanı işğal etməsi Bakı neftinə olan hədsiz ehtiyacla, xalqımızın sərvətlərini ələ keçirməklə, kommunist rejimini şərqə doğru yaymaqla bağlı idi. Bütün dünyada rus ordusu adı ilə tanınan sovet qoşun birləşmələrinin Bakıya ikinci qanlı müdaxiləsi, nəhayət, 1990-cı ilin yanvarında xalqımızın ayağa qalxıb mərkəzi hakimiyyətdən ərazi bütövlüyümüzə qarşı qəsdə son qoymağı tələb etməsi ilə bağlı oldu. Bu tələbi “kütləvi itaətsizlik”, “siyasi özbaşınalıq” kimi qəbul edən M. Qorbaçov rejimi yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın bu azad iradəsini qırmaq, 70 il əvvəlki işğalı təzələmək məqsədilə ölkəmizə ikinci hüquqazidd hərbi müdaxiləni xüsusi amansızlıqla gerçəkləşdirdi. 
Lakin bu müdaxilə və qanlı qırğın xalqımızın ittifaq dövlətinə olan sonuncu ümidini də puça çıxardı, necə deyərlər, Bakıda kütləyə açılan atəş Azərbaycanı Moskva rejiminə bağlayan sonuncu teli də qıraraq, xalqımızı milli azadlıq davasına qaldırdı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar.”
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etdi, xalqımıza dərin hüznlə başsağlığı verdi. Dünya şöhrətli siyasət və dövlət xadimi olan ümummilli lider Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Ulu öndərin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırdı.
Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə daha da şirnikləndirən siyasi fitnəkarlıq aksiyası idi. Əslində, M. Qorbaçov Bakıda kütləvi qırğın törətməklə, yerli idarəçiliyi iflic etməklə, respublikanı informasiya blokadasına almaqla, erməni millətçilərinin təcavüzkarlığına geniş meydan açmışdı. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisinə kütləvi və intensiv hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə ­Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən ağır döyüşlərdə Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov qəhrəmancasına şəhid oldular. 
Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsini təşkil etdilər. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərarda yaranmış vəziyyətdə yeganə çıxış yolu olaraq, Naxçıvan MSSR-in sovet imperiyasının tərkibindən çıxmaq məcburiyyəti qarşısında qalması və bu iradəni siyasi cəhətdən ifadə etməsi əksini tapdı. Bu hadisə sovet tarixinə SSRİ-nin tərkibindən çıxmağa göstərilən ilk cəhd kimi daxil oldu.
Sonralar həmin siyasi addımın tarixi önəmini xatırladan ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan ­Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? – Azərbaycana qarşı edilən ədalətsizliyə görə. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı ­olmamışdı, qərar qəbul etmişdilər”.
Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini rəsmi Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltdi. Ən əsası isə “dağılmaz” deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu.
Ümumiyyətlə, hadisələrin gedişatı onu göstərdi ki, Bakı faciəsi ilə Naxçıvana ermənilərin hücumu bir-biri ilə sıx ­bağlı hadisədir. Naxçıvana edilən intensiv hücumlarla Qanlı Yanvar faciəsinin ilk səhifələri yazıldı. 1990-cı il yanvar ayının 19-da gecə Bakıda fövqəladə vəziyyətin elan olunacağından və mərkəzə edilən müraciətə cavab verilməyəcəyindən arxayın olan erməni quldur dəstələri Naxçıvana mütəşəkkil surətdə hücum edib, onun Azərbaycanla əlaqəsini kəsmək, onu təkləyib məhv etmək üçün hər fitnəyə əl atdılar. Rabitə xətləri, televiziya verilişləri kəsildi, dəmir yolları minalandı, bəzi yerlər də partladıldı, günahsız sərnişinlərə qəsdlər edildi.
Həmin günlərdə silah-­sursat az olsa da, naxçıvanlılar bir addım belə geri çəkilmək barədə düşünmürdülər. Əgər naxçıvanlılar həmin gün özlərini müdafıə edə bilməsəydilər, gecə isə ­Naxçıvan MSSR-in SSRİ-dən çıxması barədə siyasi aksiyaya əl atılmazdı. Şərur rayonunun Kərki kəndinin ardınca bütün Naxçıvanı ermənilər işğal edəcəkdilər.
1990-cı ilin yanvar döyüşlərində Sədərəkdə düşmənə ciddi müqavimət göstərilməsinin əsas səbəbi əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət vermişdi. Ümummilli lider Heydər Əliyev Naxçıvana gələndən sonra isə əhali artıq tam əmin olmuşdu ki, düşmən qalib gələ bilməyəcək. Çünki həmin vaxtdan sonra Naxçıvanda ordu quruculuğuna başlanıldı. Bu, naxçıvanlılara cəsarət verdi, səngərlərdə daha inamla dayandılar, düşmənə həddini bildirdilər. Bir sözlə, Sədərək Naxçıvanın məğlubedilməzlik rəmzinə çevrildi.
“Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”, – deyən ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunub. Ümummilli lider Heydər Əliyev xalqın tələbi və çağırışı ilə ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində layiqli siyasi-hüquqi qiymət verilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə olduğu kimi, muxtar respublikada da geniş qeyd olunur. 20 Yanvar sovet qoşunlarının Bakıya qanlı hərbi müdaxiləsi ilə yanaşı, xalqımızın bu vəhşiliyi öz yenilməzliyi ilə heçə döndərməsi, eləcə də Naxçıvan torpağının işğaldan xilas etməsi tarixidir.

Emin ŞIXƏLİYEV, 
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: