2020-ci ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 109,5 faiz icra edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, daxil olan vəsaitlərin mənbəyinə gəldikdə onların 39,5 faizi dövlət sektorunun, 60,5 faizi isə özəl sektorun payına düşüb.
Qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 113,7 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 114,1 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.
Hesabat dövründə Dövlət Vergi Xidməti “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 4 publik hüquqi şəxs və habelə, yerli vergi orqanlar tərəfindən 244 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 66,4 faizi muxtar respublika rayonlarının payına düşüb.