Naxçıvan Dövlət Universiteti qardaş ölkənin təhsil ocaqları ilə əməkdaşlığı genişləndirir - FOTOLAR
Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı, Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut Naxçıvan Dövlət Universitetində olub.
NUHÇIXAN xəbər verir ki, ikitərəfli görüşdə Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini qeyd edən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib.
Görüşdə elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, idman və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Hər iki universitetin rektorları Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Universitetin İncəsənət fakültəsində olan qonaqlar Azərbaycan - Türkiyə dostluğunu özündə əks etdirən sərgiyə baxıblar, onlar üçün təşkil edilən konsert proqramını izləyiblər. Sonra universitetin Tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültəyə qəbul olan 201 xarici tələbədən 153-ü Türkiyə Respublikasındandır. Qeyd edək ki, universitetin Baytarlıq ixtisası üzrə tələbələri hər il Qars Qafqaz universitetində təcrübə kursu keçirlər.
Səadət Əliyeva