Naxçıvanda jurnalistlər arasında yaradıcılıq müsabiqəsi elan edildi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibətilə 4 fevral – 16 iyul tarixlərində yaradıcılıq müsabiqəsi elan edir.

Müsabiqənin keçirilməsində məqsəd milli mətbuatın 145 illik yubileyi ərəfəsində Naxçıvanın qədim tarixini, müasir inkişafını, turizm potensialını, ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri jurnalistlərin təqdimatında geniş oxucu kütləsinə çatdırmaqdan və bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək verməkdən ibarətdir.

Muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışan şəxslər, eləcə də mətbuatla və teleradiolarla sıx əməkdaşlıq edən kənar müəlliflər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqə aşağıdakı iki istiqamət üzrə keçirilir

1. Naxçıvan Muxtar Respublikasında informasiya təhlükəsizliyinin (söz, fikir və məlumat azadlığı) təmin olunması sahəsində görülən işlərin təşviq edilməsi, ictimai və dövlət maraqlarının müdafiəsi

2. Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, tarixi-mədəni irsimizin və milli dəyərlərimizin təbliği

Qiymətləndirmə meyarları

- yaradıcı yanaşma, dil və üslub xüsusiyyətləri, işlərin bədii səviyyəsi və keyfiyyəti;

- mövzunun əhatə olunması, jurnalist araşdırması və əsaslandırma;

- materialın tamaşaçı, oxucu, dinləyici və izləyici üçün informasiyalılıq səviyyəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi və məsuliyyəti;

- ictimai və dövlət maraqlarının müdafiəsi.

Müsabiqə materiallarına qoyulan tələblər

Müsabiqəyə təqdim olunan yazılar “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin birində dərc edilməli, yaxud “Nuhçıxan” İnformasiya Agentliyində və ya digər rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında yerləşdirilməli, teleradio materialları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda yayımlanmalıdır.

Hər jurnalist yalnız bir istiqamət üzrə müsabiqəyə material təqdim edə bilər.

Müsabiqə materiallarında “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.

Mükafatlandırma

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir:

I yer - bir nəfər (1000 manat)

II yer - iki nəfər (500 manat)

III yer - üç nəfər (300 manat)

Həmçinin bütün qaliblərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun diplomu veriləcəkdir.

Qaliblər 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə mükafatlandırılacaqlar.

Müsabiqə materiallarının qəbul qaydaları

1.Yazının dərc olunduğu mətbuat orqanının (qəzet, jurnal) nömrəsi və elektron variantı (CD diskdə) - 1 nüsxə

2.Teleradio materialı (DVD diskdə) – 1 nüsxə

3.İnformasiya agentliklərində və internet media resurslarında verilən yazıların çap (A4 kağızda) və elektron varinatı (CD diskdə) – 1 nüsxə

4.Şəxsiyyət vəsiqəsinin surəti

Müsabiqə materialları 05 fevral 2020-ci il tarixdən 16 iyul 2020-ci il tarixə qədər rəsmi iş günləri saat 10:00-dan 18:00-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

 

Ünvan: Naxçıvan şəhəri,

Heydər Əliyev Prospekti 50,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

         Əlaqə telefonu

         (036) 544-01-11

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: