Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti

A- A A+

“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Ümummilli liderimiz Heydər Əliyev!

Müstəqillik illərinin başlanğıcında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisidir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə görülən işlərin davamı kimi gələcəkdə gənclərə qayğının əsas üstünlük təşkil edən sahə olaraq qalacağına təminat verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli fərmanı regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadların “Qızıl kitabı” təsis edilib. Göstərilən dövlət qayğısına cavab olaraq gənclərimiz Heydər Əliyev siyasətinin ətrafında sıx birləşməklə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızın çiçəklənməsi istiqamətində aparılan işlərdə daha yaxından iştirak etməli, uğurlu fəaliyyətləri ilə ölkəmizin adını yüksəklərdə tutmalıdırlar.

Muxtar respublikamızda gənclərin inkişafına yönəlmiş hərtərəfli siyasəti aşağıdakı kimi səciyyələndirə bilərik.

Gənclərin əsaslı inkişafını təmin edən təhsil siyasəti. Muxtar respublikamızda təhsil siyasəti təhsilin bütün pillələrini əhatə edərək məktəbəqədər təlim-tərbiyə ocaqlarından başlayaraq yüksək ixtisaslı kadr hazırlığı ilə məşğul olan ali təhsil ocaqları, akademiyalar da daxil olmaqla bütün mərhələlərin inkişafını diqqət mərkəzində saxlayır.

Muxtar respublikamızda fasiləsiz təhsilin ən əsas pillələrindən biri olan məktəbəqədər təlim-tərbiyə müəssisələrinə qayğı, bu qayğının nəticəsində yenidən qurularaq tərbiyəçi-müəllim və uşaqların istifadəsinə verilən uşaq bağçaları gələcəyimizin qarantı olan gənc nəslin sağlam yaşaması və inkişafı olaraq əsas təməl sistemini özündə ehtiva edir.

Qürur hissi ilə deyə bilərik ki, bu gün muxtar respublikamızın elə bir şəhər, rayon və kəndi yoxdur ki, orada yüksək innovativ texnologiyalarla təsis edilmiş, yeni maddi texniki bazaya malik, müasir standartlara tam cavab verən məktəblər fəaliyyət göstərməsin. Deməli ,orta ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qayğısı nəticəsində təhsilin həyata keçirilməsinin ən əsas elementlərindən biri olan tam şəraitlə təsis edilmiş məktəblərin təsil alanların və təhsil verənlərin ixtiyarına verilməsi gənc nəslin istər təlim və tərbiyəsi, istərsə də təhsili ilə məşğul olanlara yüksək imkanlar yaradır. Gənclərin hərtərəfli inkişafına zəmanət verərək ölkəmizin gələcək qurucuları olan gənclərin yüksək ixtisaslı kadrlar kimi formalaşmasının əsas təməl prinsipini özündə birləşdirir.

Gənclərin təhsil siyasətinin davamı olaraq bu gün muxtar respublikamızda 3 ali və 3 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin böyük kampusu, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının bütün texnoloji yeniliklərlərlə yenidən qurularaq istifadəyə verilməsi gənclərimizin təhsilini seçdiyi ixtisasa uyğun ali səviyyədə davam etdirərək yüksək ixtisaslı kadrlar kimi formalaşmasına şərait yaradıb. Bu şərait nəinki muxtar respublikadan olan gənclərin, eyni zamanda ölkə miqyasında və ölkədən kənarda olan gənclərin də diqqətini çəkib. Bunun nəticəsidir ki, ali təhsil ocaqlarında müxtəlif ixtisaslarda xarici ölkə vətəndaşları olan gənclər də təhsil alır.

Ali təhsil ocaqlarında gənclərimiz təhsilini dokturantura səviyyəsinə yüksəldərək elmi-tədqiqatlarla məşğul ola bilir.

Ölkəmizin uğurlu xarici siyasətinin nəticəsidir ki, Naxçıvanda yerləşən ali təhsil ocaqları tələbələri universitetlərin xarici əlaqələri çərçivəsində  müxtəlif xarici proqramlara qoşularaq öz təhsillərini ölkədən kənarda da davam etdirmək imkanı əldə edirlər.

Bu gün muxtar respublikamızın bütün rayon və kəndlərində yerləşən təhsil ocaqlarında gənclərin işlə təmin olunması üçün situmullaşdırıcı tədbirlər həyata keçirilir. Bütün bunlar gənclərimizin təhsilə marağını günü-gündən artırır.

Gənclərin sosiallaşması və cəmiyyətə inteqrasiyası siyasəti: Muxtar respublikamızda gənclərin sosiallaşması və cəmiyyətə düzgün inteqrasiyası üçün davamlı olaraq xüsusi addımlar atılır. Bunun bariz nümunəsi muxtar respublikamızda Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Gənclər Fondunun yaradılmasıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” Publik Hüquqi Şəxsin yaradılması isə muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsini daha da genişləndirib.

Gənclərin müxtəlif əlavə peşələrə yiyələnməsi, sosiallaşmasının və cəmiyyətə inteqrasiyasının təmini üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi əməkdaşları fasiləsiz tədbirlər həyata keçirir. Bu tədbirlər içərisində xüsusi olaraq müxtəlif vaxtlarda təşkil olunmuş konsertləri, yaradıcı gənclərin istedadlarının üzə çıxarılması istiqamətində müxtəlif səpkili festivalları, hər il xüsusi olaraq qeyd olunan tələbə-gənclər həftəsini, müxtəlif tipli intellektual oyunları, gənclərin layihələrinin dəstəklənərək həyata keçirilməsini, Ağbulaq istirahət mərkəzində istirahətlərinin təşkilini, xüsusi olaraq Gənclər Fondunun həyata keçirdiyi “mənim ikinci peşəm”, müxtəlif rayon və kəndlərdə “uğur və kariyera” mövzusunda həyata keçirdikləri marifləndirici seminarları və bu qəbildən olan bir çox tədbirləri nümunə olaraq göstərmək olar.

Gənclərin fiziki sağlamlığı və inkişafını təmin edən idman və intellektual oyunların təşkili və həyata keçirilməsi siyasəti: Bu gün muxtar respublikamızın bütün şəhər və rayonlarında olimpia-idman kompleksləri, şahmat məktəbləri və müxtəlif intellektual oyunların həyata keçirilməsi üçün komplekslər fəaliyyət göstərir. Bu məktəb və komplekslər dövlətimizin qayğısı və diqqəti nəticəsində bütün gənclərimiz üçün ödənişsiz xidmət həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə o cümlədən muxtar respublikamızda idmana və müxtəlif intellektual oyunlara qarşı maraq günü-gündən artmaqdadır. İndi ölkəmizdə və ölkəmizdən kənarda təşkil olunan müxtəlif növlü idman oyunlarında muxtar respublika gəncləri də öz sözlərini deyərək ölkəmizi layiqincə təmsil edirlər.

Gənclərin ekoloji mühitə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşdırılması siyasəti: Naxçıvan Muxtar Respublikasında ekoloji mühitin və  milli-mənəvi dəyərlərin qorunaraq gənc nəsillərə ötürülməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Muxtar respublika rəhbərliyinin qayğısı və diqqəti ilə yeni yaşıllıqların salınması, milli mənəvi dəyərlərin qorunması, milli tarixi abidələrimizin bərpası və s. bu qəbildən olan tədbirlər planı gənclərimizin təbiətə münasibətinin və milli-mənəvi dəyərlərə hörmət ruhunun formalaşması üçün nümunəvi tərbiyəvi təsir imkanları yaradır. Gənc nəsilin bu istiqamətdə işlərin həyata keçirilməsində fəallığı işin mahiyyətinin dərk olunması və gələcək nəsillərə ötürülməsindəki məhsuliyyətini artırır. Bütün bunlar gənclərimizin vətəni və dövləti sevmək, dövlət müstəqilliyimizin qorunması istiqamətində siyasi düşüncələrinin formalaşması üçün həyata keçirilən gənclər siyasətinin əsas tərkib hissəsidir.

Gənclərin siyasi fəaliyyətinin düzgün istiqamətlənməsi: Yeni Azərbaycan Partiyasında  gəncləşmə prinsipi hər zaman ön cərgələrdən birini tutur. Bu mənada partiyamızda gənclər siyasəti uğurla davam etdirilir. Ümummilli lider azad, firavan, demokratik, müasir, davamlı iqtisadi uğurlara əsaslanan, dünyəvi dövlətin möhkəmlənməsini və milli mənafeyi üstün tutmaqla, öz layiqli davamçısını yetişdirərək, xalqın özündən sonrakı taleyini Prezident İlham Əliyevə həvalə edib.

İndi inamlı prinsiplər əsasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət ölkədə uğurla davam etdirilir. Azərbaycan xalqı öz prezidentinə inanır və hər zaman onun ətrafında sıx birlik nümayiş etdirərək onun yürütdüyü siyasəti dəstəkləyir.

Naxçıvan Muxtar Respublikasında isə Ümummilli liderin dövlətçilik siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun rəhbərliyi altında uğurla davam etdirilir. Bu varislik siyasəti muxtar respublikada sürətli inkişafın əsasında dayanan əsas amil kimi xalqın öz nurlu gələcəyinə ümid və inamının da möhkəmlənməsində əsas təsiredici və formalaşdırıcı stimuldur. Bu gün yaşadığımız nurlu cəmiyyət gənclərimizə yönəlmiş siyasətin uğurluluğunun bariz nümunəsidir. Bu gənclərimizi ruhlandıraraq ölkə prezidenti və muxtar respublika rəhbərliyinin müstəqilliyimizin davamlılığına və inkişafına yönəlmiş siyasi xətti ətrafında sıx birləşərək işıqlı gələcəyə inamla aparır.

 

Çapay Quliyev

Naxçıvan Müəllimlər İnstitutu Təbiət və incəsənət fakültəsinin dekan müavini, baş müəllim

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: