Mülki Müdafiə Alayının gənc əsgərləri and içiblər

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
    
Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
    
Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub. Alay komandiri polkovnik-leytenant Azadil Hüseynov hərbi andın əhəmiyyəti barədə məlumat verib, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib. 

Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik edib, Azərbaycan əsgərinin rəşadət və igidliyindən danışıblar.
    
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirinin müavini general-mayor Hikmət Kərimov da çıxış edərək Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolunu yüksək qiymətləndirib və ən xoş arzularını bildirib.
    
Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda həmişə sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz veriblər.
    
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçdilər.


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: