Naxçıvan Dövlət Xalça Muzeyi ziyarət olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muzey günləri çərçivəsində “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının kollektivi Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət edib.
Kollektivə məlumat verilib ki, Azərbaycan xalçalarının böyük bir qolunu Naxçıvan xalçaları təşkil edir. Vaxtilə evlərdə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri toxunub, xalçatoxuma sənəti inkişaf etdirilib. Hal-hazırda bu sənət dövlətimizin dəstəyi ilə yaşadılır. Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi diqqəti cəlb edir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.
Diqqətə çatdırılıb ki, Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, tədqiqatlar aparılır, yeni nəşrlər hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu işlərin uğurla həyata keçirilməsinə öz töhfəsini verir.
Turab Hacızadə