Tarixdən bu günə: Şərur yallısı

A- A A+

Muxtar respublikamızda xalq yaradıcılığının, folklorumuzun, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına böyük qayğı göstərilir, bu sahədə bir sıra tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli sərəncamı xalq yaradıcılığının müasir dövrümüzdə inkişafına, təbliğinə və tədqiqinə yeni üfüqlər açıb. Sərəncamda yallı rəqsi barədə deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın, dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”.   

Xalqımızın mədəniyyət incisi olan yallı zaman keçdikcə insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş gözəllik və incəliyin, vətənpərvərlik və insanpərvərliyin təzahürü olmaqla ruhumuzu oxşayan digər çalarlarla zənginləşib. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”. Tədqiqatçıların fikrincə, yallı rəqsinin tarixi ta qədimlərə gedib çatır. Heç şübəsiz ki, onun yaranma tarixi əlifbanın, yazılı mədəniyyətin əmələ gəlməsindən əvvəlki dövrlərə təsadüf edib. Aparılan araşdırmalara görə ilkin yallı oyunları oda, atəşə pərəstij dövründə formalaşıb. O od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Sonralar isə əhalinin başlıca məşğuliyyət sahəsi olan ovçuluqla bağlı rəqs nümunələri yaranıb. Ovun, döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan,fövqəltəbii qüvvələrə and vermək istəyənlər özlərinin bu münasibətlərini mərasimlərdə təqlid, təsvir yolu ilə ifadə etməyə çalışıblar. Yallılarda mərdlik, birlik, çağırış, sevgi və qabiliyyət hissləri xarakterizə olunur. Alimlərin fikrincə, oğuz ellərinin həyat tərzi, məişəti dünyabaxışı “Dədə Qorqud” dastanlarında sözlə-fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını həmişə haqq-ədalətə və sülhə can atmasını özündə yaşadıb . Tədqiqatçılar qeyd edirlər ki, yallılar ən qədim dövrlərdə ovçuluq və atəşi qorumaq məqsədilə icra olunan mərasim oyunu növlərindəndir. Bununla bağlı Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin “Xosrov və Şirin” poemasında müəyyən təsvir və məlumatlara rast gəlinir. Azərbaycanın tanınmış musiqiçisi, xalq artisti Əminə Dilbazi “yallılar qədər ölkəmizi dünyaya tanıdan ikinci bir vasitə yoxdur” –deyirdi. “Söz demədən o xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir.”  O bu mənada Şərur yallılarını birinci sırada görürdü.

Şərur yallılarının tarixi,ruhi-mənəvi qaynaqları,bədii-estetik gözəlliyi, min illərin düşüncə tərzini yaşatması, rəqs hərəkətlərinin rəmzləri, incə elementlərin izahı və öyrənilməsi, təhlil ediləsi cəhətləri haqqında deyiləsi fikirlərə bu gün böyük ehtiyac vardır. Muxtar respublika rəhbərinin qayğısı ilə yallı sənətinin inkişafı sahəsində daha məqsədəuyğun addımlar atılıb, yallılar ilk dəfə nota köçürülüb onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən ötən ilin 21 dekabr tarixində 175 nömrəli Qərarı ilə “Şərur yallılarının reyestri”nə daxil edilməsi nəzərdə tutulan yallılara dair məlumatlar haqqında Qərar qəbul edilib. Qərara əsasən “Köçəri”, “Göyçəməni”, “Tənzərə”, “Baharı”, “Xələfi”, “Qaleyi”, “Nareyi”, “Xəlili”, “Bəndil”,”Gilanı” və sair yallıların adları “Şərur yallılarının reyestrinə daxil edilib. Mütəxəssislərin fikrincə bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növü olub. “Çolağı”, “Üç addım”, “Dönə Yallı, “Qaz-qazı”, “El yallısı”, “İki ayaq” , “Qaladan-qalaya”, “Səranı” və sair. Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Şərur yallısının qorunması, yaşadılması və təbliğində “Şərur” yallı ansamblının mühüm rolu olub. Ansamblın əsası 1924-cü ildə qoyulub. 30-cu illərin ortalarından “Staxanov kolxozçularının rəqs ansamblı adı ilə fəaliyyətə başlayıb. Ötən əsrin 70-ci illərindən “Şərur yallısı” el-el, oba-oba gəzib, dolaşıb.Kollektiv dünyanın bir çox ölkələrində keçirilən festivallarda iştirak edərək diplom və mükafatlara layiq görülüb. 1970-ci illərdə Bakı şəhərində keçirilən “Naxçıvan mədəniyyəti günləri”ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında bu ansamblın da rolu olub. Respublika sarayındakı yekun tədbirdə iştirak edən ulu öndər Heydər Əliyev konsertdən sonra səhnə arxasında ifaçılarla söhbət edərkən çıxışından razı qaldığını bildirib , tövsiyyə və tapşırıqlar verib: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub saxlayın. Bu Naxçıvanın tacıdır”-deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar apararaq bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyatı üzrə təqdim olunması bu sənət sahəsinə nə qədər böyük diqqətin olduğunu bir daha təsdiqləyir. Xalqın mənəvi inkişaf yolları onun açdığı coğrafi yollardan gəlib keçsə də, mənəvi yol tarixin sel və gürşadlarına qarşı daha dözümlü olub. Qısaca yallının tədqiq və təbliği məqsədilə atılan bu kimi addımların düşmənə göz dağı olması bizləri fərəhləndirir. Bir sözlə, xalqımızın qəhrəmanlıq salnaməsinin bir parçası olan birliyin, həmrəyliyin ən xoş gündə, çətin anda, dar zamanda göstəricisi olan yallılar el coşqusu ilə ifa olunub. İgidlər döyüşə yallı sədası altında yollanıblar. Buna görə də hər bir obada, oymaqda, kənd-kəssəkdə indi də bir xeyir iş olanda səsindən dağlar, daşlar lərzəyə gələn qara zurnanın müşayiəti ilə yallılar elə bir həvəslə ifa olunur ki, hətta yallı getməyi bacarmayanlar belə sıraya qoşulur. Yallılar xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu dəyərləri yaşatmaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq bizlərin vətəndaşlıq borcudur.

                                                 Nuray Cəfərova.

                                                 Naxçıvan Muxtar Respublikası

                                                 Nazirlər Kabinetinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: