Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında da gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Mərasimə hazırlıq barədə raport verildikdən sonra Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Briqada komandiri, general-mayor Səlim Niftəliyev muxtar respublikada həyata keçirilən ordu quruculuğundan söz açaraq qeyd edib ki, muxtar respublikamızda bütün hərbi hissələr kimi Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası da müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi texniki baza təkmilləşdirilib. Gənc əsgərlər keçirilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməlidirlər. Bildirilib ki, bu gün həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada daxili sabitlik təmin olunub.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə digər çıxış edənlər, hərbi andiçmə münasibətilə əsgərləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıblar.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Turab Hacızadə