NUHÇIXAN xəbər verir ki, YAP Babək Rayon Təşkilatında da 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı şura iclası keçirilib.
İclasda təşkilatın sədri İsa Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, partiyanın uğurları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonunu da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə hər il rayonun qəsəbə və kəndlərində kompleks quruculuq işləri aparılır, məktəb binaları tikilir, yaşayış məntəqələri abadlaşdırılır, körpülər, yollar salınır, yeni iş yerləri açılır. Təkcə ötən il muxtar respublika rəhbərinin iştirakı ilə Babək rayonu ərazisində muxtar respublikada ilk dəfə olaraq müasir ağacyetişdirmə sahəsi – “İqlim otağı”, rayon Elektrik Şəbəkəsi üçün inşa olunan yeni inzibati bina istifadəyə verilib. Ötən ilin payızı qədim yaşayış məntəqəsi olan Kültəpə və Gülşənabad kəndlərinin müasirliyə qovuşması ilə də əlamətdar olub.
İsa Məmmədov vurğulayıb ki, 57 ilk partiya təşkilatında 7078 nəfər partiya üzvü qeydiyyatdadır. Bunlardan 2339-u, yəni 33 faizi gənc, 3021-i, yəni 42,6 faizi isə qadınlardır. Partiya üzvlərinin 4470-i dövlət, 2056-sı isə özəl sektorda fəaliyyət göstərir. 2019-cu ildə təşkilatın 12 idarə heyəti, 4 şura yığıncağı olub. Ötən il partiya sıralarına 128 üzv qəbul edilib. Hazırda təşkilat bu il ölkəmizdə, muxtar respublikada keçiriləcək parlament seçkiləri ilə bağlı işlərini təqvim planına uyğun aparır.
Qarşıda duran vəzifələrdən də bəhs edən İsa Məmmədov deyib ki, ərazi ilk partiya təşkilatları gənclərlə iş sahəsinə ciddi fikir verməli, dövlətçiliyimizin möhkəmləndirilməsi və partiyanın cəmiyyətdəki nüfuzunun daha da gücləndirilməsi işinə töhfə verə biləcək vətəndaşlar partiya sıralarına cəlb edilməlidir.
Tədbirdə şura üzvü Nihal Məmmədov və YAP Qadınlar Şurasının sədri Turan Məmmədlinin çıxışları dinlənilib.