Türkiyənin Səhiyyə naziri Fahrettin Koca fevralın 1-də yeni koronavirus səbəbindən Çin Xalq Respublikasının Uxan şəhərindən Türkiyəyə gətirilən və müşahidə altında saxlanılan 62 nəfərin analizlərinin ilkin nəticələri barədə məlumat verib.
NUHÇIXAN xəbər verir ki, nazir ilkin araşdırmalara görə, bu şəxslərdə virusa rastlanmadığını və hər üç gündən bir təkrar müayinələrdən keçiriləcəklərini deyib.
Qeyd edilib ki, müşahidə altında tutulanların ehtiyaclarının qarşılanması üçün hər cür tədbirlər görülür.
F.Koca bu vətəndaşların qida məhsulları da daxil olmaqla bütün xidmətlərinin birdəfəlik vasitələrlə təmin edildiyini, onlara aid bütün tullantıların tibbi tullantı kimi xüsusi torbalara atıldığını qeyd edib.
Bundan əlavə nazir bu vaxtadək Türkiyədə koronavirusa yoluxma halının aşkarlanmadığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentlərinin iradəsinə, iki dövlət arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, fevralın 1-də altı Azərbaycan vətəndaşı Türkiyə vətəndaşları ilə birlikdə Çin Xalq Respublikasının Uxan şəhərindən təxliyə edilib.