2019-cu ildə Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Belə ki, ötən il təşkilatda 924 nəfər partiya sıralarına qəbul edilib ki, bunların da 912-si 18-35 yaşlı gənc, 489-u qadındır. Hazırda sıralarında 18 min 269 partiya üzvünün fəaliyyət göstərdiyi təşkilat 152 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Təşkilatda təmsil olunan partiya üzvlərinin 9 min 647-si qadın, 11 min 6-sı gəncdir.
NUHÇIXAN xəbər verir ki, bu faktlar YAP Naxçıvan Şəhər Təşkilatının şura iclasında təşkilatın sədri Elman Cəfərli səsləndirib.
Təşkilatın sədri hesabat məruzəsi ilə çıxış edərək, muxtar respublikanın 2019-cu ildəki inkişafından ətraflı danışıb. Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən quruculuq siyasəti Naxçıvan şəhərinin simasında da özünü bariz şəkildə göstərib. Şəhər qədim maddi mədəniyyət abidələrini qoruyub saxlamaqla, sözün əsl mənasında, zövqoxşayan müasir Avropa məkanlarından birinə çevrilib. Təşkilat üzvləri də bu tərəqqiyə töhfələrini verib, inkişaf prosesində yaxından iştirak ediblər.
“Təşkilat 2019-cu ildə muxtar respublikanın ictimai-siyasi həyatında fəallıq göstərib, ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan 5 bələdiyyə üzrə 53 yerdən 41-ni qazanıb”, – deyən Elman Cəfərli vurğulayıb ki, hazırda təşkilat fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək parlament seçkiləri ilə bağlı işlərini YAP Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyət planına uyğun şəkildə qurur.
Elman Cəfərli ötən il noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən muxtar respublika haqqında dediyi sözləri xatırladıb: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.
YAP Naxçıvan Şəhər Təşkilatının sədri əminliyini bildirib ki, təşkilatın şurası və digər rəhbər strukturları 2020-ci ildə də səylə çalışacaq, ölkəmizin, muxtar respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edəcək və qazanılacaq uğurlara səmərəli fəaliyyətləri ilə öz töhfələrini verəcəklər.
Sonra məruzə ətrafında YAP Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərazi ilk partiya təşkilatının sədri Elmin Fərəcov və Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Tünzalə Dilanova çıxış ediblər.