“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları,ixtisas seçimi” mövzusunda keçirilən seminar davam edir
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən aydan start verilən “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda növbəti seminar Babək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan şagirdlər üçün keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, seminarda Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova “2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nubar Abdullayeva “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularında çıxış edərək abituriyentlərə keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı məlumatlar veriblər.
Bildirilib ki, Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.
Tədbirdə həmçinin abituriyentlərə buraxılış və qəbul imtahanlarına səmərəli hazırlıq üsulları, nəticələrə uyğun düzgün ixtisas seçiminin aparılması qaydası izah edilib, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar verilib.