Baş Prokurorluq Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılan anonim informasiyalarla bağlı məlumat yayıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə son günlər bəzi sosial şəbəkələrdə və ayrı-ayrı internet informasiya resurslarında müxtəlif anonim informasiyaların yayılması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN-a daxil olan məlumatda bildirilib ki, həmin faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaq.
İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +994 12 440-75-25 və +994 12 440-79-25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur. Məlumat vermiş şəxslərin anonimliyinə və təhlükəsizliyinə təminat verilir.
Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.
İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcək.