Son onilliklərdə təbiəti çirkləndirən təbii proseslərin intensivləşməsi, anormal iqlim dəyişmələri, insanın təbiətə qarşı müxtəlif müdaxilələri, radiasiya və maqnit şüalandırıcı cihazların təbiətə təsiri, ekoloji təmiz qida məhsullarının azalması və digər mənfi təsirlər orqanizmdə metabolik proseslərin normal gedişini pozur, hüceyrə və toxumalar zədələnir və immun sistem zəifləyir. Nəticədə orqanizmin müdafiə qabiliyyəti aşağı düşür, hüceyrə və toxumalarda pataloji proseslər inkişaf edir, şiş və teratomalar yaranır.
XX yüzilliyin başlanğıcında sənaye inqilabına görə sürətli sənayeləşmənin nəticəsi olaraq yeraltı və yerüstü sərvətlər son dərəcə çirklənib. Xüsusilə də atmosferə buraxılan zərərli və zəhərli qazlar (freon, ammonyak və s.) ozon təbəqəsinin incəlməsinə və deşilməsinə şərait yaradıb. Ozon təbəqəsinin incəlməsi günəşin zərərli şüalarının (ultrabənövşəyi) təsirini artırıb. Bu bir çox xəstəliklərin, xüsusilə ürək-damar, əsəb, həzm sistemi xəstəliklərinin, xərçəng, şəkərli diabet, hepatit, parkinson və digər xəstəliklərin sürətlə inkişafına səbəb olubdur. Aparılmış tibbi tədqiqatlarla müəyyən edilib ki, bu xəstəliklərin qarşısının alınması və müalicəsində antioksidant, antimutagen xassəyə malik bioloji fəal maddələr ən effektli vasitədir. Elə bu səbəbdəndir ki, antioksidant sözünü son zamanlar daha çox eşidirik.
İnsan orqanizmində oksidant-antioksidant tarazlığı vardır. Xəstəlik zamanı oksidantlar antioksidantlara qalib gəlirlər, belə vəziyyətdə reaktiv oksigen növləri iri molekullara DNT-ə, proteinlərə, lipidlərə hücum edirlər və zədələnmələrə səbəb olurlar.
Antioksidantlar - insan orqanizmində və qidalardakı sərbəst radikalları zərərsizləşdirən, başqa sözlə sərbəst radikallarla savaşan birləşmələrdir. Antioksidantlarla zəngin olan qidaların qəbulu sərbəst radikalları neytrallaşdırır və orqanizmə zərər verməsinin qarşısını alır. Antioksidantlar xərçəng, ürək damar və bir çox digər xəstəliklərin düşməni hesab olunur.
Antioksidantlar uzun yaşamağı və sağlam olmağı təmin edən orqanizmdəki hüceyrələr tərəfindən sintez olunmaqla bərabər, qidalar vasitəsilə alınan bir qrup kimyəvi birləşmələrdir. Qidalarda mövcüd olan və insan orqanizmini zərərli sərbəst radikallardan qoruyan əsas təbii antioksidantlar əsasən vitaminlər (C və E-vitaminləri), karotinoidlər (A-vitamini) və flavonoidlərdir.
Antioksidantlar sintetik ola bildikləri kimi, təbii olaraq tərəvəzlərdə, meyvələrdə və ədviyyatlarda da olurlar. Rəngli tərəvəz və meyvələr antioksidant deposudur. Xüsusilə çiy yeyildikdə ehtiyacımız olan antioksidantları təmin edirlər. Bişirdikdə isə əksər antioksidantların fəallığı azalır. Ancaq istiyə məruz qaldıqda antioksidant fəallığı artan və ya təsirlənməyən qidalar da mövcuddur. Bəzi tərəvəzlərin antioksidant fəallığı istiliyə məruz qaldıqda dəyişilmir, belə ki, brokkoli, kök, yaşıl lobyanın antioksidant fəallığı isə bişirdikdə artır.
Meyvə və tərəvəzlər hüceyrəni oksidləşməyə qarşı qoruyan, qidaların xarab olmasının qarşısını alan və ya gecikdirən birləşmələr olan antioksidantlarla zəngindir. Nar şirəsi bilinən ən yaxşı antioksidantlardan biridir.
Antioksidantlarla zəngin olan qidaların gündəlik qida rasionuna daxil edilməsi sağlamlığımız üçün çox vacibdir. Dərinin sağlam və gözəl olması üçün gün ərzində 3 stəkan yaşıl çay və ən azı 10 stəkan su içmək, hər gün bir alma və ya kivi yemək, çiyələk, üzüm, tut və s. kimi meyvələr, E vitamini ilə zəngin olan fındıq və ya qoz yemək, göyərtilərlə qidalanmaq, həftədə 1-2 dəfə noxud, mərcimək kimi paxlalılarla qidalanmaq, həftədə 2-3 dəfə qırmızı ət, 1 dəfə balıq və gündə 1 yumurta ilə qidalanmaq çox faydalıdır. Aparılan epidemioloji araşdırmalar nəticəsində meyvə-tərəvəzlərlə qidalanmağın yaşlanmağı gecikdirdiyi, ürək-damar, eyni zamanda xərçəng və ağciyər xəstəliklərinin qarşısını aldığı müəyyən edilib. Bu qoruyucu təsiri göstərən birləşmələrin antioksidant xassələrə malik fitokimyəvi maddələrdən qaynaqlandığı müəyyən edilib.
Surə Rəhimova
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru