Vətəndaşlara sosialyönümlü xidmət göstərən “DOST” mərkəzləri uğurlu layihələrdən biri kimi əhali arasında böyük razılıqla qarşılanıb. Elə buna görə də Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev qeyd edib ki, DOST mərkəzlərinin yaradılması daha geniş vüsət alacaq. Artıq iki mərkəz keçən il istifadəyə verilib və ümumiyyətlə, 30-dan çox “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, konfransda Prezident bu il həyata keçiriləcək sosial layihələrdən bəhs edərkən bildirib: “Digər sosial layihə şəhid ailələri üçün tikiləcək və təmin ediləcək mənzillərdir. Keçən il 934 şəhid ailəsinə mənzil verilmişdir. Bu il göstəriş vermişəm ki, bu rəqəm artırılsın və ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək”.