Tarixin işığında: Sədərək - FOTOLAR

1840

Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan Sədərək həm də bölgənin qeyrət qalası adlanır. Sədərək 1990-cı illərdə mərdliklə qorunaraq öz adını tarixin qəhrəmanlıq və mübarizə dolu səhifələrinə yazdırdı. Bu il Qala qapısı rolunu oynayaraq Naxçıvanın erməni işğalından müdafiə olunmasına öz töhfəsini verən Sədərək rayonunun yaranmasının 30 illiyi tamam olur. Ucubiz, Əjdəkan, Vəlidağ və Tejqar dağ silsilələri ilə əhatələnən Sədərək ərazisi iki xarici dövlətlə-Türkiyə və Ermənistanla həmsərhəddir. Rayon özündə bir qəsəbə və üç kəndi birləşdirir.

 Qədim yurd yerimiz-Sədərək

“Naxçıvan Ensiklopediyası”nın II cildində olan məlumatlara istinadən deyə bilərik ki, Sədərək Naxçıvan ərazisində Eneolit dövrünə aid yaşayış məskənlərindən və mədəniyyət ocaqlarından biridir. 1958, 78, 83 və 2000-ci illərdə aparılan arxeoloji qazıntılar  zamanı Eneolit və ilk Tunc dövrlərinə aid yaşayış yeri aşkar olunub. Əldə olunan əmək alətləri, keramika məmulatları və digər maddi-mədəniyyət nümunələri hazırda Sədərək Rayon Tarix-Diyarşünaslıq muzeyinin ekspozisiyasını bəzəyir. Sədərək ərazisində bu günə qədər “Əjdəkan”, “Cin təndiri”, “Cəhənnəm dərə”, “Şir arxı”, “Dəhnə”, “Qaraburun” “Qırmızılar” “Karvansaray” kimi qədim yer adlarının olması bu yurd yerinin tarixi keçmişindən soraq verir. Əjdəkan dağının ətəyində yerləşən Əjdəkan mağarası, bir qədər aşağıda 7 ildən bir qaynayıb çıxan Cincili bulaq, insanların etiqad göstərərək, sıx-sıx ziyarət etdikləri Ağoğlan piri, Sədərək qalası, “Div hörən” deyilən siklop tikili qalıqları haqqında dolaşan əfsanə və rəvayətlər bu gün də elin yaddaşındadır.

Həmçinin Sədərək qəbiristanlığında XVIII-XIX əsrlərə dair məzar kitabələri movcuddur ki, bu da ta keçmiş zamanlardan türklərin bu ərazidə məskunlaşdığını göstərir. Ümumilikdə, Sədərək bölgəsində 3 dünya, 11 ölkə, 14 yerli əhəmiyyətli tarixi abidə mövcuddur. Ərazidə XX əsrin əvvəlllərinə aid edilən hamam, 2 tarixi məscid binası burada həm də memarlığın inkişafından xəbər verir. Tarixi qaynaqlarda sədərəkli memar Məhəmmədin, Təqi oğlu Məşədi Əhmədin adı keçir.

2010-cu ildən arxeoloji tədqiqatlara cəlb edilən Sədərək yaşayış yeri eneolitdən başlayaraq son dəmir və orta əsrlərədək böyük bir dövrü əhatə edir. Abidə xalq arasında Kültəpə, Şəhər yeri adları ilə də tanınır. Ərazidən əmək alətləri, eləcə də son tunc və erkən dəmir dövrün aid keramika məmulatları üstünlük təşkil edir.

Səfəvilər dövründə Sədərək Naxçıvanın digər bölgələri ilə birlikdə Çüxursəd bəylərbəyliyinin tərkibində olub. Ticarət-karvan yollarının kəsişdiyi yerdə yerləşən Sədərək orta əsrlərdə şəhər səviyyəsinə yüksəlib. Fransız səyyahı Jan Şarden, türk səyyahı Övliya Çələbi və başqaları öz qeydlərində Sədərəkdən də bəhs ediblər. “İrəvan” əyalətinin icmal dəftərində Sədərək nahiyəsinin 24 kənddən ibarət olduğu qeyd edilib.

Qədim tarixə malik olan Sədərəyin adına  “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Tədqiqatçılar dastandakı Səgrək adının toponimləşərək Sədərək oykoniminə çevrildiyi qənaətindədirlər. “Sədərək” sözünün etimologiyasının “Çox adam yaşayan yer” mənasını bildirən Sedrək, ərəbcə düşərgə mənasını ifadə edən “Sədər”, XIV əsrdə bu ərazilərdə yaşamış “Səədli” tayfasının adları ilə əlaqəli olduğunu iddia edənlər də var. İstənilən halda Sədərək qədim oğuz-türk yurdudur və bunu sübut edən tarixçilərin ortalığa çıxardığı kifayət qədər faktlar mövcuddur. 

Bu torpağın yetirməsi, şair Vaqif Məmmədovun təbirincə desək,

Tarix hopub bu yerdə hər kəlməyə,

Qarışında neçə nağıl, söz olar.

Sədərəyin tarixini bilməyə

İnsan üçün bir ömür də az olar.  

Üzümçülüyün məskəni

Sədərəklilərin tarixən əsas məşğuliyyətini əkinçilik təşkil etsə də,  sonralar üzümçülük də təsərrüfatlarında yer alıb.  Biz bu barədə faktları övliya Çələbi “Səyahətnamə”sindən oxuyuruq: “Biz Sədərək kəndinə çatdıq. Naxçıvan torpağında yerləşən kənd gözəl və abaddır, min gözəl evi, saysız-hesabsız bağ və üzümlükləri, xoş iqlimi var”. Sovetlər dönəmində ən gözəl şərab emalı mərkəzlərindən biri məhz Sədərək hesab olunub. Sədərəyin bol bəhrəli üzüm bağları burada 3 şərab emalı  sahəsinin inkişafına rəvac verib.

Hələ 1974-cü ildə  Naxçıvan MSSR-in yaradılmasının 50  illiyi tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn ulu öndər Heydər Əliyev Sədərəkdə olub, yeni salınmış üzüm bağlarında kənd əməkçiləri ilə görüşüb. Sədərək ərazisindən sə­mə­rəli istifadə olun­ması, üzüm­çülük təsərrüfatının geniş­lən­dirilməsi, Er­mə­nis­tanla lap sər­həd­də şərab zavodunun ti­kil­məsi tapşırıqlarını ver­ibdir. 1977-ci ildə Ba­kı­da kənd əmək­çi­lərinin res­pub­li­ka müşavirəsində nitq söyləyən Azərbaycan KP MK-nın birinci ka­tibi Heydər Əliyev Azərbaycan üzrə ən yüksək göstəricilərə nail olan 10-12 təsərrüfatın sırasında Sədərək üzümçülük sov­xo­zu­nun da adını çəkib, həmin müşavirədə Sədərək üzümçülük sov­xozundakı Süleyman Nəsirovun briqadasını Azərbaycanda üzümçülüyün mayak­larından biri kimi qiymətləndirib. 70-ci illərin sonlarına doğru Sədərək nəinki muxtar respublikanın, hətta ölkənin ən iri və diqqət mərkəzində olan üzümçülük təsərrüfatlarından birinə çevrilib. 

1978-ci il oktyabrın 15-də respublika rəhbəri kimi 2-ci dəfə Naxçıvana gələn Heydər Əliyev Sə­dərəklə Ermənistan arasındakı boş əra­zidə əhali ilə görüşür. O, kənd ağsaqqallarına, ziya­lı­la­ra Sədərək üçün gələcəkdə görüləcək işlər barədə, xüsusilə sərhəddə salınacaq nümunəvi yaşayış qə­sə­bə­sindən bəhs edir. Elə oradaca əla­qə­dar rəsmi şəxslərə Naxçıvan-İrəvan magistralının üstündə sa­lı­na­caq bu qəsəbənin proyektinin Pribaltikadan gətirilməsi barədə tövsiyə və tapşırıqlarını verir.

Beləliklə, sər­həd­dəki boş ərazidə Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə Pribaltika layihəsi əsasında nümunəvi bir qəsəbə salınır və Sədərəkdəki yüzə yaxın ailə həmin qə­sə­bəyə köçürül­ür. Ən əsası isə düşmənə göz dağı olan bu qəsəbənin salınması ilə sərhəd bir qədər də möhkəmlənir…

1980-cı il may ayının 19-da yenə İrəvandan av­to­ma­şınla Naxçıvana gələn Heydər Əliyev Sədərəyin bir çox əkin sahələrində olub, əməkçilərlə və kənd ağsaqqallarının nü­ma­yəndələri ilə  görüşüb kəndin problemləri ilə bağlı söhbətlər aparıb.  Dahi rəhbərin Naxçıvana və Sədərəyə hər gəlişi bu qəsəbənin inkişafına stimul verib.

Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə sərhəddə inşa edilən və  Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutan  şərab emalı zavodu fəaliyyətini davam etdirir. Ta ki ermənilər bu zavodu dağıdana qədər... 

Atalar yaxşı deyib: “Dişin ağrıyır, çək qurtar, qonşun pisdir, köç qurtar”. Üzqarası olan  ermənilərlə nə istəyərəkdən qonşu olmuşuq, nə də xəritədə tarixən yerləşdiyimiz ərazilər yanaşı olub. Fakt budur ki, tarixi saxtalaşdırmaqda mahir olan ermənilər zamanla torpaqlarımıza yerləşdirilib. Özlərini məzlum və zavallı xalq, “mehriban qonşu” kimi göstərməyə müvəffəq olan bu toplum yerləşdikdən sonra öz coğrafiyalarını genişləndirməyə, yerlərini bərkitməyə nail olublar. Və beləliklə tarixi torpaqlarımıza sahibləniblər. Yarı köçürülmə, yarı qəsbkarlıq və çar Rusiyasının siyasəti nəticəsində Sədərəyin ta yaxınlığınacan gəlib çıxa biliblər.

Lakin bu digər qonşuluqlara bənzəməz. Torpaqdan nə pay olar, nə də torpağı tərk etmək. 1990-cı il Sədərək hadisələri nəinki Sədərəyin, Azərbaycanın tarixində mühüm bir səhifəni təşkil edir. Lakin gəlin görək ermənilərin Sədərəyə, ümumən, Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdənmi başladı? Xeyr. Bunun tarixi kökləri keçmişə dayanır. Və erməni fitnəkarlığı zamanla özünü büruzə verib. 1905-07, 1918-20-ci illərin o ağır, qanlı-qadalı günləri Sədərəkdən də yan keçməyib.

1918-20-ci illərdə Sədərək əhalisinin erməni daşnaklarına qarşı apardıqları mübarizədə Abbasqulubəy Şadlinskinin rəhbərliyi ilə təşkil olunmuş “Qırmızı Tabor”un böyük xidmətləri olub.  “Qırmızı tabor”un əsas qərargahı bir müddət Sədərəkdə yerləşib. Taborun üzvlərindən 40 nəfəri sədərəkli olub. Onlardan Həsən Şahverdiyev, Heydər Heydərov, Müseyib Tarverdiyev, Ələkbər Sadiqov, Nəcəf Əliyev, Qafar Əliyev, Qasım Hüseynov, Allahverdi Cəfərov, Zeynalabdin Həsənov, Yusif Əliyev, Məhəmməd Əkbərov, Həbib Bağırovun adları məlumdur. Bu igidlərlərlə yanaşı Zəhra Dünyamalıyeva adlı qadın da olub. Ermənilərə olan nifrətini silaha sarılaraq mübarizə aparmaqla ifadə edib. Kişi libasında kişi kimi döyüşüb.

Dərələyəz və Zəngəzur dağlarına çəkilmiş daşnak dəstələri hücumları ilə Şərur əhalisini rahat buraxmırdı. “Qırmızı Tabor”un döyüşçüləri 40 kilometrlik cəbhə xəttində düşməni geri oturtmuş və bu döyüşlərdə böyük qəhrəmanlıq nümunəsi göstərərək yurdu qoruyublar. 1921-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur, Şərur və digər yerlərin erməni daşnaklarından təmizlənməsində fərqləndiklərinə görə “Qırmızı Tabor”un “Qırmızı Bayraq” ordeni ilə təltif olunmuş 19 döyüşçüsünün 4 nəfəri sədərəkli olub:  Qasım Hüseynov, Nəcəf Əliyev, Qafar Əliyev, Ələkbər Sadiqov.

Qırmızı Taborun fəal üzvlərindən olan Sədərək taborunun komandanı Həsən Şahverdiyev 17 nəfərlə kəndi mühafizə edib. Bununla belə Sədərəyin bu qəhrəman oğlu həmkəndlilərinin yaddaşında xeyirxah əməlləri ilə də qalıb. Belə ki, 1929-cu ildə onun təşəbbüsü ilə dağlardan daş daşınaraq çətinliklə də olsa,  4 sinifli məktəb tikilib.

Köç

Və beləliklə zaman “mehriban qonşuluğ”un əsl iç üzünü ortalığa qoydu. Erməni firnəkarlığı illər sonra yenə də özünü göstərdi. Yenə qəfil hücum, yenə hiylə, yenə əsassız torpaq iddiası. Nə bitib-tükənməyən “sevdaymış” bu”!.. 

Şair-publisist Vaqif Məmmədovun “Sədərəkdə yazılan gündəlik” kitabından oxuyuruq: “Şərurdan Sədərəyə gəlirdik. Dəmirçi kəndinin yaxınlığında gözləmədiyimiz və o vaxta qədər görmədiyimiz çox böyük bir maşın karvanı ilə rastlaşdıq. 150-200 yük maşınından ibarət bu karvanla Ermənistanda yaşayan azərbaycanlılar köçürülür...Ən daşqəlbli adam da bu mənzərəni, bu faciəni görsə dəhşətə gələr”. (21 noyabr 1988-ci il)

Bu faciə tarixin müxtəlif dönəmlərində yaşanıb. Bəhruz Kəngərlinin 1918-20-ci illərdə yaratdığı “Qaçqınlar” silsilə əsərlərində əks olunub. Sovet dövründə də bu hadisə təkrarlanıb. 1948-53-cü illər deportasiya tarixinə nəzər salmaq kifayətdir ki, minlərlə insanın acı taleyini təsəvvür edəsən. İ. Stalinin 1947-ci il 23 dekabr tarixli SSRİ Nazirlər Sovetinin qərarında göstərilir ki, “könüllülük prinsipləri əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. Məqsəd Ermənistandan, daha doğrusu, əzəli ata-baba yurdlarımızdan azərbaycanlıları təmizləmək, ərazini erməniləşdirmək idi. Ermənilərin digər planı “Böyük Ermənistana” Naxçıvanı da daxil etmək olub. Lakin illərlə planlarını gerçəkləşdirə bilməyən ermənilər şanslarını bir də 90-ci illərdə sınamağa başlayırlar. Sərhədboyu işğalçılıq planlarını həyata keçirməyə cəhd edən ermənilərdən ən böyük zərbəni Sədərək aldı.  14 dəfə düşmənin qəfil hücumu ilə  Sədərək ciddi dağıntılara məruz qaldı.

Kərkini niyə itirdik?

Bu suala cavab tapmaq üçün tarixi vərəqləmək lazım gəlir. Çünki Kərki 90-cı illərin itkisi deyil. Sədərəyin bir parçası olan Kərki ermənilərin zamanla, hətta deyərdim ki, addım-addım həyata keçirdikləri məkrli planlarının qurbanı idi. Və bu 1990-cı ildə tam reallaşdı.

Sədərək kəndinin 8-10 kilometrliyində yerləşən, 960 hektara yaxın ərazini əhatə edən yaşayış məskənində “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”,  “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut bulağı” kimi toponimlər də bu torpağın qədim tarixinin nişanələrindəndir. Lakin bu nişanələri saxtalaşdırmaq, mənimsədikləri digər çoxsaylı Azərbaycan torpaqları kimi Kərkiyə iddia etmək kimi məkrli planlar həyata keçirməkdə usta olan ermənilər bu istəklərinə də elə addım-addım yaxınlaşdılar.

Azərbaycanın xəritəsində Naxçıvan Muxtar Respublikasından kənarda   çox kiçik bir xətlə Azərbaycana -Sədərək ərazisinə birləşdirilən bu kənd Ermənistan ərazisində kiçik bir ada kimi göstərilib. 

Tarixçi alim Vaqif Məmmədov yazır: “Hələ Azərbaycan Demokratik Respublikasının yarandığı ilk dövrlərdən etibarən bir sıra iri imperialist dövlətlərinin Naxçıvan ərazisinə diş qıcayıb bu torpaqları ələ keçirməyə, Naxçıvanda öz hakimiyyətlərini qurmağa  səy etdikləri bir vaxtda xəyanətkar qonşumuz olan ermənilər də bu fürsəti əldən verməyib Naxçıvanı ələ keçirmək, öz ərazilərini Naxçıvan torpaqları hesabına genişləndirmək iddiasında oldular. Hətta 1919-cu ilin mart ayında işğalçılıq məqsədi ilə Naxçıvana gələn ingilislər də Şərur-Dərələyəz mahallarının və Naxçıvanın ermənilərə verilməsini tələb etdilər. Ancaq həmin vaxt Naxçıvan, Nehrəm, Şərur və Sədərək əhalisi layiqincə öz sözünü dedi”. 

Moskva və 1921-ci il oktyabr ayının 13-də Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqavilələrində  adı çəkilən, eyni zamanda Sədərəklə Kərki arasındakı ərazidə yerləşən “Bağırsaq dərəsi”, “Cəhənnəm dərə”, “Qaraağac”, “Qurdbaba”, həmçinin onlara yaxın olan “Kərkinin düzü”, “Həsənqulu bağı”, “Kaha”, “Bəzirxana”, “Qızıldaş”, “Köhnə Kərki” kimi yerlər də Azərbaycan ərazisi olub.

Lakin ermənilərin uzun illər boyu Moskvada, İrəvanda və Gürcüstanda apardıqları xəyanətkar siyasətin nəticəsi olaraq heç bir əsaslı səbəb olmadan, hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri bağlayan dövlətlərin başı üstündən qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr və ya 65 min 700 hektar torpaq sahəsi Ermənistana verilibdir. Nəticədə azərbaycanlı əhali zaman- zaman həmin əraziləri tərk edib və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilibdir. Bütün bunlar azmış kimi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verildi. Beləliklə, Kərki kəndi Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşdü.

1989-cu ildən gözdən uzaq, könüldən iraq qalan Kərkinin başını qara buludlar aldı. Ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən  Kərkiyə Qaraağac-Cəhənnəmdərə istiqamətindən  yük maşını ilə, bəzən də piyada 30-40 nəfər könüllü müdafiəçi  gedir, gecəni səhərə  kərkililərlə birlikdə kəndin  keşiyini çəkir, səhər geri qayıdırdılar. Vəziyyət o yerə çatmışdı ki,  Kərkidə yalnız könüllü müdafiə dəstələrinin üzvləri və rus hərbçiləri qalmışdı. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən axşama qədər atışma getsə də, müasir silahlarla silahlanmış ermənilərlə  döyüşən Kərkinin müdafiəçilərinin bütün  səylərinə baxmayaraq rus hərbçilərinin əli ilə Azərbaycanın qədim torpağı, Sədərəyin bir parçası olan Kərki ermənilərə “ərməğan” edilir

Sədərək necə qorundu?

Sədərək 1990-93-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb. Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Düşmənin məkrli planı, güclü texnika ilə qəfil hücumu və bu qəfil hücuma hazırlıqlı olmayan sədərəklilər...Hələ 1988-ci ildən başlayan hadisələr, silahlı hücumlar  1990-cı ildə kulminasiya nöqtəsinə çatdı.

Erməni-rus birləşmələri Sədərək yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə malik olan Kərki kəndini işğal etməklə, Sə­də­rə­yin şimali-şərq istiqamətindən öz hərbi qüvvələrini Sə­də­rə­yə tərəf xeyli irəlilədə bilmiş, Əjdəkan, Cintəndiri, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi bir növ mühasirə və­ziy­yə­tinə salmışdılar. Beləcə, Sədərək ağır sınaqla üz-üzə qaldı.

Bütün bu narahatlıqlara baxmayaraq Sədərəkdə həyat yenə də öz axarında davam edirdi. 19 yanvar tarixində səhər saat 11 radələrində eşidilən atəş səsləri ilə məktəbdə dərslər dayandırılır. Naxçıvanın və Şərurun bütün rayon və kəndlərindən bu xəbəri eşidənlər Sədərəyin köməyinə gəlirlər. Sədərəklilər və Naxçıvanın müxtəlif bölgələrindən- Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən, Nehrəmdən və digər kəndlərdən Sədərəyin köməyinə gələn el oğulları birləşərək öz sinələrini düşmənin gülləsinə sipər edirlər. Öldü var, döndü yoxdu.  Və Sədərək yanvarın 19-da ilk şəhidlərini verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məhəmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları.

Səhər saatlarında daha ağır bir xəbərlə üz-üzə qalır sədərəklilər. Paytaxtda baş verən 20 yanvar faciəsi eşidən hər kəsi sarsır. Lakin geri dönüş yoxdur. Daha güclü olmaq və düşmənin illərdir həsrətində və özününküləşdirmək planında olduğu Naxçıvan arzusunu gözündə qoymaq. Sədərək Naxçıvanın müdafiə qalasına çevrilir.  Əli silah tutan hər kəs ayağa qalxır. Qadınlar, qocalar, uşaqlar kənddən çıxarılaraq Sədərəklə yaxınlığındakı Dəhnə adlı ərazidə müvəqqəti olaraq çadırlarlarda yerləşdirilir. 1 nömrəli məktəb boşaldılaraq hərbi kazarmanın ixtiyarına verilir. Hətta yuxarı sinif şagirdləri də öz bacarıqları daxilində köməyə qatılırlar. Məktəbli uşaqlar  cəbhədə vuruşanlara çörək və su daşıyır.  Naxçıvanın bütün kəndlərindən dəstə-dəstə könüllülər gəlir Sədərəyin köməyinə.

1990-cı il iyul ayının 22 -də Naxçıvana gələn ulu öndər Heydər Əliyev iyulun 28-də Sədərək kəndinə gəlir. Sədərəkdə baş verən ha­disə­lər­dən, azğın ermənilərin Sədərək üzərinə hü­cum­la­rın­dan danı­şaraq Sədərək əhalisini daha dözümlü, daha əzmkar ol­mağa, düşmən qarşısında daha mətanətlə dayanmağa səsləyir.

29 avqust 1990-cı ildə Sədərək rayonunun yaradılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı çıxır. Qeyd edək ki, buna qədər Sədərək o zaman İliç adlanan Şərur rayonunun tabeliyində olub və rayonun yaradılmasında məqsəd müdafiəsini və inkişafını gücləndirməyə xidmət edib. Daim sədərəklilərin yanında olan dahi rəhbər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri se­­çil­­mə­sindən cəmi iki ay sonra imzaladığı “Naxçıvan Mux­tar Res­pub­likası Sədərək rayonunun inzibati-ərazi bölgüsündə dəyi­şik­lik edilməsi haqqında’’ Naxçıvan Muxtar Respublikası Ali Məc­li­sinin 16 dekabr 1991-ci il ta­ri­xli qərarı da birbaşa  böyük şəxsiyyətin Sədərək ra­yo­nuna qayğı və diqqətinin təzahürü idi.

18 may 1992-ci il. Strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Ermənilərin digər planı ilə həmin gün Sədərək səddi də yarılmalı idi. Erməni təcavüzkarları bütün qüvvələrini cəm­ləş­dirib üç isti­qa­mət­dən-Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qa­ra­bu­run isti­qa­mətlərindən hücuma keçərək nəyin bahasına olusa ol­sun rayonu  işğal etmək qərarına gəl­miş­dilər. Düşmənin ağır hücum əməliyyatları nəticəsində Sədərək 38 şəhid verir. Yaralıların sayı isə bundan daha da çox olur.  Mildə şəhid olanlardan 17 nəfərinin cəsədini götürmək mümkün olmur. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində, 10 gün sonra döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır.   Heydər Əliyev həmin ağır günlərdə Sədərəyin mü­da­fiə­sin­də yaralananların taleyinə də bir an belə biganə qal­mır, onların müa­licəsi ilə maraqlanır, ağır yaralıların qar­daş Türkiyənin müx­tə­lif şəhər xəstəxanalarına göndərilməsi üçün ciddi tapşırıqlar ve­rir.

1992-ci il mayın 28-i  tarixə həm də əlamətdar bir hadisə ilə bağlı olaraq düşür. Həmin gün Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilir. Körpünün açılışında Türkiyənin o zamankı Baş Naziri Süleyman Dəmirəl və qardaş ölkənin digər yüksək vəzifəli hökumət nümayəndələri də iştirak edirlər. Təbii ki, bu xəbər pusquda duran ermənilər üçün sarsıdıcı zərbə olur.

1993-cü ilə qədər davam edən müharibədə naxçıvanlılar ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Sədərəyi mərdliklə qorumağa müvəffəq olurlar. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Bu müharibədə 109 nəfər şəhidlik zirvəsinə yüksəlir.

İllər sonra

2002-ci il avqust ayında muxtar respublikaya səfəri çərçivəsində  Sədərək rayon zəhmətkeşləri ilə görüşən  Heydər Əliyev  əvvəlki illəri belə xatırlayır: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm”.

1970-ci illərdə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Sədərək rayonu ərazisində 71 ailədən ibarət salınan nümunəvi qəsəbə ermənilərin hücumu nəticəsində bərbad vəziyyətə düşsə də, yenidən dirçəldilir. Sakinlərin təşəbbüsü ilə qəsəbə qurucusu və yaradıcısı Heydər Əliyevin şərəfinə Heydərabad adlandırılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamı ilə həyata keçirilən məqsədyönlü tədbirlər  sərhəd bölgəsinin inkişafına təkan verir.

Mərkəzi Heydərabad qəsəbəsi olmaqla abadlaşan, gözəlləşən Sədərək bu gün inkişafının ən yüksək dövrünü yaşayır. Sədərəklilər üçün 90-cı illərin o dəhşət dolu, əzab dolu günləri artıq geridə qalıb. Hər kəs Naxçıvanın qeyrət qalası adlandırılan Sədərəyin inkişafına öz töhfəsini verməyə çalışır. İnsanlar qurur, yaradır, şən, firavan günlərini yaşayırlar. Onlar artıq arxayındırlar. Nə 1918-ci illərin, nə 1948-53-cü illərin, nə də 90-cı illərin rüzgarı artıq bu torpağın üstündən əsə bilməz. Sədərəyi dövrələyən o məğrur dağların başında müzəffər ordumuzun igid  əsgərləri keşik çəkir. Bugünkü Sədərək düşmənə göz dağıdırsa, dağlarda məskən salan igidlərimiz yarılmaz səddir. O sədd Kərkiyəcən uzanacaq. Çünki tarix həqiqətin tərəfindədir. 

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: