Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin quruculuq ərmağanları - FOTOREPORTAJ - FOTOLAR
2019-cu ildə Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılıb, şəhər və rayonlarda müasir binalar tikilib. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülüb. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşdirib.
Muxtar respublikada müxtəlif təyinatlı binaların tikintisi və ya bərpa olunaraq yenidən qurulması qədim Naxçıvanı daha da gözəlləşdirməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafını təcəssüm etdirir.
Qeyd edək ki, 2019-cu ildə Naxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 29 milyon 283 min 900 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.
NUHÇIXAN-ın məlumatına görə, vəsait qoyuluşlarının 965 milyon 410 min manatı və ya 93,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. Bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.
2019-cu ildə muxtar respublikada 271 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulmuş və ya əsaslı təmir olunub, 159 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ildə 10 kənd mərkəzi istifadəyə verilib, 3 kənd mərkəzinin inşası davam etdirilib. Bundan əlavə, Ordubad rayonunda dövlət qurumları üçün inzibati binanın və Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması başa çatdırılıb.
Yaşayış məntəqələri 500 ədəd məişət tullantıları konteynerləri ilə təmin edilib, Culfa şəhərində qazanxananın tikintisi başa çatdırılıb.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 5 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilib. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilib.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2019-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 379 min 157 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da bir il öncəki göstəricidən çoxdur.
2019-cu ildə Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi, Babək rayonunun Gülşənabad, Ordubad rayonunun Vənənd və Şahbuz rayonunun Türkeş kəndlərində içməli su xətlərinin çəkilişi başa çatdırılıb.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun və Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi davam etdirilib.