Bir kəndin taleyi, yaxud Sust kəndi barədə qeydlər - FOTOLAR

A- A A+

“...Vaxtilə çox böyük bir şəhər olub. XV-XVII əsrlərdə ölkə üçün mühüm əhəmiyyəti var idi. Şərqdən Qərbə gedən karvanların bir çoxu burdan keçirdi. Kəndin şərqində duz emal olunurdu və elə ona səbəb Avropadan bura karvanlar duz üçün gəlirdi. Buranın duzu yüksək keyfiyyəti ilə seçilirdi. Tarixdən də məlumdur, Romadakı duz üsyanları məhz Naxçıvan duzunun hesabına yatırılıb. Lakin sonrakı dövrlərdə baş verən siyasi, iqtisadi hadisələr...”.  

Yol yoldaşım coğrafiya üzrə fəlsəfə elmlər doktoru, dosent Nazim Bababəylinin Sust haqqında dediyi fikirlər məni göy üzünə toxunana qədər uzanıb gedən düzənliklərin seyrindən ayırdı. Bir neçə gün  öncədən telefonda danışdıq və “qeybə çəkilmiş” kəndə- Kəngərli rayonunun Sust kəndinə olan  yolçuluğumuzu bu günə qərarlaşdırdıq. Mənə maraqlı gələn və o kəndə aparan isə başqa bir məqam idi: Ötən əsrin 70 - ci illərindən başlanan kəndin köçürülmə siyasəti buranın tamamilə boşalmasına səbəb olub. Bir ailə isə doğulduğu bu qədim yurd yerini tərk etməyib, beləcə bir kəndin tək ailəsi olaraq yaşamlarını sürdürüblər.

Uzanıb gedən boz biçənəklərin içində ev, evə yaxın yerləşən tövlə, həyətdə çoxlu mal-qara, toyuq-cücə və sanki evin gözətçiliyin çəkən itlər.

“Ay ev sahibi” – Nazim müəllimin həyətdə var-gəl eləyib, arada üzünü evin qapısına tutub səsləndirdiyi bu çağrışıdan sonra qapıda eynəkli bir oğlan uşağı görünür. Salamlaşırıq. Adının Qoçunəli olduğunu deyir və gülümsəyir. Balacanın söhbətindən qətiləşdiririk ki, atası qoyun sürülərini  otarmaq üçün kənddən elə də uzaq olmayan  otlaq ərazisindədir , digər ev sakinləri də günlük təsərrüfat işlərini görürlər.

Könülsüz  gözləməliyik”-  deyirəm.

Nazim müəllim təklif edir ki, evin ətrafında hələ də qalan kəndin tarixi sakinlərinin “yadigarları” Sust haqqında bəzi məlumatları almağımıza kömək edəcək .

Həmsöhbətim kəndin tarixi yerlərindən, XVIII əsrə aid olan qəbiristanlığından danışır. Yerli əhali qoyunçuluqla məşğul olub. Burda qoyunçuluq üçün olduqca əlverişli mühit var-keçmişdə də, indi də. Burdakı yarım səhra və səhra bitkiləri qoyunçuluq üçün əhəmiyyətli qida mənbəyidir. Kəndin yuxarısında isə yaylaq var. Yaylaq və qışlaq bir birinə yaxın olduğu üçün qoyunçuluq üçün əlverişlidir. Kəndin ətrafında isə saysız zağaların ( süni mağaraların) olması  dediklərimizi təsdiq edir. Zağalar isə qoyun sürülərinin saxlanılması və qorunması üçün əhəmiyyətlidir.

...Sonra isə hər şey tamamilə dəyişdi. 1970-80-ci illərdə Sovet hakimiyyətinin kəndlərin mərkəzləşdirilməsi ilə bağlı uğursuz siyasəti kəndin köçürülməsi ilə nəticələndi. Diqqətdən kənar və baxımız olan  Sustun əhalisi  rayonun başqa bir kəndində- Böyükdüzdə  məskən tapdı. Bir az öncə bizə “xoş gəlmisiniz” deyən  balaca Qoçunəliylə eyni adı daşıyan Qoçunəli  baba isə evindən köçmədi.

Niyəsini isə qoyunlarını otlaqdan gətirən Əbdül əmi danışır. “O zaman ki, dedilər başqa bir kəndə köçməlisiniz rəhmətlik razı olmadı. İnadçı idi. Ora da vətəndi, fərqi yoxdur. Ancaq öz doğulduğu evi,eli, kəndi qoyub getmək istəmədi. Burda öz kəndində doğmalarının yanında dəfn olunmaq istəyirdi. O zaman çoxu onu qınadı,elə mən də. Düşünürdüm ki, hamı gedirsə niyə biz tək qalmalıyıq? Bizim ailə-atam bibilərim və biz beləcə Sustun yeganə ailəsi kimi yaşamağa başladıq. Ancaq illər ötdükcə atama haqq verdim. Bura bizə doğmadı. Ta o zamandan qoyunçuluqla məşğul oluruq. Atamdan qaldı bizə bu təsərrüfat. Şükür güzaranımız yaxşıdı. Bu iş elədir ki, gərək dilin tapasan. Atam haqlı idi. Bu torpaq ,bu kənd, bu iş bizi  çörəksiz qoymadı. Günlük qayğılarla yanaşı, uşaqların gələcəyinə də “gün ağlaya”  bilirəm .

 Əbdül əminin ailəsi 9 nəfərdən ibarətdir- 5 övladı, həyat yoldaşı, anası  və bibisi . Burda işlərinin çox olmasına baxmayaraq uşaqlarının təhsilinə önəm verir.  Tanış olduğum balaca Qoçunəli, Pakizə  Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəbin şagirdləridir, ataları hərgün onları məktəbə gətirir. Şəhər mərkəzindən elə də uzaq olmayan Sustun balaca sakinlərinin təhsil almaları üçün heç bir çətinlik yoxdur.

Bax (qəbiristanlığı göstərir) görürsünüz  necə qədimdi. Burda hər şeyin bir tarixi var .  Elə düşünürəm ki, burda  mən gördüyümü heç kəs görə bilmir...

Burdan baxanda Böyükdüzü üzü Araza doğru axan görürəm. Bəs siz nə görürsünüz ?

Həyatımı, uşaqlığımı, keçdiyimiz o çətin dövrləri.

Çətinliyiniz olurdumu?-deyirəm –“Susuzluqdan” deyir. Su problemi uşaqlığımızın ən əsas problemi idi.

“Şəhərin  saysız kəhriz sistemləri  var idi və şəhərin əhalisin suyla təmin edirdi. Kəndin yaxınlığında yüksək dağlıq tədricən Araza doğru əyilir və həmin sular burda səthə yaxınlaşır” – bunu Nazim müəllim deyir. Yaxşı haldır ki, son dövrlərdə kəhrizlər yenidən bərpa edildi, yenidən insanların ixtiyarına verildi.

“İndi su problemimiz  yoxdur” - deyir Əbdül əmi. Elə digər sosial problemlərdə həll olundu. Kəndin tək sakini də olsaq qaz, işıq problemimiz çoxdan həllini tapıb.

Kəndin yaxınlığında iki mühüm duz layı  da var imiş. Onlardan birinin tərkibindəki duzun miqdarı 96.44 faiz olub. Sovet dövründə duzun istismarı çətinləşdiyi üçün mədən fəaliyyətini dayandırıb. Sovet hakimiyyətinin biganəliyi, bir kəndin  timsalında  Azərbaycan insanına olan münasibət idi. Elə yeraltı və yerüstü sərvətlər də yurdumun insanı ilə eyni talehi yaşayırdı.

Ətrafda qışın soyuğu ilə həmahəng bir sakitlik var. Deyəsən elə kəndin adı da ondan yaranıb. Sakitlik, sustalmaq sözündən götürülüb. Nazim müəllim deyir ki, bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də “sakit guşə” anlamında işlənir.

“Buranın üç mühüm təbii sərvəti var”- deyir . Duz, yeraltı suları və iqlim ehtiyatları. Burda olan günəşli saatların miqdarı 2400 dən artıqdır,bu dağlarda hətta 2900-ə çatır.

Yeraltı və yerüstü sərvətləri ilə zəngin tarixi bir torpaqdır Sust. Kəndin ətrafındakı tarixi yurd yerlərinin “Kitabi-Dədə Qorqud”da yer alması isə bu ərazilərdə hələ qədimdən insanların məskunlaşdığını göstərir.  

“Bəzən, belə də olur deyirəm” öz-özümə. İnsanlar bir ovuc torpağa, bir sal qayaya, bir içim suya sığınıb,sarılıb illəri yola sala bilirlər. Axı bizə elə öyrətmişdilər - doğulduğumuz evdən başlayırdı torpaq təəssübkeşliyi, vətən sevgisi. Qoçunəli baba üçün də bu belə idi, yoxsa nəyə, kimə lazım idi o böyüklükdə Sovetin qanunlarına qarşı gəlmək, inadlaşmaq ki, yox, öldür çıxası deyiləm öz kəndimdən. Bu eləcə bir kor inad deyildi axı... Bu həmdə özündən əvvəl yaşayıb kəndi ona hasarlı,divarlı əmanət edənlərə verdiyi söz idi, dünəninə sahib çıxmaq, əbədi yanan ocağa sədaqət idi.

                                                                                         Fizzə Bağırova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: