Kəngərli rayonunda əkin sahələri genişləndirilir

A- A A+

Kəngərli rayonunda ötən il ərzində  taxılçılıq üstün istiqamət kimi saxlanılıb. 2019-cu ilin məhsulu üçün 5210 hektar sahədə taxıl əkini aparılıb. Taxıl zəmilərinin 3162 hektarında buğda, 2048 hektarında isə arpa əkilib. Bir il öncə ilə müqayisədə taxıl əkini sahəsi 504 hektar artıb. Taxıl zəmilərindən 15316 ton məhsul tədarük edilib ki, bu da bir il öncəki göstəricidən 2188 ton çoxdur.

2019-cu ildə rayonda tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb. Belə ki, 30 hektar sahədə tütün əkini aparılıb. Bu da bir il öncəki göstəricidən 3,8 hektar çoxdur. Sahələrdən 70,7 ton qurudulmuş tütün tədarük edilib ki, bu da bir il öncəki göstəricini 48,4 faiz üstələyib.     

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası rayonda əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradıb.

Aqrar sahənin inkişafını şərtləndirən ən başlıca amillərdən biri də müasir kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının alınıb gətirilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayon sakinlərinə 17 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq, məhsul istehsalçılarına il ərzində 553 ton mineral gübrə verilib.

               

                                                                          “ Yeni həyat “qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: