Heyvandarlıqda xalq müalicə üsulları

A- A A+

Xalqımız tarixən  ictimai quruluşdan, idarəçilik sistemindən asılı olmayaraq heyvandarlıqla məşğul olub, bu sahədə böyük təcrübə toplayıb. Naxçıvan ərazisində əsasən, qoyun, keçi, inək və camış ev heyvanı kimi saxlanılıb. Bu heyvanların südündən çoxçeşidli süd məmulatları hazırlanıb, yağ əldə edilib. Belə bir deyim vardır ki, vaxtilə imkanlı adamlar yeməyi çeşidləyər, inəyin yağına, keçinin pendirinə, qoyunun qatığına üstünlük verərdilər. Camışın qatığı və qaymağı daha çox yağlı və bəyənilən olurdu. Ancaq camış xüsusi bölgələrdə – su nohurlarının, çay və bataqlıqların yaxınlığında saxlanıldığı məlumdur. Digər tərəfdən ağsaqqalların  söylədiyinə görə, yağlılığı çox olsa da, bataqlıq bitkiləri ilə qidalanan camış südü ilə dağların gül-çiçəyi ilə qidalanan qoyun südünün fərqi çoxdur.

Bu heyvanların ətindən də qida kimi istifadə olunur, XX əsrin 70-ci illərinə qədər kəl və öküzlərin iş qüvvəsindən geniş istifadə edilirdi. Qoyunun yunundan, keçinin qəzilindən palaz-paltar toxuyar,  xüsusilə örkən (çatı) keçi qəzilindən hazırlanardı. “Qaraca çoban” əfsanəsində göstərilir ki, Qaraca çobanın əllərini nə ilə bağlayırlarsa qırır, amma qara keçi qəzili ilə hörülmüş kəndiri qıra bilmir.

 Bir sözlə, heyvandarlıq tarixən xalqımızın təsərrüfat həyatında məxsusi yerə malik olub. İnsanlar heyvanların xəstəlikləri zamanı isə daha çox xalq müalicə üsullarına üstünlük verirdilər. Bu gün demək olar ki, həmin üsulların əksəriyyəti unudulsa da, ucqar dağ kəndlərində hələ də bəzi ailələrdə yaşadılır. Etnoqrafik mənbələrə nəzər salsaq görürük ki, 60-cı illərdə qoyunçuluqda yayılan ofgə, qızdırma, çərəltmə (çərləmə), dalaq, dabaq, sancı, bənd, gül kimi xəstəliklərdən bəhs edilib. Təsərrüfatda xəstəliklərin müalicəsi ilə çoban və naxırçılar məşğul olurdular. Lakin xalq arasında mal-qara xəstəliklərinin müalicəsini özünə peşə sayan təcrübəli şəxslər də olubdur.

Etnoqrafik mənbələr göstərir ki, dabaq və qızdırma xəstəliyi və onun müalicəsi qoyunda və qaramalda eyni olur.Qızdırma xəstəliyi əsasən, heyvanın hava şəraitini dəyişməsi zaman baş verir. Xəstəliyə tutulmuş heyvan kəsildikdə əti tünd sarı və keyfiyyətsiz olur. Heyvan istidən soyuğa düşdükdə qızdırarsa, yerini isti, soyuqdan istiyə düşərək qızdırarsa, yerini sərin edərlər. Qızdırmış qoyunun başını gündə bir neçə dəfə soyuq su ilə yuyar, söyüd yarpağı yedirər, əgər yeməzsə, söyüdün qabıq və yarpağını qaynadıb suyunu içirərdilər. Qızdırmanı müalicə etmək üçün heyvana alça lavaşası da verər və ya turş alça qaynadıb suyunu içirərdilər.

Heyvanlar arasında yayılan dabaq xəstəliyi isə keçici xəstəlik olub iki formada təzahür edir.  Ağızdan tutduqda yem yeyə bilmir, Ayaqdan dabaq tutduqda isə dırnaq quruyub çatlayır. Ayağından dabaq tutan heyvanları müalicə etmək üçün xam neft, müasir dövrdə isə  işlənmiş mühərrik yağını keçəyə hopdurub ayağına bağlayarlar. Göy daşı qatığa qatıb yaraya sürtməklə də dabaq xəstəliyini müalicə etmək olur.

Heyvandarlıqda xalq müalicə üsulları daha geniş mövzu olduğu üçün ardını qəzetin  növbəti nömrələrində təqdim edəcəyik.

                                                                      Zaleh Novruzov

                                                                 “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: